Medianews.az
 Tofiq Yaqubludan zindan mesajları
107 baxış

Tofiq Yaqubludan zindan mesajları

“Sirus Təbrizli mənə iqtidar barədə elə sözlər dedi ki, bunu müxalifətçilər demirlər ...” 

 

Tofiq Yaqublunun vəkili Nemət Kərimli siyasi məhbus, Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu ilə növbəti dəfə saxlanıldığı istintaq təcridxanada görüşüb. Onun dediyinə görə həmişə olduğu kimi müdafiənin təşkil olunması ilə bərabər ölkədəki ictimai-siyasi vəziyyət haqqında da ətraflı söhbət ediblər. Tofiq Yaqublu Milli Şuranın namizədi  Cəmil Həsənlinin qalib gələcəyinə şübhə etmədiyini bildirib. O, deyib ki, məsələ Cəmil bəyin nə qədər səs toplayacağından yox, müxalifətin və beynəlxalq birliyin saxtalaşdırmaya qarşı necə müqavimət göstərəcəyindən asılı olacaq. Ümid edirəm ki, nəhayət bu dəfə YAP-ın seçki saxtakarlığının qarşısını almaq mümkün olacaq.
 
Vəkil tanınmış alim, ölkənin ən ciddi təhsil mütəxəssislərindən biri olan Əlövsət Osmanlının ölümünün Tofiq bəyə çox pis təsir etdiyini də bildirib: “Tofiq bəy dost münasibətlərində olduğu bu dəyərli insanın yaxınlarına baş sağlığı verib.”
 
Daha sonra Nemət bəyin dediyinə görə Sirus Təbrizlinin ölümü ilə  bağlı onun da yaxınlarına başsağlığı verən Tofiq bəy mərhumla bağlı maraqlı fikirlər bildirib: “Tofiq bəy deyib ki, ünlü köşə yazarı Zamin Hacının bir yazısında Sirus bəyin vaxtilə ona və hakimiyyəti tənqid edən digər müxalif mövqeli yazarlara zənglər etdiyini oxudum. Həbsimdən bir xeyli qabaq Sirus bəy mənə də zəng etmişdi. İqtidarı tənqid etdiyim və onun da adı keçən bir köşə yazımı oxuyub, mənə zəng etmişdi. Rəhmətlik ən azı 30 dəqiqə danışdı. Ranqından asılı olmayaraq hakimiyyətdəkilərin bir çoxunu çox kəskin sözlərlə tənqid etdi. O, elə sözlər işlədirdi ki, bir vaxtlar YAP haqqında dediyi “simasız quldurlar” ifadəsi onların yanında çox yumşaq səslənirdi. Düzü, ona telefonumun dinlənildiyini deməyə utandım. İnsafən o da dediklərinin ictimailəşdirilməsi haqda heç nə demədi. Amma ikimizin arasında olmuş bu söhbəti kənara çıxarmağı düzgün saymadım. İndi onun bu cür zənglərinin olması ictimailəşəndən sonra bu sözləri deməyi özümə rəva bildim. Nigar Yaqublunun məhkəməsində faktla sübut olundu ki, hakimiyyət mənim telefon danışıqlarımı dinləyir və diskə köçürür . Çox güman ki, həmin danışıq da qeydə alınıb. Bunu ona görə deyirəm ki, heç kəs haqqında danışdığım telefon danışığını uydurduğumu iddia etməsin.”
 
 Vəkilin sözlərinə görə müvəkkili ölkə başçısının bu günlərdə bəzi vəzifəli şəxslərin özlərinə təntənəli ad günləri keçirmələri , övladlarına ifrat bahalı toy edərək, xaricdən məşhur müğənni dəvət etməsi barədə tənqidlərindən də danışıb. O, bildirib ki, problem vəzifəli şəxsin bu qədər pulu necə əldə etmələrindədir: “Axı necə olub ki, onlar bu qədər varlanıb, onlara belə imkanı kim verib, şəraiti kim yaradıb? Bəlkə buna görə müxalifət günahkardır? Müxalifət də elə bunu deyir. Deyir ki, 20 illik YAP hakimiyyətində təmsil olunan məmurlar, aparılan “oğurla-tala-dağıt” siyasəti sayəsində hüdudsuz dərəcədə varlanıblar və artıq prezidentin özünün dediyi səviyyəyə gəlib çatıblar. Prezident isə məmurların qanunsuz yolla bu qədər varidat yığmasından narahat deyil. Sadəcə olaraq deyir ki, yığdıqlarınızı xımır-xımır yeyin, səs-küy salmayın. Əgər prezident səmimidirsə o, məmurlarından bu qədər pulu haradan aldıqlarını soruşsun.”
 
Tofiq Yaqublu eyni zamanda vəkil Aslan İsmayılovun siyasi sifariş əsasında qurulan məhkəmədə vəkillikdən məhrum edilməsini Azərbaycan üçün növbəti rüsvayçılıq adlandırıb: “Aslan İsmayılovun yeganə  “günahı”  məhz məmurların qudurğanlığına qarşı mübarizə aparması olub ki, bunu da heç bir iqtidar nümayəndəsi bəyənmir.”
musavat.com

Bizə qoşulun