Gürcüstanda keçirilən 27 oktyabr prezident seçkiləri yəqin Cənubi Qafqazın iki digər ölkəsi üçün nümunə olacaq. Falçılıq kimi çıxmasın, hər halda seçkiöncəsi proseslər, əksəriyyəti gənc olan enerjili namizədlərin coşqulu görüşləri, normal seçki mühiti bu qənaətə əsas yaradır.
Əhalisinin sayı bizdən az olan ölkədə namizədlərin bizdən iki dəfə çox olmasının özü normal yarışın əlaməti sayıla bilər. Hər halda orada prezidentliyə namizədlər 25 saniyəlik efir davası aparmadılar, müxalifət liderinə qarşı cinayət işi açıb onu yarandığına peşman eləmədilər.
Bu mühiti gözlənilməz addımları ilə dünyanın diqqətini çəkən “Gürcüstanın Mişası”, Mixael Saakaşvili yaratdı. İstəsəydi, Konstitusiyaya əl gəzdirib növbəti dəfə kürsüsünün toxunulmazlığını qoruyar, uzun illər hakimiyyətdə duruş gətirərdi. İstəmədi. Hansı ki, ingilis dilini bilirdi, Avropadan, Amerikadan dəstəyi var idi, boy-buxunu da öz yerində. Ancaq Saakaşvili sözünü tutdu, hansı ki, zamanında keçmiş dövlət katibi Hillari Klintona parlamentə demokratik seçki keçirəcəyinə söz vermişdi, onda da vədinə əməl etmişdi, hökuməti əldən verəcəyini, yeni hökumət başçısı İvanişvilinin ona qənim kəsiləcəyini bilə-bilə. Gürcüstanı rüşvət və korrupsiyadan xilas etmək istiqamətində atdığı addımları bəs edərdi ki, tarixə düşsün. Onun dövründə ilk dəfə olaraq ABŞ prezidenti (kiçik Corc Buş) Gürcüstana və regiona gəldi, məhz ordan azadlıqlar istəyən xalqlara mesajını verdi. Mənim ölkəmə isə ABŞ və Avropadan tənqid gəlir…
Ermənistanda top-tüfənglə keçirilən seçki adında məzhəkədən, Azərbaycanda isə “2013-cü ilin biabırçılığı” adı verilən 9 oktyabr seçkisindən sonra qonşu ölkənin demokratiya yolunda daha bir addım atması nə qədər sevindiricidirsə, adamı bir az da mütəəssir edən faktdır. Bundan sonra Gürcüstan bizdən bir az da uzaqlaşacaq, baxmayaraq ki, qapıbir qonşumuzdur, baxmayaraq ki, bizim kimi neft-qaz sərvətlərinə, böyük paralara malik deyil.
9 oktyabrdan bəri Azərbaycanın başına yağmur kimi yağan tənqid yağışı, ölkəmizin aşağılanması adamı vətəndaş olaraq çox incidir. Axı belə münasibətə layiq ölkə və xalq deyildik. Xaricdəki tədbirlərdə müsəlman şərqində ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyini fəxarətlə bildiririk. İndi nə oldu, üstündən az qala bir əsr keçəndən sonra niyə biz irəli yox, geri saymağa başlamışıq? Nədən demokratiya ənənələrindən bəhrələnmək, dünyanın qabaqcıq ölkələri ilə bir sırada olmaq istəmirik?
Bu gün hətta nevə silahına malik olmaq istəyən İranla münasibətlərini normallaşdırmaq xətti götürən ABŞ Azərbaycana qarşı çox sərt siyasət yürütməkdədir. Bunun günahını məntəqə komissiyalarında saxtakarlıq edənlərdən tutmuş qarnında bülleten daşıyan müəllimlərə, həkimlərə qədər hər kəsdə axtarmaq lazımdır. Hakimiyyətin bəzi təmsilçiləri topa-topa bülletenləri qutulara doldurmaqla elə bildilər ki, cənab İlham Əliyevə yaxşılıq edirlər. Əslində isə seçkisonrası situasiya göstərir ki, bununla bəzi hakimiyyət ideoloqları ölkənin birinci şəxsini demokratik dünyanın hədəfinə çıxarıblar.
Kimə lazım idi 85 faiz səs? Guya bu faiz göstəricisi 65, yaxud 56 olsaydı, nə dəyişəcəkdi? Elə isə bu rəqəmi yazanlar ölkə prezidentinə ən böyük pisliyi etdiyinin fərqindədirmi? Gerçəklik budur ki, Azərbaycan dünyadan təcrid vəziyyətə düşüb, Amerikanın ürəyi soyumur, hətta Avropa Şurasının müşahidəçilərini seçkilərlə bağlı müsbət rəy verdiyinə görə sorğu-sula çəkir, Avropa Parlamenti sərt qətnamə qəbul edib, digər beynəlxaql qurumlar təpki verir. Adamda belə təsəvvür yaranır ki, seçki texnoloqlarının məqsədi elə Azərbaycanı dünyadan təcrid eləmək, bu ölkəyə, millətə, həm də hakimiyyətə ən böyük zərbəni vurmaq, onu beynəlxalq miqyasda biabır etmək olub.
Saakaşvili hakimiyyətdən getsə də, Rusiya xaricdə hər yerdə hörmət-izzətlə qarşılanacaq. Hətta Azərbaycanın müxalifəti də ona təkcə Milli Məclisdə Məhəmməd Əmin Rəsulzadəyə olan ehtiramına görə daim rəğbətlə yanaşacaq. Göründüyü kimi, hakimiyyətdən getmək heç də hər zaman faciəli olmur, bəzən gedənlər gedişləri ilə daha böyük hörmət sahibinə çevrilir. Biriləri isə özlərinin mal-mülkünü qorumaq, cinayətlərini ört-basdır etmək üçün liderlərini dünyanın hədəfinə çıxarırlar. Saakaşvili gethagetdə keçmiş prezident Ziviad Qamsaxurdiyaya “Milli Qəhrəman” adı verdi. Əslində bu gedişi onun özünün də qəhrəmanlığıdır. Sağ ol Mişa!