Kəndimizdə bir Xanım nənə vardı. Həyat yoldaşını on illər öncə itirən bu fədakar çoxuşaqlı qadın yüz zəhmətə qatlaşaraq, tütün, üzüm sahələrində çalışaraq övladlarını təkbaşına böyütmüşdü. Sonuncu dəfə iki il öncə kənd qəbristanlığının yanında rastlaşmışdıq. Yəqin ki, həmişəki kimi 1941-45-ci il müharibəsinin iştirakçısı olmuş, Rusiyanın almanlardan təmizlənməsində can qoymuş həyat yoldaşının məzarı başında dayanıb ruhuna salavat çevrimək üçün gəlmişdi…
Hal-əhval tutduq, dua-sana elədi. Dedi ki, bircə narahatçılığı Qubada görədir – 80-ci illərdə, elə əsgərlikdən sonra Rusiyada qalan, ondan sonra bir-iki dəfə kəndə gələn, ayda-ildə anasına məktub yazan oğlunu deyirdi. Sonuncu dəfə anasına söz də veribmiş, gələcək, burda evlənəcək. Yaşı az qala 50-ni haqlayan oğulun toyunu görmək, boyunu doyunca oxşamaq anaya qismət olmadı, keçən il xəbər gəldi ki, bəs, Xanım nənə dünyasını dəyişiib…
Xanım nənənin və onun oğlunun taleyini yaşayan o qədər insanlarımız var ki. Bizim bapbalaca kəndimizin onlarla sakini var ki, gənclik yaşına çatan kimi özləri demişkən, “başını götürüb” Rusiyaya gediblər. Hətta Rusiyada iş başında həlak olan və qara tabutda “qayıdan”, bu gün kənd qəbristanlığında uyuyan, OMON-un qəzəbinə tuş gəlib uzun müddətə həbsə atılan, on illərdir itkin düşən gənclərimiz də var. Hələ bunlar bizim balaca – 50 evlik kəndimizin statistikasıdır. Gör bunu bütün Azərbaycana şamil edəndə hansı nəticə alınır. 700 min də deyirlər, 2 milyon da. Özü də o vətəndaşlarımızın bir çoxu hər seçkidə “səs verir, iqtidarı dəstəkləyir” özləri burda olmasalar da, çünki qeydiyyatdadırlar, 9 milyon yarımın içərisindədirlər.
O gün bir səhnəciyə baxdım, gülməli də olsa, günümüzün reallığının inikasıydı. Borc sahibi həmyerlisindən soruşur: “Qardaş, illər keçir, mənim borcumu nə vaxt qaytaracaqsın?” Borclu cavab verir: “Xalam oğlu Rusiyətdən gələndən sonra”. Borclu qayıdır ki: “Bəs xalan oğlu nə vaxt qayıdır?” Cavab: “Mən pul tapıb ona göndərəndən sonra…” Gülməli olduğu qədər də ağlamalıdır. Firəvan həyat ardıca ailə-uşağını atıb Rusiyanın ucqarlarına səpələnən o qədər soydaşımız var ki, bu gün çarəsiz durumdadırlar.
Bu günlərdə Rusiyadakı soydaşlarımızın başına açılan oyunlara dünya şahid oldu. Adam düşünür ki, bu qədər də talesiz millətmi olar? Göyçə-Zəngəzurdan, İrəvandan didərgin salınıb, Qarabağı işğalda, Təbrizdə haqqı tapdanır, Borçalıda torpağı əlindən alınır, Rusiya küçələrində yesir gününə qoyulur, hansı ölkədən qara xəbər gəlirsə, görürsən orda bir azərbaycanlı soyadı var…Pafosla 50-60 milyon olduğumuzu deyirik, bəs niyə millətimizə sahib çıxmırıq? Nəzərə almırıq ki, hər bir fərdin faciəsinin bizim millətə və dövlətə birbaşa aidiyatı var.
Orxan Zeynalovun anası efirdə oğlunun əlində silah tutmuş əsgərlik şəklini göstərirdi. Yanıb-yaxılan ana deyirdi ki, əgər oğlumu təhqir etməkdə davam etsələr, gedib özünü doğrayacaq, qanını Moskvadakıların üstünə tökəcək. Zavallı ana unutmuşdu ki, heç onun Moskvaya uçmağa bəs edəcək pul-parası da yoxdur. Üstəlik, qan tökməyə öyrəncəli imperiya varisini qanla qorxutmaqmı olar? Çarəsizliyin, vətəndaş olaraq dövlətinə güvənməməyin əlamətidir təbii ki. Bu gün ölkədə sığortası olmayan vətəndaş xəstələnəndə ev-eşiyini, son ümid mənbəyini satıb dava-dərmana verməyə vadar olursa, təbii ki, başına bu cür hadisələr gələndə çıxış yolunu özünü doğramaqda görəcək.
Nəhayət, Azərbaycan dövləti BÖYÜK QAYIDIŞ haqda tədbirlər planını qəbul etməli, yad ölkələrdə yesir günündə olan vətəndaşların ölkəyə dönməsi, burada iş-güc, ev-eşik, ailə sahibi olmasına çalışmalıdır. Bu insanlar həm də Qarabağı qaytara biləcək potensial döyüşçülərdir. Bəlkə də Rusiyada baş qaldıran bu şovinizm meylləri bizim üçün bir şansdır. Əks təqdirdə çox analar gözüyaşlı, ürəyi qübarlı dünyadan köçəcək, çox qızlarımız qarıyacaq, Orxanın taleyini çoxları yaşayacaq. Ayrı vaxt gedənlərimizin qayıdışı inandırıcı görünməzdi, mövcud təhlükə səbəbindən isə bu, daha real görünür. Bir ölkənin ki, qaz yatağında (“Bulla-Dəniz”) avqustun 18-dən bəri hər gün daxili qiymətlərlə 6 milyon manatlıq, dünya bazar qiymətləri ilə isə 16,5 milyon dollarlıq (!!!) qaz yana, ancaq onun yüz minlərlə vətəndaşı yad ölkədə zülüm-zillətlə üzbəüz qala, bax, bu, fəlakətdir…