Ucqar rayondan “Yeni Müsavat”a ilk gəlişim elə bu günlərdə olmuşdu – düz 15 il əvvəlin qızılı payızında. Ağır basqılara, məhkəmə qərarlarına etiraz olaraq aclıq edən qəzetçiləri ziyarət etmək üçün gəlmişdim. O zaman şəhərin mərkəzində yerləşən redaksiyanın qapısından içəri adlayanda günün birində jurnalistikada olacağım, yaxud bu qəzetdə işləyəcəyim heç ağlımın ucundan da keçməmişdi.
Aksiyaya başçılıq edən baş redaktor Rauf Arifoğlunun otağının üzərinə vurulmuş “Sakit, aclıq aksiyası!” elanı, əməkdaşların ziyarətə gələnlərlə az qala pıçıltılı söhbətləri, bu sakitlikdəcə müşahidə etdiyim olduqca işgüzar mühit indiyədək gözümün önündədir. Tale elə gətirdi ki, növbəti ilin payızında “Yeni Müsavat”da yazmaq dəvətini aldım…
Daha bir il keçdi və həmin ilin payızında yenə də qəzetə basqılara etiraz olaraq keçirilən aclıq aksiyasının dördüncü günündə mərhum Qəzənfər həkimin təkidi ilə aksiyanı dayandırmalı oldum. Zahid Səfəroğlu, Elbəyi Həsənli, Rahib Kazımlı ilə birgə başlamışdıq, sonra Zabil Müqabiloğlu, Mahir Məmmədli də qoşuldu…
Yeri gəlmişkən, günün birində şəhər gəzintisinə çıxan mərhum Heydər Əliyevə sual vermək israrım da qəzetə növbəti basqılarla bağlı olmuşdu… “Qəzetinizə nə təzyiq var, mənim xəbərim yoxdur” cavabını vermişdi.
Sonrakı dönəmdə mətbuata təzyiqlərlə bağlı məsələ ölkə rəhbərliyi səviyyəsində qaldırıldı və günün birində Heydər Əliyevlə Rauf Arifoğlunun tarixi dialoqunun baş verdiyi görüş baş tutdu. 2003-ün payızında həbs olunan liderlərdən biri də baş redaktorumuz oldu və ardınca qərargahsız qoyulduq, ağır şərtlər altında işlədik…
Rauf Arifoğlunun qəzetin yayımına yaradılan problemlərlə bağlı prezident İlham Əliyevə müraciətini görəndə ötən illərin bir sıra məqamları kino lenti kimi gözümün önündən gəlib keçdi. “Sahil” bağındakı aksiyalar, müxtəlif qurumların qarşısındakı piketlər, redaksiyamıza gecə basqını, “nehrəmlilər” adı altında təşkil olunan basqın, qarlı qış günündə Nəşriyyatın qarşısına yığışıb ümidimizi dəfn edəcəyimizi bəyan etdiyimiz hadisə…İllər keçib, zaman dəyişib, ancaq yenə də həmin koordinat, həmin dalğa…
Təsəvvür edin ki, mən “Yeni Müsavat”a gələndə də Səfər Əbiyevin qəzetə qarşı məhkəmələri gedirdi, üstündən 15 il keçib, hətta Əbiyev artıq nazir deyil, yenə də onunla qəzet arasında məhkəmə davası gedir. Bizim məmurlar, generallar erməni məmur-oliqarxlarının Şuşada villa-saraylar tikməsinə dözdü, ancaq ən böyük arzusu Qarabağdan qələbə manşeti vermək olan bir qəzetin tənqidlərini sinirə bilməyib dərhal məhkəmələrə müraciət etdilər.
Hansı ki, bu ölkənin başçısı hansısa qəzet yazısına görə mətbuat orqanını məhkəməyə verməyi özünə rəva bilməyib. Hansı ki, maliyyə yardımı ayrılan qəzetlər sırasında illərdir ki, “Yeni Müsavat” da var. Hansı ki, bu qəzetin əməkdaşları müxtəlif layihələrdə qalib olaraq mükafatlandırılır, prezident sərəncamı ilə tikilən mənzillərin sahibləri sırasında “Yeni Müsavat”çılar da var. Ancaq bu gün hansısa gizli əllər “Yeni Müsavat” da daxil olmaqla bir neçə qəzetin yayımına əngəl törədir, onların metroda satışına qadağa qoyur. Məntiqlə bu addımı atanlar elə prezidentin iradəsinə zidd gedənlərdir. Ancaq hardandır onlarda bu qədər cəsarət, anlamaq olmur. “Yeni Müsavat” illərdir ki, ümummilli qəzet olduğunu, hər kəsə tribuna verməyə hazır olduğunu bəyan edib və prinsiplərinə sadiqdir. İqtidar mətbuatından fərqli olaraq, bu gün bu tribunadan müsavatçı, cəbhəçi, ADP-çi və digərləri ilə yanaşı, istənilən YAP rəsmisi, istənilən məmur da sözünü deyə bilir. Hətta YAP-çılardan biri vaxtilə qəzetə müsahibə verdiyinə görə həmkarı tərəfindən qınananda “mən rəqib komandanın meydançasında oynayıramsa, bunun nəyi pisdir” cavabını vermişdi. Deməli, qəzetə basqı, onun susdurulması həm də hakimiyyətin özünə problem yaratmaq deməkdir. Hələ basqılara veriləcək beynəlxalq reaksiyalardan danışmıram. Sanki kimlərsə xaricdən media düşmənləri hesabatı üçün qəribsəyib, yerin üstündəki basqılardan usanıb indi də yerin altına – metroya keçiblər. Metroda hər şey satmaq, buranı bazara döndərmək olar, təkcə qəzetdən başqa…
Nə qədər qəribə olsa da, “Yeni Müsavat”a növbəti basqı dalğası yenə də qızılı payıza təsadüf edir. İlk baxışdan adama elə gəlir ki, bəlkə də qızıl payız mətbuatın fəsli deyil. Amma axı, bir gerçəklik də var, “Yeni Müsavat” axı elə bir payız günündə – 24 il öncə 10 noyabrda yaradılıb, əvvəlcə Bakıda, sonra da ölkənin hər yerində “samizdat” şəklində əlbəəl yayılıb. On illər keçib, qəzet yenə də az qala gizli yayılmaq məcburiyyətində qalıb, odur ki, əl yayımını genişləndirmək üçün işçi axtarır. Nə olsun ki, paytaxtımızda Avropasayağı press köşklər var, orda “Yeni Müsavat”a yer yoxdur…Müstəqilliyimizdən də öncə yaradılmış, tarix yazmış bir qəzetin kollektivinə 24 illiklə bağlı “təbrik”ə baxın bir…