İkisi də simsar gəncdir. İkisi də siyasət fəalıdır. İkisi də savadlıdır. İkisi də dünyaya açılmış, Kərbəlayi İsmayıl demişkən, neçə ölkənin torpağını tapdamış adamdır. İkisi də subaydır, enerjilidir. İkisinin də soyadında Hacı kəlməsi var.
Di gəl, indi bu iki siyasi fəal gənc öz aralarında mübarizəyə başlayıblar və bir-birinə qurşaqdan aşağı, toqqadan yuxarı, hətta peysərdən, dabandan, hardan gəldi, zərbələr tutuzdururlar.
Ən pisi odur ki, ikisinin də fan-klubu varmış və fan-klub üzvləri də öz aralarında virtual aləmdə müharibə aparırlar. Mərmiləri də söyüş, təhqirdir.
Yalnız buna sevinmək olar ki, münasibətlərin ayırdetmə prosesi hələlik virtual dünyada, sosial şəbəkələrdə gedir, Allah qorusun, fanatlar qızışıb meydana çıxsalar, onda 102 və 103 xidmətlərinə “gəlin, aparın” məzmunlu zənglərin arası kəsilməyəcək.
Bəs dava nə üstədir? Heç açıb-büküləsi söhbət deyil. Ortada zənən məsələsi var. Müasir gənclərin sevimli ibarəsi ilə desək, gənclər civi üstündə pozuluşblar. Biri Yerevanda erməni qızlarıyla oynayıb, necə deyərlər, stress atıb, kef eləyib, o biri virtual aləmdə başqa bir qıza, müğənni Çelik kimi “gəl yarim ol, sevdalım ol” yazıb – vəssalam.
İndi virtual Kazanova o birinə deyir ki, sən Yerevanda erməni qızları ilə oynamaqla xalqımızın papağını yerə soxmusan. Erməni qızları tərəfindən rəqs meydançasında təklənmiş gənc də deyir ki, sən də millətimizin qızlarına intim münasibətlər təklif etmisən.
Beləcə, ara qarışıb. Ortalıqda toz-duman var. Ha fikirləşirsən ki, görəsən, tərəflərdən hansı haqlıdır, tapa bilmirsən. Bəzən ikisi də haqlı görünür. Bir az zənd eləyəndə, dərinliyə varanda görürsən ki, heç biri haqlı deyil.
Çünki Yerevanda erməni qızlarıyla rəqs etməyə, yeri gəlsə, Qarabağ uğrunda gedən mübarizənin tərkib hissəsi kimi baxmaq, eləcə də virtual aləmdə qızlara girişməyi gələcəkdə yeni bir Azərbaycan ailəsinin qurulmasına cəhd kimi şərh etmək olar.
Burda nə var ki, əli-ayağı, enerjisi yerində olan oynayacaq. Eyni zamanda enerjisi və canı sağlam olan da virtual sevgiləri real həyata daşımağa meylli olacaq.
Amma görün, gənclər nə edir? Elə davranırlar ki, sanki bundan sonra bir daha üz-üzə gəlməyəcək, bir ölkədə yaşamayacaq, eyni məkanda olmayacaqlar. İş, məşhur məsəldə deyildiyi kimi, gəlib çıxıb ölüb-öldürməyə. Hələlik siyasi mənada. O gün oxudum ki, tərəflərdən biri deyir ki, onu məhv edəcəm. O biri də deyir ki, o, bu hərəkəti ilə öz-özünü məhv elədi.
Düzdür, indi gənclər Dədə Qorqud-zad hərləyən deyillər, amma bunlara bir nüfuzlu ağsaqqal lazımdır ki, gələ, bunları qopuza and verə, deyə, qardaş qırğını salmayın, ətrafınızdakı gəncləri bədi-fənaya verməyin.
Əslində, bu sayaq mübarizə aparmaqdansa, onlar öz münasibətlərini iş yoğunlamamış dədə-baba qaydasıyla real həyatda ayırd edə bilərdilər. Açığı belədir ki, real həyatdakı münaqişələrin tam əksəriyyəti heç də davayla qurtarmır. Görə-görə gəlirik. “Bizi aralaşdıranın anası-bacısı belə-belə olsun” deyə söyüş qoyaraq, kolluğun arxasına təkbətək davaya gedənlərin 15-20 dəqiqə sonra barışmış halda qayıtdıqlarını çox görmüşük.
Bu andır virtual aləm isə elədir ki, klaviaturada hərfləri yığmağı bacaran, şəkil əlavə edən, link göndərməkdən baş çıxaran hər kəs şirə dönür, rəqibinin ünvanına 18+ səciyyəli şeylər yazır.
Nəticədə durum belə alınıb. İndi məsələ çox yoğunlayıb.
Ancaq bir oxumuş adam var, deyir, narahatlığa əsas yoxdur, dalaşmayacaqlar, bir azdan barışacaqlar və ola bilər, gələcəkdə eyni blokda təmsil olunub həmsədr-zad da olacaqlar.