Medianews.az
Xəyali düşmən: “casuslar”
125 baxış

Xəyali düşmən: “casuslar”

 

Xəyali düşmən: “casuslar”

Bütün avtoritar rejimlər gerçəkdən bir-birinə oxşayır: aşağı-yuxarı eyni leksikondan istifadə edirlər, öz xalqlarına qarşı eyni zorakılığa əl atırlar, eyni şövqlə sərvət ovçuluğu edirlər, yaxın və uzaq xarici eyni şiddətlə pisləyir, qınayırlar.

 

Biz bu cür hərəkətləri öz ölkəmizdə çox görmüşük. Hazırda qardaş Türkiyədə də görürük.

Dünən Türkiyə mediası Loren adlı fransız tələbə qızın İstanbulda başına gələnlərdən yazmışdı. Yazıq qızı döydükləri, qazla zəhərlədikləri yetmirmiş kimi, hələ 5 gün də polis bölməsində nəzarətdə saxlayıblar. 

Loreni casus sayırmışlar, artıq barəsində cinayət işi də qaldırılıbmış. Axırda qızın oxuduğu universitet işə qarışıb, vəkil tutublar, insaflı prokuror asanlıqla ortaya çıxarıb ki, qız casus-filan deyil, tələbə-jurnalistdir, Taksim olaylarına da marağı üzündən qatılıbmış. Bununla belə, yenə onu 5 gün içəridə saxlayıblar.

Ona görə ki, fərman padşahındır. Baş nazir Ərdoğan Taksim müqavimətində xarici güclərin barmağının olduğunu deyibsə, demək, polis, məhkəmə, milli təhlükəsizlik işçiləri onun bu iddiasını isbatlamağa çalışmalıdır. 

Loren və həmin vaxt Taksimin yaxınlığında olaraq, iğtişaşlarda yaxalanan əcnəbi turistlər bu versiyanın qurbanlarıdır. 

Əlbəttə, qısa bir müddətdən sonra məlum olacaq ki, saxlanılan əcnəbilər adi turistlərdir və onları azad edib öz ölkələrinə yola salacaqlar. Həmişə belə olur. Vətəndaşın yiyəsi olan ölkə işə qarışınca, “anlaşılmazlıq olub” deyirlər.

Əslində bu “xarici təhlükə”, “böyük dövlətlərin barmağı” barədə səslənən iddialar sırf təbliğat səciyyəsi daşıyır. 

Avtoritar rejimlər məhz bu cür fikirlər vasitəsilə su üzərində qala, insanların bir hissəsinin hiddətini səngidə, bir hissəsinin gözünü qorxuda, yerdə qalanlarının rəyini çaşdıra bilir. 

Bənzər situasiya ilə qarşılaşan istənilən rejim dərhal “ölkəni böyük dövlətlərin casusları qarışdırır” fikrini səsləndirirlər. 

Misirdə Hüsnü Mübarək də belə etmişdi, dünyanın hegemon dövlətlərinə barmaq tuşlamışdı. Axırda məlum oldu ki, həmin hegemon dövlətlərin istədiyi ən axırıncı şey məhz Mübarəkin dəyişməsidir. Ortaya çıxdı ki, Misiri qarışdıran sırf misirlilərin özünün barmağıymış.

Hazırda Türkiyədə “əcnəbi casuslar”, “yabançı qüvvələrin barmağı” çılğınlığı çox şiddətlidir. Sanki xalqı qızışdırıb küçələrə çıxaran “Gəzi parkı da, Atatürk mərkəzi də söküləcək, gedin nə edirsiniz, edin” sözlərini Türkiyənin baş naziri yox, hansısa xarici kəşfiyyatın təmsilçisi deyibmiş.

Hiss olunur ki, AKP hakimiyyəti olub-bitənlərin bütün günahını xəyali “əcnəbi güc”ün üstünə ataraq, yanlış hərəkətləri ilə xalqı öz üzərinə qaldırdığını etiraf etmək istəmir. Ona belə bir “virtual düşmən” lazımdır ki, özünü toparlaya bilsin.

Yuxarıda dediyimiz kimi, bu, avtoritar rejimlərə xas fənddir və ötən əsrin əvvəllərində də geniş istifadə edilib. Məsələn, Stalin dövründə SSRİ-də on minlərlə insanı Almaniyaya, İngiltərəyə, Türkiyəyə, hətta Yaponiyaya casusluq etmək ittihamı ilə şərləyərək həbs edib, güllələyiblər. Onların sırasında Yer üzündə Yaponiya adlı ölkənin olduğunu bilməyin Cəbrayıl kəndliləri də olub.

Belə iddiaların puçluğunu göstərən ən xarakterik məqam “casuslar”dan, “xarici barmaqlar”dan danışanların heç vaxt öz iddialarını konkretləşdirə bilməmələridir. Onlar deyə bilmirlər ki, ölkəni konkret olaraq hansı dövlətin casusları qarışdırmaq istəyirmiş. Eləcə, ümumi şəkildə danışır, asır, kəsirlər. 

Azərbaycan iqtidarı da bu üsuldan vaxtaşırı istifadə edir, tez-tez müəyyən xarici dövlətlərə, beynəlxalq təşkilatlara, xeyriyyəçi fondlara barmaq uzadırlar. Deputatlar və saray sözçüləri səviyyəsində bir çoxlarının diliylə QHT rəhbərlərinin, müxalifət funksionerlərinin “casus” adlandırılması faktları da vaxtaşırı olur. 

Ancaq nə işdirsə, son illərdə Qərb ölkələrinin casusu olaraq cinayət məsuliyyətinə cəlb edilənlər olmayıb. Hakimiyyət ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq edən fəalları heç vəchlə hüquqi baxımdan ittiham və mühakimə edə bilmir, sadəcə, siyavuşlar səviyyəsində onların bostanına daş atdırırlar. 

Nəhayət, bu isteriyaya son qoymaq gərəkdir. Ya Qərb casuslarını həbs edib günahlarını sübut etsinlər, ya da bu söhbəti birdəfəlik bağlasınlar

Bizə qoşulun