
Ekspert: “Bizdə təbii süd baha başa gəlir deyə, quru suddən istifadə edirlər”
Azərbaycanın süd və süd məhsullarına tələbatı ilə 3,2 milyon tondur. Ölkədə süd istehsalının həcmi 2010-cu ildə 1,5 milyon, 2011-ci ildə isə 1,6 milyon tondan çox olub. 680 min ton süd və süd məhsulu isə idxal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda adambaşına 170-180 litr süd və süd məhsulu düşür ki, bu da dünya orta normasından (340 litr) 2 dəfə aşağıdır.
Müxtəlif dövlət proqramlarının həyata keçirilməsi ilə bağlı getdikcə südlük istiqamətli heyvanların və təsərrüfatların, həmçinin süd məhsulları istehsalçılarının sayı artır. Lakin bu artım ölkə bazarının tələbatını tam ödəyə bilmir, üstəlik keyfiyyətlə bağlı da müəyyən şübhələr var.
Yerli süd istehsalçılarının və məhsulları ölkəmizə idxal olunan şirkətlərin sayının artmasına baxmayaraq, pərakəndə satışın yarıdan çoxu 2 iri yerli istehsalçının- “Nur Süd” (PalSüd) və “Milk Pro LTD” (Sevimli Dad) payına düşür.
“Nur Süd” şirkətindən bildirdilər ki, bütövlükdə “PalSüd” məhsulları (süd, kefir, ayran, xama, yoğurtlar, pendirlər və s.) yerli süd məhsulları bazarının 2/3-yə yaxınını təşkil edir. “Milla” isə Azərbaycanın yerli istehsal süd bazarının 1/3-ni təmin etdiyini bildirir.
Yerli süd istehsalı getdikcə artan tələbatı ödəyə bilmədiyindən istehsalçılar xammal kimi çox vaxt quru süddən istifadə edir. Yerli istehsalçılar isə bunu eitraf etməyi xoşlamırlar.
“Milla” ticarət nişanının sahibi olan “AzFP Co Ltd” MMC-nin satış müdiri Adil Məmmədzadə deyir ki, hazırda şirkət 60-a yaxın çeşiddə keyfiyyətli məhsul istehsal edir: “Bütün avadanlıqlarımız Avropa istehsalıdır. Biz təbii südlə işləyirik. Qəbələ rayonunda yerləşən fermamızdan hər gün 50 ton süd qəbul edirik. İstehsal prosesində heç bir qatqıdan istifadə olunmur.
“Milla” Azərbaycan istehlakçısının sağlamlıq və gigiyena tələblərini nəzərə alaraq süd məhsullarının istehsalı üçün məhz ultrapasterizasiya istehsal texnologiyasını tətbiq edir. Ultrapasterizasiyanın sirri südün bakteriyalardan tam olaraq təmizlənməsi və onun qablaşdırmaya xüsusi aseptik texnologiyada tökülməsindən ibarətdir.
Bizim üçün adət almış və istiliyə qarşı davamlı olan bəzi bakteriyaların və onların sporlarının yenə də qaldığı pasterizasiyadan fərqli olaraq, ultrapasterizasiya yüksək temperatur 135-137°S altında baş verir ki, bu da bakteriyaların tam məhvi deməkdir. Süddəki bütün faydalı maddələr isə qorunub saxlanılır, çünki emal prosesi cəmi 2-4 saniyə davam edir”.
“PalSüd” markalı süd məhsullarının istehsalçısı, “Nur Süd” Şirkətinin Lənkəranda yerləşən müəssisəsi də quru süddən istifadə etmədiklərini israr edir: “Məhsullarımızın istehsalı prosesində yalnız təbii süddən istifadə olunur. İstehsalatda istifadə etdiyimiz süd Azərbaycanın ekoloji baxımdan ən təmiz regionlarından toplanılır. Ən əsası, istehsal prosesində heç bir konservantdan istifadə edilmir”.
Şirkətin meneceri Ünal Türkayın sözlərinə görə, son vaxtlar Azərbaycanda çiy südün kimyəvi və bakterioloji göstəricilər üzrə keyfiyyətinin aşağı düşməsi müşahidə olunur. Sabit keyfiyyətli məhsulun təchizatçısını tapmaq çətinləşir.
Şirkətin meneceri vurğuladı ki, “NurSüd” Azərbaycanda süd emalı sahəsində beynəlxalq ISO 22000:2005 sertifikatı almış yeganə müəssisədir: “Qapımız bütün istehlakçıların üzünə açıqdır. Hər biriniz istənilən vaxt fabrikimizdə gedən iş prosesini internet vasitəsilə birbaşa izləyə bilərsiniz”.
