“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabını”nın təqdimat mərasimi keçirilib.
Publika.Az-ın məlumatına görə, Türkiyədən tanınmış insanların iştirakı ilə keçən təqdimatda Azərbaycan ziyalıları ilə bərabər, Türkiyənin tanınmış sənətçisi Ajda Pekkan, “Samanyolu” televiziyasının rəhbəri Hidayət Karaca, Türkiyənin Meram bələdiyyə başqanı Sərdar Kalayçı və müavini, Konyanın 6 bölgəsinin bələdiyyə başqanı, “Beynəlxalq Kərkük Kültür Dərnəyi” təşkilatının sədri Şəmsəddin Kuzəçi, Türkiyənin Azərbaycandakı səfirliyinin Kültür və Tanıtma müşaviri Seyid Əhməd Arslan, KKTC-nin Azərbaycandakı təmsilçisi Sadettin Topukçu, KİV nümayəndələri iştirak ediblər.
Əldə olunan bütün gəlir İraq Türkmanı olan və atasız-anasız bir qızın ali təhsil alması üçün “Beynəlxalq Kərkük Kültür Dərnəyi”nə bağışlanıb.
Millət vəkili, dr. Qənirə Paşayeva bildirib ki, kitaba uzun illərdir onun müxtəlif informasiya agentliklərində, qəzetlərdə və jurnallarda dərc olunan “Türk Dünyasını tanıyaq və tanıdaq” layihə çərçivəsində yazdığı geniş məqalələr və yazılar daxildir. Bu çoxcildlik kimi nəzərdə tutulan nəşrin birinci cildi olub, millət vəkili Qənirə Paşayevanın Türkiyənin, Türk dünyasının 6 qədim və önəmli bölgələri Bursa, İznik, Bayburt, Amasya, İsparta və Karabük (Safraqbolu) səfərlərini özündə ehtiva edən, maraqlı həyat müşahidələrinə, tarixi və canlı faktlara əsaslanan publisistik əsərlər toplusudur. Çoxcildlik kitabın digər cildlərinə isə Türk dünyasının qədim və önəmli mərkəzləri, bölgələri haqqında Qənirə Paşayevanın digər məqalələri daxil olacaq.
Millət vəkili bildirib ki, “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası kitabı” və “Türk Dünyasını tanıyaq və tanıdaq” layihəsini həyata keçirməkdə məqsəd gənc nəsillərə Türk dünyasını, oradakı insanımızı, mədəniyyətimizi, ortaq tariximizi daha yaxından tanıtmaq və onlarda sahiblənmə duyğularını daha da gücləndirməkdir. O bu kitabı gənclərin oxuya bilməsi üçün kitabxanalara pulsuz veriləcəyini də deyib və imkansız gənclərin onu kitabxanalardan alıb oxuya biləcəyini söyləyib. Kitab bu gündən artıq “Əli və Nino” kitab mağazaları şəbəkəsində satışdadır. Qənirə Paşayeva kitabın oxuyucuların xoşuna gələcəyinə ümid etdiyini deyib. Kitabın Türkiyədə təqdimat mərasimləri də olacaq.