İki il əvvəl Bakıda ermənilərin də qatıldığı kofeli, ləbləbəli tədbiri xatırladım. Aylarca rəsmilər Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini, ümumiyyətlə, ölkəmizin quruma üzvlüyünü hakimiyyətin böyük uğuru, ölkəmizin önəminin Avropa miqyasında təsbiti kimi yozdular. İndi Azərbaycan həmin “uğurlu təşkilat”ın – AvroNestin Parlament Assambleyasında fəaliyyətini dondurduğunu bəyan edir. Nə oldu, yəni bundan sonra bizə uğur-filan lazım deyil?
Qəribəsi odur ki, Azərbaycan hansısa quruma üzv olanda toy-bayram edir, ancaq günün birində hansısa qınağa tuş gələndə “heç bir təşkilat qarşısında öhdəçiliyimiz yoxdur” məntiqi işə salınır. Hansı ki, dünyanın tərkib hissəsi olan hər bir ölkənin üzərinə götürdüyü öhdəliklərə əməl etmək borcu var, ona əməl etməlidir. Üstəlik bu öhdəliklərin yerinə yetirilməsi elə Azərbaycan vətəndaşlarının faydasına, hakimiyyətin və ölkəmizin müsbət imicinin formalaşmasına xidmət edirsə, bunun nəyi pisdir?
Rusiyada azərbaycanlıları yesir gününə qoyublar, biriləri bunun acığını Avropadan çıxır. Gör kimsə Moskvada baş verənlərdən sonra “gəlin etiraz olaraq MDB-dən çıxaq” deyirmi? Demir. Amma əvəzində AvroNest-dən imtina edirlər. Demokratik təşkilatdan çıxmağa nə var ki. İndi də bəziləri SSRİ-nin dirçəldilməsi planına sevincək olub, 2011-ci ilin yazında Azərbaycan Qoşulmama Hərəkatına üzv olanda dedilər Bakı bu addımı daha çox Rusiyanın təzyiqlərindən sığortalanmaq üçün atıb. İndi necə olur ki, bəzi Rusiyapərəstlər ölkəmizin heç bir siyasi və hərbi birliklərə qoşulmayacağı barədə vədlərinin üstündən xətt çəkib Putinin SSRİ-ni diriltmək planında yer almaq arzusuna düşüb? AvroNest Azərbaycandan tələb etmirdi ki, o, müstəqilliyindən imtina etsin. Bu mənada ondan imtinanın məntiqi yoxdur. Daha məntiqli o olardı ki, Azərbaycan onun ərazisini işğalda saxlayan Ermənistanla birgə MDB-də qalıb-qalmamaq məsələsini gündəmə gətirsin.
Avropa Parlamentini hədəfə alıblar. Hansı ki, bu nüfuzlu təşkilat növbəti dəfə erməni işğalını pisləyən sənəd-qətnamə qəbul edib, İrəvanı təcavüzkarlığını pisləyib. Hakimiyyət illərlə böyük paralar xərcləyib hansısa konqresmenin, senatorun, yaxud Meksika parlamentinin Qarabağla bağlı dəstəyini qazananda bunu böyük hadisə kimi təqdim edir. Ancaq Avropanın önəmli qurumunun ciddi sənədini bir kənara qoyub onunla əməkdaşlığı kəsmək istəyir. Səbəbi odur ki, AP eyni gündə 9 oktyabr seçkiləri ilə bağlı sərt sənəd qəbul edərək ATƏT DTİHB-in seçki hesabatını müdafiə edib. Mümkündür ki, AP üzvləri YAP iqtidarının bu sənəddə “erməni izi”ni axtaracağını bildiyindən eyni sessiyada həm seçki, həm də Qarabağ məsələsi haqda sənədi ortaya qoyub və bununla Azərbaycanla heç bir ədavətinin olmadığını isbatlamaq, bütün bəhanələri kəsmək istəyib. Ancaq bunun qarşılığında Avropa ilə əlaqələrin kəsilməsi çağırışlarının eşidilməsi utancvericidir. Avropa ilə əlaqələri kəsib kimin yanına gedirik, 90-cı ildə yanvar qırğınını törədən, Xocalı soyqırımında erməni daşnakları ilə bir yerdə olan, işğalçı Ermənistanın hərbi müttəfiqininmi?
Tarix fərqli formada da olsa, təkrarlana bilər. 1918-20-ci illərdə mövcud olan müstəqil Azərbaycan və müstəqil Ermənistan iki il sonra qırmızı ordu tərəfindən işğal olundu. Ən faciəlisi o idi ki, işğal nəticəsində Azərbaycanın böyük bir ərazisi, Xalq Cümhuriyyəti qurucularının uğrunda döyüşdüyü Göyçə-Zəngəzur zonası da Ermənistana hədiyyə edildi. Azərbaycan bu mərhələdə ya işğalçı Ermənistanla birgə Gömrük İttifaqında təmsil olunub torpaqlarının ilhaqı ilə barışmalı, ya da Avropanın yanında qərar tutub ərazilərini qaytarmaq üçün beynəlxalq birliyin dəstəyini qazanmalıdır. Tarixi şans yaranıb. Ermənistan ağasının yanına getməklə demokratik dünyadan təcrid vəziyyətinə düşüb. Avropa Parlamenti isə bu həssas dönəmdə Bakıya öz dəstəyini təklif edib, Gömrük İttifaqına qoşulan Ermənistanı qəzəbləndirən, Azərbaycanın ərazi bütövlüyünü qəbul edən mövqeyi ilə. Avropa çox şey istəmir, günahsız cəza çəkən dustaqların azad olunmasına, ölkənin normal inkişafına çağırır. Kreml isə Azərbaycanın azadlığına son verməkdə qərarlıdır. Anlaşılandır, Azərbaycan çətin seçim qarşısında qalıb. Bir tərəfdə hikkəli Rusiya, digər tərəfdə Avropa. Ancaq nə qədər çətin də olsa, qərar vermək zamanıdır.