2013-cü ilin seçki kampaniyası başa çatmaq üzrədir. Sabah “sükut günü”, o biri gün də seçkidir. 3 həftəlik seçki kampaniyası dövründə bu xalq efirdən üfunət qoxuyan çıxışlara, təhqiramiz ifadələr ifraz edən zatların dediklərinə də dözməli oldu. Dözdü ki, bu üfunətin içərisindəki sədəf kimi işaran, göz qamaşdıran, ruhu tərpədən, gələcəyə inamı aşılayan ziyalı-siyasətçi kəlamlarını da yaddaşına yaza bilsin.
Düzdür, çox çalışdılar Azərbaycan xalqı cəmi 23 günə sıxışdırılmış seçki təbliğat-təşviqatından uzaqda qalsın, həqiqətləri, ölkənin gerçək problemlərindən nicat yolları barədə təklifləri, törədilmiş cinayətlərin anonsunu eşitməsin. Ancaq buna baxmayaraq teleçıxışlar diqqətdən kənarda qalmadı, bu günlərdə hara getdiksə, toplumun debatlardan söz açdığının, sakit alim kimi tanınan Cəmil Həsənlinin nə qədər böyük cəsarətlə onu aşağılamağa çalışanlara verdiyi “tele-dərs”dən bəhs etdiyinin şahidi olduq. YAP-ın nümayəndəsi dedi ki, Cəmil Həsənlinin namizədliyinin qeydə alınmasından təəssüflənir. Bəlkə də YAP o anda Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almadığına görə peşman oldu. Yaxşı tanımayıbmışlar professoru…
Ancaq gərək hakim partiyanın özü də Cəmil bəyə “sağ ol” desin, seçicidə seçkiyə maraq yaratdığına, insanlara öz həyatlarına, talelərinə biganə qalmayıb seçki məntəqəsinə gəlməyə stimul verdiyinə görə. Dünənə qədər “nə seçki e, onsuz da istədiklərini seçəcəklər” deyib seçki məntəqəsinə getməyi özünə ar bilən adamlar tanıyıram ki, 9 oktyabr günü seçkiyə qatılacaqlarını deyir. Bu, Azərbaycan vətəndaşında özünəinamı təlqin edən, ümidsizliyə son verən amildir. Rəsmi statistikaya görə, ölkədə intihar halları getdikcə artır, statistikaya baxın, ağsaqqal, ağbirçək, məktəbli, qız-gəlin, əsgər, hətta məktəb direktoru, elmlər doktoru özünü asır, balkondan atır. Bu, ona görə deyil ki, biz kütləvi şəkildə dəli olmuşuq. Düzdür, rəsmi statistikaya görə, ölkədə ruhi xəstələrin sayı da dəhşətli dərəcədə artıb və 121 minə çatıb. Ancaq elə ruhi-psixoloji sarsıntıların, elə bu intiharların da ən birinci səbəbi inamsızlıq, ümidsizlik, depressiya, dəyişikliyin olmamasıdır. Halal seçki həm də vətəndaşlarımızı inamsızlıq, ümidsizlik caynağından qurtara bilər.
Demirəm hamı gedib Milli Şuranın namizədinə səs versin. Hətta Cəmil Həsənli özü də son çıxışında insanları sadəcə seçkiyə gəlməyə, övladlarının gələcəyi naminə bu prosesdən kənarda qalmamağa çağırdı. Qoy Cəmil bəy demiş, “uca xalqımız” istədiyi adama səs versin, özünə layiq olduğunu seçsin. Yetər ki, 9 oktyabr axşamı nəticələr baş-ayaq qoyulmasın, total saxtakarlıqlara əl atılmasın, Azərbaycanı yenə də dünya içində xar edə biləcək seçki cinayətləri törədilməsin. Azərbaycan 2014-cü ilin mayından Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. O tribunaya üzüağ çıxmaq şansını əldən verməyək. Seçki saxtalaşdırılsa, bu, təkcə 2003-cü ildən sonra ilk dəfə prezident seçkilərində iştirak edən aparıcı müxalifəti deyil, bütövlükdə seçicini seçkiyə getdiyinə görə peşman edə biləcək addım olar, onu yenə ümidsizlik girdabına yuvarlayar, depressiya mühitini artırar. Gərginliyin hökm sürdüyü ölkədə təbii ki, cinayətlər də artacaq, avtoqəzalar da, qətllər də, ailə-məişət zorakılıqları və cinayətləri də, intiharlar da. Üstəlik, anormal seçki bizim Qarabağa gedən yolumuzu daha da uzada bilər. Odur ki, səsiniz əmanəti. Səs verək, onu qoruyaq ki, səsimiz dünyaya yayılsın, yüksək tribunalardan səsimiz gəlsin…
Ötən həftə iki görüş-mitinqi müşahidə elədim. İlk müşahidə Sabirabadda, Cəmil Həsənlinin görüş mitinqini dağıtmaq istəyən təxribatçı qüvvələrin rayon stadionuna soxulması, polisin biganə münasibəti və qanın töküldüyü aksiyada oldu. O gün Sabirabad stadionu mənə “balaca Təhrir”i xatırlatdı. Misirdə də qanlı vətəndaş müharibəsi bu sayaq başlamışdı…
İkinci diqqətçəkən məqam isə 5 oktyabrda oldu. Yasamalda, “Məhsul” stadionunda şən əhval-ruhiyyəli, türkülərin oxunduğu, gənclərin Yallı getdiyi mitinq keçirildi, təxribatçılar gəlmədi, polis öz borcunu şərəflə yerinə yetirdi, mitinqçilərə öz həmvətəni kimi baxdı, arada fərq qoymadan. Məni ən çox mütəəssir edən bu idi: polis çavuşu metro pillələrini enə bilməyən, yaşı 80-i haqlayan mitinq iştirakçısının qolundan yapışıb onu aram-aram aşağı endirirdi… “Çox sağ ol, rəis” deməkdən özümü saxlaya bilmədim…