Əslində mən bir neçə abzas aşağıda yazacağım pritçanı əvvəllər də yeri gələndə bir-iki dəfə yazmışam, beş-altı dəfə də həmkarlarıma danışmışam. İbrətamiz və maraqlı olduğu üçün bu hekayət xalqımız tərəfindən də sevilir, bunu həmin pritçaya sosial şəbəkədə gələn reaksiyalardan anlamaq olar.
Həmin pritça Qərb dünyasında çox məşhurdur. Hətta oxucumuz Bəhruz Əsədbəylinin yazdığına görə, Almaniyada ibtidai məktəblərdə bu pritçanı dərsdə keçirlər – eynilə bizdəki “Ayı sənə nə dedi”, “Əqrəb və tısbağa”, “Leylək və tülkü” nağılları kimi.
Ancaq mən oxuduğum mənbədə bu rəvayəti Uinston Çorçill Con Kennedinin müharibə vaxtı Londonda səfir olan atası Cozef Patrik Kennediyə danışıb. Ağır illər imiş, müharibə gedirmiş. Hitlerin bütün Avropanı təhdid etdiyi, ümidin gündən-günə azaldığı bir vaxtda ABŞ səfiri və İngiltərə baş naziri oturub dərdləşirmişlər. Kennedi deyib ki, ser, vəziyyət çox pisdir. O, təxminən indi ölkəmizdə dəb olan “nə edəcəyik, nə qayıracağıq” kimi bir ifadə işlədəndə dahi Çörçill bu pritçanı danışıb.
Pritça belədir: “İki qurbağa olur, süd bidonuna düşür, çıxa bilmirlər. Qurbağanın biri ruhdan düşür, əlini saxlayır və gedir bidonun dibinə. O biri çırpınmaqda davam edir, səhərə qədər çırpınır, çabalayır və səhər açılanda artıq yorulur. Bu da əlini saxlayır, ancaq süddə batmır. Məlum olur ki, səhərə qədər südü çalxadığı üçün bidonda yağ əmələ gəlib və bu yağın üstündədir. Beləcə, çalışqan qurbağa atılıb bidondan çıxır”.
Bunu danışan Çörçill səfir Kennediyə deyib ki, ser, bax, mən həmin o çabalayan qurbağalardanam, çox çabalayacağıq, məqsədimizə çatacağıq.
Srağagünkü abunə marafonundan sonra gecə 12 radələrində mən bu pritçanı facebookda yazmışdım, lətifəsi böyüklərimizə dəyməsin, özümüzü, çabalamaqda olan “Yeni Müsavat”ı həmin bidonda həyat mübarizəsi aparan qurbağaya bənzətmişdim.
Heç demə, elə həmin vaxtlarda sosial şəbəkənin bir fəalı da içində qurbağa surəti olan başqa bir lətifə yazıbmış. Sadəcə, həmin fəal mənim dostluğumda olmadığı üçün mən onun yazdığını görməmişəm.
Həmin pritça da təxminən belədir ki, ovçunun yaraladığı maral qaçırmış, qarşısına bir qurbağa çıxır və qurbağa üzünü marala tutaraq gileylənir ki, heç bilmirəm bu ovçular biz marallardan nə istəyirlər. (Anekdot xoşunuza gəldisə, gülə bilərsiniz).
Mənim yazdığım pritçaya gələn şərhlərdən biri beləydi ki, yəqin müəllif “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin düşdüyü durumu nəzərdə tutur. Bu düzgün yanaşmaydı, gerçəkdən süd bidonuna düşən qurbağalardan yazarkən bu iki qəzeti nəzərdə tuturdum.
Qurbağa və maral lətifəsinə gələn şərhlər də ondan xəbər verirmiş ki, onun müəllifi də “Yeni Müsavat” və “Azadlıq” qəzetlərini nəzərdə tutub – sadəcə, müəllif də maral olaraq “Azadlıq”ı, qurbağa qismində isə “Yeni Müsavat”ı qəsd edibmiş.
Olsun. Onsuz da ölkənin vəziyyəti elədir ki, burada marallarla qurbağalara fərq qoymurlar, hamısını təqib edirlər. İstisna yalnız eşşəklər və ceyranlardır, onları təqib edən yoxdur, sadəcə, təyinatları üzrə istifadə edirlər.
Bəzi dostlar isə qeyd etmişdilər ki, qurbağalar süd bidonuna düşmüş olsaydılar, dərd yarıydı, qorxasan su bidonuna düşmüş olalar və ha çabalasalar da ayaqlarının altında bərk bir şey əmələ gəlməyə ki, ona istinad edərək bayıra sıçraya bilsinlər.
Gerçəkdən ən qorxulusu məhz budur. Amma hər halda, bu da əsas vermir ki, qurbağalar təslim olsunlar, nə qədər ki, çabalaya bilirlər, gərək çabalasınlar.
Çabalamayanda olmur. Bu, hələ Çörçilldən də çox-çox qabaqlar yüz dəfələrlə sübut olunub.
Düzdür, bəziləri hesab edirlər ki, yeganə çarə ağlamaqdır, guya ki, ağlamayana pəpə yoxdur, amma bu variant artıq keçmir. Bir var, 2-3 yaşlı uşaq ağlasın, məmə, pəpə istəsin, bir də var, 24 yaşlı yekə cayıl oturub eyni şeyləri istəyə-istəyə zırın-zırın ağlasın. 24 yaşlı gəncin ağlamasına fikir verən olmayacaq, deyəcəklər ki, yekə kişisən, get, çalış, çabala, başını dolandır.
Bir də məsələyə hakimiyyətin yanaşması var, o da hesab edir ki, ölkə mediası qurbağalı gölməçə kimi bir şeydir, bir daş atacaq, səs-küy kəsəcək. Pis iş odur ki, bu gölməçəyə daşı tez-tez atırlar.