Heç eşitmədim ki, Azərbaycan qazından bəhrələnən hansısa Avropa ölkəsində kimsə dəm qazından boğulub ölsün. Heç bizim qazımızla qızınan qonşu Gürcüstanda da Azərbaycandakı qədər ölüm-itimlərə rast gəlinmir. Ancaq bu gün Azərbaycanda əsl qaz soyqırımı baş verməkdədir. Astaranın Şiyəkəran kəndində baş verən dəhşət soyqırım deyil, bəs nədir?
Bir anlıq göz önünə gətirin: 32 yaşlı ana və 3, 5 və 7 yaşlı üç oğlu artıq dünyada yoxdur. Onlar eyni gündə gözlərini bu həyata əbədi yumub. Ana və balaların yanaşı məzarlarını efirdə görən hansı daş ürəkli bu mənzərəyə laqeyd yanaşa bilər? O uşaqları zavallı ana necə zülm-zillətlə böyüdübmüş görən. Son zamanlar ailə planlaşdırmasından, uşaqların sayının artması zərurətindən çox danışılır. Astarada bir nəsil yer üzündən silindi e, vətənə 3 oğul bəxş edən ANA, vətəni yağılardan qoruya biləcək 3 OĞULun simasında! Faciənin miqyası böyükdür, çox böyük. Bu, bir ailə, bir kənd, bir rayonun deyil, bütövlükdə bu məmləkətin, bu vətənin faciəsidir!
Başqa faciə bilirsinizmi nədir? Ailə başçısı, 31 yaşlı Şahid Qəhrəmanov hadisə baş verən zaman Dağıstanın Xasavyurd rayonundaymış. Kefə getməyib, orda fəhləliklə məşğul imiş ki, üç balasına çörək qazansın. Neft-qaz məmləkətinin, qızıl yataqları, büdcəsinin nəhəngliyi, xarici banklardakı valyuta ehtiyatları ilə öyünən ölkənin vətəndaşının taleyinə baxın, fəhləlik etmək üçün də xaricə üz tutur. Özü də Xasavjurd sakit bir yer deyil, daim çeçen döyüşçülərlə rus hərbçilər arasında toqquşmaların mərkəzinə çevrilən ünvan olub. Azərbaycan kişisi isə öz ölkəsində fəhləlik belə edə bilmirsə, bunun özü də faciədir.
Astaradakı faciə də bizi ayıltmayacaq, buna əminəm. Bir ailənin məhvinə bais olan kimsə cəzalandırılacaqmı, sakinlərə verilən qazın tərkibinə cavabdeh olan hansısa məsul xalqın qarşısına çıxarılıb lənətlənəcəkmi? Çətin! Neçə illərdir belə faciələr davam edir və bizim hər birimiz potensial qurbanlarıq. Hər il payız-qış mövsümündə İran sobalarından, yaxud qaz sızmalarından onlarla insanımız həyatını itirir, ancaq dövlət səviyyəsində tədbir görülmür ki, görülmür. Məsələn, olmazmı ki, Azərbaycan vətəndaşlarına da elə avropalılara satılan qazdan verilsin, qazın tərkibi zəhərdən təmizlənsin ki, bu faciələr günbəgün artmasın? Olmazmı ki, ölkə üzrə hər qaz abonentinə qaz sızmasından adamı xəbərdar edən xüsusi qurğu – hansı ki, ölkədə əksər imkanlılar ondan istifadə edirlər – bağışlansın, yaxud satılsın ki, faciə sayı minimuma ensin?
Astarada baş verən hadisənin üstündən üç gün keçib, ancaq görün məsul şəxslərdən kimsə çıxıb bu faciə ilə bağlı heç olmasa başsağlığı verdimi? Əslində bu sahənin cavabdehləri çıxıb xalqa hesabat verməlidirlər. Ancaq kimdir hesabat verən? Onlar hesabatı xalqa yox, yuxarılara verirlər. Məsələn, hesabat verirlər ki, ölkədə 1 milyon 200 min iş yeri açılıb. Nə olsun ki, kəndlərdə toyuq başı kəsməyə başıpapaqlı qalmayıb, adamlar elə astaralı Şahid kimi Rusiya, İran, ya Türkiyə, Qazaxıstana səpələnib. Məmurlar hesabat verir ki, ölkənin 75-80 faizi qazlaşdırılıb, camaata sırınan qazın keyfiyyəti ilə maraqlanan kimdir. Təki ortada yağlı rəqəmlər olsun.
Neçə müddətdir ki, abortun qadağan olunmasına qarşı cəzaların sərtləşdirilməsindən danışılır. Deyirlər bununla genefondumuza zərbə vurulur, ölkə demoqrafik problemlə üzləşə bilər. Bəs, niyə ondan danışmırlar ki, 3,5,7,10 yaşında oğul-qızlarımız gözümüz görə-görə torpağa gömülür, hərəsi bir bəhanə ilə? Bizə statistik rəqəmlərin yedirildiyi bu günlərdə rəqəmlər qayıdıb uşaqlarımızı “yeyir”. Bu, bir acı gerçəklikdir ki, adamlarımız heç nədən ölür. Kimiləri həkim səhlənkarlığının, kimi yollardakı sürətin, kimi zəhərli qazın, kimi tikintidəki məsuliyyətsizliyin qurbanı olur… O gün Zaqatalanın yuxarı Tala kəndində də bir ailə göbələkdən zəhərlənmişdi. Həkim səhlənkarlığı nəticəsində Balaşovlar ailəsi 8 və 10 yaşlı övladlarını itirdi, ata-ana da ağır vəziyyətdədir. İnsanlar necə gəldi qidalanır, necə gəldi qızınır, nə onları maarifləndirən var, nə qayğısına qalan. Nəticəsini də Zaqatala və Astara qəbiristanlığında gördük – 5 yeniyetmə, gül balamızın məzarlarının timsalında…
…Yəqin astaralı ev sahibi yenidən Dağıstana qayıdacaq. 3 oğul və həyat yoldaşının məzarını düzəltmək, onlara baş daşı qoydurmaq üçün pul-para lazımdır axı…