
“Mən danışsam, ara qarışar”
İxtiyar Şirin: “4 iyun məsələsini qurdalasaq, çox mətləblərin üstü açılacaq”
Elçibəy hakimiyyətinin devrilmə şəraiti və səbəbləri yenidən müzakirə mövzusuna çevrilməyə başlayıb. Həmin dövrün olaylarını və cərəyan edən prosesləri yenidən xatırlayan bəzi məlumatlı şəxslər AXC hakimiyyətinin süqutunu daha çox baş verənlərə düzgün reaksiyanın göstərilməməsi ilə izah etməyə çalışırlar. Onların fikrincə, Elçibəy hakimiyyətinin devrilməsinə görə, o dövrdə hüquq-mühafizə orqanlarına və güc nazirliklərinə rəhbərlik etmiş şəxslərin üzərinə də məsuliyyət düşür. Çünki həmin dövlət qurumlarının bəzi yanlış davranışları olmasaydı və qətiyyətli mövqe tutulsaydı, 4 iyun qiyamı qısa müddətdə yatırıla bilərdı.
Elçibəy hakimiyyəti dönəmində milli təhlükəsizlik nazirinin müavini postunu tutan Sülhəddin Əkbər bu cür iddiaları subyektiv mülahizələr hesab edir. Onun fikrincə, həmin hadisələrin üzərindən 20 il keçdikdən sonra indiki dövrün baxışlarıyla dəyərləndirmə aparmaq doğru deyil: “4 iyun qiyamının üzərindən 20 il keçib. İndi bu barədə danışmaq daha asandır. Ancaq unutmaq olmaz ki, həmin dövrdə vəziyyət kifayət qədər fərqliydi. Azərbaycan yenicə müstəqillik qazanmışdı. Dövlət strukturları yenidən qurulurdu. Geniş kadr islahatları aparılırdı. Digər tərəfdən, Azərbaycan Ermənistanla müharibə aparırdı. Ölkə üç tərəfdən düşmən dövlətlərin əhatəsindəydi. Xarici dövlətlərin Azərbaycanda maraqları varıydı və onlar əksər hallarda toqquşurdu. Bəzi xarici dövlətlər öz maraqlarını təmin etmək üçün daxili sabitliyin pozulmasına qədər bütün variantlardan yaralanmağa çalışırdılar. Əslində elə indinin özündə də hər hansı xarici superdövlətin Azərbaycanda sabitliyi pozmaq niyyətinə düşəcəyi təqdirdə, bunu etmək imkanına malik olmamış deyil. Halbuki Azərbaycan artıq 20 ildir ki, müstəqildir və kifayət qədər güclənib”.
Bütün bunları əsas gətirən S. Əkbər hesab edir ki, siyasətlə məşğul olan insanlar 4 iyun qiyamının səbəblərini dəyərləndirməkdən imtina etsələr daha yaxşı olar: “Məncə, həmin qiyamın səbəblərinin dəyərləndirilməsini artıq tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Qoy bundan sonra tarixçilər araşdırsınlar və o dövrdə baş verənlərə tarixi qiymət versinlər”.
AXC hakimiyyəti dövründə Azərbaycanın baş prokuroru vəzifəsində çalışmış İxtiyar Şirin də indi bu mövzunun yenidən gündəmə gətirilməsini yersiz hesab edir. Onun fikrincə, son 20 ildə 4 iyun qiyamı ilə bağlı kifayət qədər çox danışılıb: “Əgər kiminsə, kiməsə nəsə bir iradı varsa, qoy bunu konkret şəkildə desin. Desinlər ki, kimsə vəzifə səlahiyyətlərindən irəli gələn hansısa addımı atmalıydı, ancaq atmayıb. Belə olarsa, iradın ünvanlandığı şəxs də bunu cavablandıra bilər. Ancaq indiki kimi belə ümumi şəkildə ittihamlar səsləndirmək doğru deyil. Bu, daha çox bu məsələnin mümkün qədər ”sulandırılmasına" cəhd göstərməkdən başqa bir şey deyil".
İ.Şirin mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oktay Qasımovun “Yeni Müsavat” qəzetindəki 4 iyun qiyamına həsr edilmiş müsahibəsini izlədiyini də bildirdi: “Mən onun bu mövzuda müsahibə verməsinə heç nə demirəm. Haqqıdır, özü bilər. Ancaq o, həmin hadisələrin birbaşa içərisində olmayıb. Bir çox məsələlərdən dəqiq məlumatı yoxdur, ancaq danışır”.
İ.Şirin onu da vurğuladı ki, haqqında 20 il ərzində təkrar-təkrar danışılmış bir hadisəni bu qədər gündəmdə saxlamağa ehtiyac yoxdur: “Onda gərək mən də bütün bildiklərimi danışam. Ancaq mən indi bütün bildiklərim barədə danışmaq istəmirəm. Əgər mən danışsam, aləm bir-birinə qarışacaq. Çünki bu məsələni qurdalasaq, çox məqamların üstü açılacaq. Məsələn, Surət Hüseynova yardım üçün cinayətkar dəstələri onun yanına kimlərin göndərməsindən danışmaq lazım gələcək. Elələri varıydı ki, ələ keçdikdən sonra qiyamçılara müxtəlif zinyət əşyaları, qızıl verərək özləri aradan çıxmışdılar, ancaq nəticədə onun yoldaşları çətin vəziyyətdə qalmışdılar. Məni bütün bunlar haqqında danışmağa məcbur etməsinlər. Çünki mən indi bu məsələlər haqqında danışsam, ara qarışa bilər və bunu müxtəlif cür yozmağa başlayacaqlar. Ancaq mən o dövrdə yanlış hərəkətlər etmiş adamlar haqqında hələlik danışmaq istəmirəm”.
İ.Şirin 4 iyun çevrilişi ilə bağlı bildiklərini nə vaxtsa ictimailəşdirə biləcəyini də qətiyyən istisna etmədi: “Hələlik belə bir fikrim yoxdur. Ancaq nə vaxtsa, buna ehtiyac yaranacağı təqdirdə, ola bilsin ki, mən də öz bildiklərimi ictimaiyyətin diqqətinə çatdıracam”.