Yaddaşının meqabaytı böyük olan oxucular xatırlayar, hələ 9 oktyabr seçkisindən əvvəl yazmışdım ki, əslində bu ölkədə seçkini ləğv etmək lazımdır, çünki xalqı xoşbəxt etmir, əvəzində problemlər yaradır.
O sözün üstündə qalıram və onu da müşahidə edirəm ki, həmfikirlərim artıb.
Tam səmimiyyətlə deyirəm, əlimi istənilən müqəddəs kitaba basıb, günəşə, tonqala, “Bulla-dəniz” qaz yatağının alovlarına uzadıb and da içə bilərəm ki, ciddi-ciddi o cür fikirləşirəm.
Bu ölkədə qeyri-müəyyən müddətə qədər bütün seçkiləri ləğv etmək lazımdır – bələdiyyədən tutmuş ta prezident seçkilərinə qədər. Hətta Elmlər Akademiyasındakı seçkiləri də ləğv etmək olar.
Qoy hamı seçkili orqanlarda tutduğu vəzifələrdə ömürlük olsun. Eybi yox, dözərik, qoy Siyavuş Novruzov hələ 10 il də deputat mandatı gəzdirsin, qoy bələdiyyəmizin sədri – adını bilmədiyim o şişman kişi ta pensiyaya çıxıb çənəsi yerə dəyənə qədər işləsin.
Yetər ki, seçki keçirib bizə problem yaratmasınlar, teledebatlarda millətin abırlı adamlarını gicqulu adamlara söydürüb zəhləmizi tökməsinlər, müəllimlərin, həkimlərin olan-qalan hörmətini puç etməsinlər, büdcə təşkilatlarında çalışanları “iş, çörək” şantajına məruz qoymasınlar.
Biz o seçkini neynəyirik ki, onun nəticəsi həmişə eyni cür qurtarır: Əliyev 85 faiz səs alır, Novruzova mandat verirlər, o şişman kişi də pulunu verib öz yerində qalır.
Əvəzində hər seçkidən əvvəl və sonra nə qədər adam tuturlar, nə qədər ofisin qapısını möhürləyirlər, nə qədər iş yerini bağlayırlar, nə qədər adamı ölkəsindən qaçaq salırlar, nə qədər sağlam adamı depressiyaya salır, canından bezdirir, küçədə gedərkən öz-özünə danışanlardan birinə çevirirlər.
Budur, seçkinin ayı tamam olmayıb, amma sırasında bu oxuduğunuz qəzet də olmaqla 4 qəzetin metropolitendə satışını qadağan ediblər. Səbəb də yüzdəyüz seçkiylə bağlıdır. Çünki bu qəzetlər seçkidə 10 namizədin iştirak etdiyini göstərən yazılar verirdilər. Olmazmış. Universitetdə “tramvay altında qalmış üç”lə oxuyan bir namizəd vəkilinin çıxışını vermək lazım imiş.
Srağagün vergi müfəttişləri gəlib “Qanun” nəşriyyatına basqın ediblər. Kənardan baxan deyərmiş, mülki geyimli hökumət adamları kitab istehsal edən nəşriyyata yox, Ayman əz-Zəvahirinin gizləndiyi bunkerə hücum ediblər və adamı diri tutmaq istəyirlər.
Nə olub? Nə baş verib? Vergi yoxlaması aparacaqlarmış. Allah işinizi avand eləməsin, nə aparırsız, aparın, amma xalqın uşağını böyüzm eləməyin.
Səbəb isə yenə seçkidir. “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun böyük qardaşları seçkidə “özlərini yaxşı aparmayıblar”. Bəlkə də VHP sədri Sabir Rüstəmxanlı builki seçkilərə İlham Əliyevin alternativi olaraq qatılsaydı, heç belə olmazdı. Odur, Qüdrət Həsənquliyevə, Fərəc Quliyevə, o birilərinə bir söz deyən var? Yoxdur.
Seçkidən sonra problemlə üzləşən bir qəzetçilər, kitabçılar, müxaliflər deyil. Hakimiyyətin özü də xeyli problemlə üzləşib.
Axı seçki olmasaydı, ATƏT-in uzun və qısamüddətli təmsilçilərinin burada nə işi vardı ki, xoşagəlməz hesabatlar yayaydılar, o da ali sarayın xoşuna gəlməyəydi? Ya Avropa Şurasından, MDB-dən gələnlərin keysinə, feyzinə o qədər pul-para qoymağa nə ehtiyac olardı – seçki olmasaydı?
Odur, deyirlər, nəqliyyat nazirinin oğlu gedib Amerikada bir sürü senator və konqresmenə (hətta ABŞ səfirliyi qürur duya-duya bildirdi ki, Dövlət Departamentinin məsul işçiləri də orda olub) qonaqlıq verib, bir çuval pul xərcləyib. Niyə? Seçkiyə görə. Nazir oğlu o pulu qazanana qədər burda nə zülm-zillət çəkir, amma bir saatın içində apardı itə-qurda xərclədi.
Bu xüsusda ürəkaçan xəbər yalnız Londondan gəlmişdi. Orda bir məmur oğlu seçki qələbəsinə 200 min avroluq şampan partlatmışdı. Vəssalam. Ondan başqa düz bir aydır seçkiyə görə ölkədə qanqaraçılıqdır.
Belə seçkidənsə, Səudiyyə Ərəbistanındakı kimi seçkisiz, problemsiz dövran sürmək gərəkdir. Hamı işini biləcək, hər kəs özünə bir iş, məşğuliyyət tapacaq, əbəs yerə qovqa-nifaq düşməyəcək.
Baxın, heç Səudiyyədə siyasi məhbus da yoxdur. Niyə? Çünki onlar seçib-seçilmirlər, bu məsələni birdəfəlik həll ediblər.