Dünən günün ən ləzzətli xəbəri Düşənbədən gəldi. Dördüncü dəfə Tacikistan prezidenti seçilən Emomali Rəhmonun andiçmə mərasimi keçirilmişdi və cənab Rəhmon əlini kitablara basaraq and içmişdi.
84 faiz səslə yenidən, təkrarən və Fuad Muradov demişkən, bir daha prezident seçilən Rəhmon inauqurasiya mərasimində and içəndən sonra deyib ki, qarşıdakı 7 illik prezidentlik dövründə… xalqı xoşbəxt edəcək.
Bu qaydadır, kasıb ölkələrin prezidentləri əsasən ölkə əhalisinin yoxsulluq səviyyəsinin azaldılmasından, yeni iş yerlərinin açılacağından, danışırlar. Rəhmon da öz təvazökar inauqurasiyasında elə danışıb.
Bilmirəm “qarşıdakı 7 illik prezidentlik” ifadəsinə diqqət yetirdinizmi? Rəhmon daha ağıllı tərpənib, düşünüb ki, ABŞ-dakı kimi dörd ildən bir, yaxud o biri dövlətlərdəki tək 5 il arayla prezident seçkisi keçirməyə, camaatın vaxtını alıb məntəqələrə gətirməyə ehtiyac yoxdur, bir halda ki, həmişə özün seçiləcəksən, ən yaxşısı seçkini yeddi ildən bir keçirməkdir.
Ona görə də, cənab Rəhmon bir də 2020-ci ildə seçkiyə gedəcək. O zaman onun birinci 40 illik müddəti başa çatacaq və əgər Emamali müəllimin canında təpər, könlündə həvəs olsa, ikinci 40 illik üçün namizədliyini verəcək.
Həvəsə qalsa, əlbəttə ki, həvəs mütləq olacaq. Dünya binnət olandan ta bu günə qədər olmayıb ki, padşah olan kəs yenidən seçilməyə həvəsli olmasın. Bəs qədimlərdə vəliəhd-şahzadələr öz əziz-girami atalarını – padşahları niyə zəhərləyib öldürürmüşlər? Ona görə ki, adamın yaşı dirənib 80-ə, amma deyir ki, getmənəm, özüm işləyəcəm. Şahzadələr də fikirləşirlər ki, ey dadi-bidad, bu həvəs ki, bunda var, taxt-tacdan əl çəkəsi deyil, bizim də vaxtımız keçir, bəs necə olsun? Qiyam qaldırmalı deyil, ağsaqqal padşahın üzünə ağ olmalı deyil…
Yaxşı ki, qədim dövrün təbabəti “bəs necə olsun” kimi sualların cavabını verə bilirmişlər. Bir çimdik mərgümüş (Mendeleyevin təbirincə, sink-fosfit) məsələni həll edirmiş. Yaşasın, yeni padşah!
Bax, bu Rahmon da elə olacaq. Əgər onu həmkarı Türkmənbaşı kimi gözlənilmədən yola salmasalar, Tacikbaşı da tacik xalqını xoşbəxt etmək missiyasını öz üzərindən heç yerə atası deyil, işsizliyi ilbəil azaldacaq, ölkə əhalisinin rifahını qaldıracaq.
Siz heç bilirsinizmi, Tacikistanda işsizliyi necə mütərəqqi üsulla azaldırlar? Çox sadəcə. Düşənbə-Moskva, Düşənbə-Perm, Düşənbə – …. qatarlarına bileti bir az ucuz edirlər, əynində şalvar, cibində bilet pulu olan 18-68 yaşlı kişilər cumur “azad ellərdə ömürlük dost ailəsi yaradan möhtəşəm rus diyarı”na. Rusiyada çalışan dost-tanış and içir ki, taciklər olmasa, Rusiyanın şəhərləri zir-zibilin içində batarlar. Deyirlər, taciklər çox təmizkardırlar, bütün şəhərlərdə təmizlik işlərinə özləri baxırlar – bir əllərində xəkəndaz, o birində süpürgə.
Bizimkilər bu sözləri bir az yekəxanalıqla deyirlər. Guya ki, özləri bank sektorunda, incəsənət sahəsində çalışırlar. Amma hər halda, bizimkilərin sektoru ilə taciklərin sektoru bir az fərqlidir, eyni zamanda əlaqəlidir. Çünki bizimkilər alverlərini edib gedəndən sonra yerin-yurdun zir-zibilini məhz cənab Rəhmonun təbəələri yığışdırırlar.
Ona görə də hazırda Rusiyada “qaralar”a qarşı münasibətin dəyişməsi Emamali kişinin də qanını qaraldıb. O hesab edir ki, onun çalışqan camaatı kriminal xislətli azərbaycanlıların, gürcülərin zibilinə düşüb. Tərs kimi, taciklərlə bizimkilər sifətdən çox oxşayırlar, daldabasar yerdə yaxalanan tacik qışqıra-qışqıra “mən tacikəm, azərb deyiləm” deyə milli kimliyini sübut edənəcən, dazbaş gədələr “kakaya raznitsa” deyə-deyə adamı minimum qara tuluğa döndərirlər.
Əlbəttə, cənab Rəhmonun da fəxr edə biləcəyi şeylər var. Məsələn, onun ölkəsinin milli bayrağının sapı dünyada hamınınkından, hətta bizimkindən də 2 metr uzundur. Bütün taciklər bununla qürur duyur. Prezident özü nə qədər təvazökar insan olsa da, milli məsələlərdə sonomiyə (tacik pulu) qızırğalanan deyil. Hətta onun pulu bizimki qədər olsa, Allah bilir, “Alov qülləsi” uç yarpaqlı yox, beş yarpaqlı edər.
Bir də deyirlər, yeni beynəlxalq standartlara görə, bayrağının sapı uzun olan ölkələrdə prezidentlik müddəti də uzun olmalıdır.