Hər şeyə rəğmən süd məhsulları bazarında yerli istehsalçılar xarici rəqiblərini sıxışdırıb. Lakin bu üstünlük yalnız qiymətin ucuzluğu baxımından əldə olunub. Yerli südün litri 1 manatdan, xarici istehsal isə 1,5 manatdan başlayır.
Azərbaycanda istehlakçıları qabaqcadan məlumatlandırmadan süd məmulatlarının istehsalında quru süddən istifadə edilməsi qanunvericiliklə tənzimlənməyib. Rusiyada bu problemi tənzimləməyə cəhd göstərilsə də, proses uğurla nəticələnmədi. Belorusda isə dövlət ərzaq təhlükəsizliyi, o cümlədən süd məhsulları istehsalında təbii məhsuldan istifadə ilə bağlı sərt nəzarət tədbirləri həyata keçirir.
İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar məsələlər üzrə eksperti Vahid Məhərrəmov deyir ki, Azərbaycanda süd istehsalı həm həcm, həm də keyfiyyət etibarilə əhalinin tələbatını təmin etmir: “Xaricdən cins mal-qara gətirməklə iş bitmir, burada məsələyə kompleks yanaşılmalıdır. O cinsləri gətirirlər, amma yem problemi yaranır, istehsalda bir çox problemlər var. Azərbaycanda hər inəkdən ildə 1,2-1,3 ton süd sağılır. Bu, dünyada ən aşağı göstəricilərdəndir. Məsələn, Qazaxıstanda hər inəkdən 3,5 ton, Türkiyədə 2,5 ton, İspaniya 6,5 ton, İsraildə 10 ton süd alınır”.
Mütəxəssis deyir ki, Azərbaycanda xaricdən keyfiyyətli süd və süd məhsulları gətirilməsinə daha çox şərait yaradılsa, südün qiyməti aşağı düşər. Daxili bazarı qorumaq məqsədilə buna imkan verilmir. Bu vəziyyət yerli istehsalçılara xeyir gətirsə də, istehlakçıların cibinə zərər vurur. Ölkəmizdə süd və süd məhsullarının qiyməti başqa ölkələrlə müqayisədə yüksəkdir. Halbuki, bizdə orta maaş başqa ölkələrdən aşağıdır”.
Emal müəssisələrinin quru suddən istufadəsinə gəldikdə isə, ekspert deyir ki, inkişaf etmiş ölkələrdə buna imkan verilmir: “Bizdə təbii süd baha başa gəlir deyə, quru suddən istifadə edirlər. Bu yaxınlarda “PalSüd”ün rəhbəri dedi ki, təbii süd baha gəlir, amma bazarda ucuz satmağa məcbur olduqlarına görə, ildə 1 milyon manat zərərə düşürlər.
Bizim müəssisələr südü əhalidən 30-40 qəpikdən yığırlar, amma o südün keyfiyyətini, yağlılığını yerində təyin etmək çətin prosesdir, üstəlik yığılma, istehsal, daşınma və sair xərclər çox olduğuna görə bazarda 1 manatdan yuxarı satış qiyməti əmələ gəlir.
Azərbaycana 20 ölkədən, ən çox Ukrayna, Rusiya və Belorusdan süd məhsulları gətirilir. Onların keyfiyyəti normaldır. Lakin qiymətləri yerli istehsaldan bahadır. Bizim alıcılar da çox vaxt qiymətə fikir verirlər”.
Süd emalı müəssisələrinin südün tərkibindəki bakteriyaları aşkar edə biləcək laboratoriyalara malik olub-olmaması məsələsi ilə bağlı ekspert deyir ki, iri müəssisələrdə belə laboratoriyalar var, amma kiçik müəssisələrin imkanları zəifdir. Südün yararlılıq müddətinin kimyəvi preparatlarla 6 ayadək uzadılmasının nə dərəcədə zərərli ola biləcəyinə gəldikdə, mütəxəssis deyir ki, müasir texnologiyalar normativlərə dəqiq əməl olunduğu şəraitdə südün uzun müddətə zərərsiz şəkildə saxlanmasını təmin edir. Lakin normalara riayət edilmədikdə zərərli ola bilər.
Vahid Məhərrəmov hesab edir ki, südçülük sektorunda vəziyyəti yaxşılaşdırmaq üçün xüsusi proqram qəbul olunmalıdır.
teleqraf.com