Professor Cəmil Həsənlinin keçirdiyi iki görüş-mitinqi ilə bağlı diqqətimi çəkən təkcə iştirakçıların say artımı deyil. Aksiya iştirakçılarının mitinq məkanına necə doğma münasibət bəsləməsi, meydanı tərk edərkən gənclərin yerə düşən su qablarını belə yığışdırması mitinq mədəniyyətinin getdikcə yüksəlməsinin nümunəsidir. İkinci mühüm məqam isə polis-vətəndaş münasibətindəki müsbət məqamlardır. Meydanın girişindən metro stansiyasına qədər düzülüb yalnız öz peşə borcunu yerinə yetirən polis əməkdaşlarını görəndə adam qeyri-ixtiyari “mənim polisim məni qoruyur” demək istəyir.
Hər zaman belə ola bilməzmi? Niyə biz ayaq basdığımız hər məkana həmin o gənclər kimi münasibət bəsləməyək, yaxud nədən polis hər zaman vətəndaşla bax, elə mitinq günü olduğu tək davranmasın, bu, çoxmu çətindir? Yeri gəlmişkən, Cəmil Həsənlinin təbliğat materiallarını cıran şəxsin saxlanılaraq 25 günlük həbs edilməsi də son günərin nadir hadisələrindəndir. Düzdür, bəziləri ehtimal edir ki, bu, Əli Kərimlinin oğlunun məsələsini arxa plana keçirtmək, bir növ balans yaratmaq niyyətidir. Ancaq hər halda normalda namizədlərə eyni münasbət olmalıdır. Nədən biz küll halında anlamırıq ki, efirdə namizədi, onun tərəfdarlarını təhqir etmək, yaxud seçki təbliğat materiallarını cırmaq sadəcə barbarlığın, vəhşiiyin nümunəsidir. Bir ölkənin ki, dəyərlərindən olan bir ziyalı canlı yayımda təhqir olunursa, dünya bizə heç zaman sayğılı yanaşmayacaq, bizi sivil toplumlardan kənar saxlamağa cəhd edəcəklər. Necə olur ki, Amerika diplomatı Rebecca Vincent ttp://www.azadliq.org/author/93286.html Cəmil Həsənlinin sadəliyinə, intellektinə heyran olduğu üçün ondan ayrılarkən “özünüzdən müğayət olun” xahişini edir, amma minlərlə tələbəsinin olduğu ölkəsində onun ünvanına səslənən təhqir və təhdidlərə bu qədər laqeyd qalırıq. Biz əsrlər öncəki tariximizdən danışanda demirik ki, filan qədər neft-qaz ehtiyatımız olub, deyirik dahilərimiz yaşayıb-yaradıb. Cəmil Həsənli də bu günümüzün dahilərindəndir, onu məhv etməyə susamayaq.
Namizədlərin bir çoxunun çıxışlarına diqqət edin, ilk cümlədəcə Cəmil Həsənliyə hücum edirlər. Ermənistan ordusu işğal olunmuş ərazilərimizdə yenə təlim keçir, bunu yada salan yoxdur, əvəzinə seçkidən sonra müxalifətlə haqq-hesab çəkiləcəyini deyirlə…Xain Ələkrəm Hümmətov ermənilərə qoşulub Azərbaycana barmaq silkələyir, ona fikir verən yoxdur, ancaq Lənkəranın vətənpərvər ziyalısı, dünən 45 yaşı tamam olan Yadigar Sadıqov aylardır türmədə yatırılır. Ermənilərlə döyüşdüyünə görə peşman olduğunu deyən xain Ələkrəmin çürüməli olduğu ünvanda bu gün Qarabağ döyüşçüsü Tofiq Yaqublu girov saxlanılır.
Budur, “The Guardian” qəzeti yenə hakimiyyəti yaş yuyub quru sərib. Fakt budur ki, Azərbaycanda problemlər var – məmur özbaşınalığı, korrupsiya, rüşvətin mövcudluğunu hətta hakim düşərgədə də etiraf edirlər. AXCP sədri Əli Kərimlinin tələbə oğlunu həbs edib onu dərsdən eləmək bu hakimiyyətə çoxmu lazım idi? NİDA-çı gəncləri saxta ittihamlarla içəridə saxlamaq nəyi dəyişirdi? İlqar Məmmədovdan bu sayaq qisas alınması axı onun özündən çox Azərbaycana başağrısıdır. Yaxud dindarların, digər fəal şəxslərin həbsinə təbii ki, ölkə xaricindən kəskin reaksiyalar gəlməli idi, gəlir də. Adamları neçə müddətdir tutublar, heç bir ittiham ortaya qoya bilmirlər ki, məhkəməyə start versinlər. Nəhayət, zindanların qapılarını açmaq məqamıdır. Özü də təkcə müxalifətçilərin yox, Fərhad Əliyevdən Nemət Pənahlıya, Əli İnsanova, Hilal Məmmədova qədər hər kəsin əfvinə qərar vermək lazımdır. O şəxsləri ki, onların həbsi beynəlxalq müzakirə mövzusudur və Azərbaycana problem yaradır.
Həm də münasibətlər sisteminin təzələnməsinə ehtiyac var. Həm də seçkiyə qalan bir həftə ərzində. Əgər bu, olsa, üçüncü dəfə qalib gələcəyi təqdirdə cənab İlham Əliyevin seçkidən sonra islahatlara gedəcəyinə də böyük inam yaranar və ona verilən səslərə ciddi təsir edir. Əks təqdirdə isəEÖlkədəki durumu Avropa da, Amerika da yaxşı görür və bunlar cavabsız qalmayacaq. İnanın, bu qədər günahsız insanın həbsdə olduğu şəraitdə keçirilən seçkiyə beynəlxalq səviyyədə etimad olmayacaq, seçkidən sonra yenə sərt hesabatlar yayılacaq, tənqidlər gələcək. 2003-cü ildə İsa Qəmbərin bir şüarı var idi: “İndi seçim anıdır”. Bu gün o şüar yenə aktualdır, özü də təkcə xalqın yox, həm də hakimiyyətin özünün seçim anıdır. Düzgün qərar veriləcəksə, bu proseslərdən millət və dövlət olaraq uduşla çıxacağıq. Hələ də gec deyil, bəlkə işıq gələn tərəfə gedək..