Medianews.az
Cırıq şlanq və “Eurovision”dan qalan baş töhməti
187 baxış

Cırıq şlanq və “Eurovision”dan qalan baş töhməti

Cırıq şlanq və “Eurovision”dan qalan baş töhməti 

Dünən mediada iki xəcalətdoğurucu informasiya vardı. Adam o xəbərləri oxuyur, istər-istəməz xəcalət çəkir, ancaq sonra başa düşür ki, bu, başqasının yerinə çəkilən xəcalətdir və bir az rahat olur. Birinci xəbər bundan ibarət idi.

FHN-in cırıq şlanqı

Ötən gecə paytaxtda yanğın olub, yanğınsöndürənləri çağırıblar, çəni su ilə dolu maşın sirena siqnalı verə-verə, “çəkilin, yol verin” harayı sala-sala hadisə yerinə gəlib. 

Qırmızı maşını görən kimi yanğın yerinə əsasən tamaşaya toplaşmış, yarımaraq-yarıtəlaşla asimana bülənd olan alov dillərinə, qara tüstüyə baxan adamlar dərhal çəkiliblər, “pajarnı gəldi, indi söndürəcək” deyə rahat nəfəs alıblar.

FHN-nin cəsur yanğınsöndürənləri çevik hərəkətlə şlanqlarının dürgəhini açıblar, nərdivanlarını, dəbilqələrini rahatlayıblar, təzyiqli su vuran nasosu qoşublar və briqadanın rəisi əmr verib: “Başlayın”.

Təzyiqli su alov dillərinin üzərinə püskürməkdə olsun, şlanqın cırıqlarından axan su küçəni başına almaqda.

Kənardan baxanlar görüblər ki, bu şlanq və bu cür su şırnağı yalnız qazon sulamağa yarayar. Bununla yanğını söndürmək, bəlkə də olar, amma bir az gec olar. Ta nə etməli, iki daşın arasında şlanqın cırıq yerlərini skotçla yamayası deyildilər ki. Həm də bu, effektli olardımı?

Hanı, bəs deyirdilər, FHN-in maddi-texniki bazası son dərəcə yeni avadanlıqlarla təchiz olunub? Bəs bu nədir? 

Aydındır, rezin şlanqlar təzyiqli suya uzun müddət davam gətirmir, sıradan çıxırlar. Olsun. Bəs yenisini almaq lazım deyil? 

Ölkənin pullarını payız xəzəli kimi ora-bura səpələyənlər bir bunu da düşünsünlər. Məsələn, Madridin “Atletiko” komandasına milyonlar verərək, oyunçulara “Odlar yurdu - Azərbaycan” reklamı yazılmış köynək geydirməkdənsə, Odlar yurdunun odunu, alovunu, yanğınını cırıq olmayan şlanqla söndürmək daha yaxşı olmazmı? 

Demək, təcili şəkildə ölkəyə yeni şlanqlar alınıb gətirilməlidir. Olmasın “Eurovision” yarışmasında iştirak üçün xərclənən yüz milyonların 1 faizi. 

“Eurovision” demişkən, elə ikinci xəcalət doğurucu informasiya da o musiqili yarışma ilə bağlıdır.

Rişxənd dolu baş töhməti

Dünyanın əksər ölkələrində olduğu kimi, qardaş Türkiyənin telekanallarından birində də “Kim milyonçu olmaq istər” adlı intellektual yarışma proqramı yayınlanır. Axırıncı dəfə bu yarışmada ölkəmizlə bağlı bir sual qoyulub.

Sual belə olub: “Eurovision -2013-də ölkəsinin Rusiyaya nədən sıfır xal verdiyinə görə istintaq başladan ölkə hansıdır?” 

Yarışmaçıya dörd cavab variantı təqdim edilib: “Ermənistan, Belarus, Ukrayna və Azərbaycan”.

Ancaq bəxtimizdən yarışmaçı “Eurovison” fanatı olmayıb və cavab vermək üçün xeyli fikirləşib. Bu müddətdə ölkəmizin adı parıldaya-parıldaya ekranda qalmalı olsun, yarışmaçı fikirləşməkdə. Axırda köməkdən istifadə edən yarışmaçı “Azərbaycan” variantını seçərək sualı cavablandırıb və ölkəmizin rişxənd dolu baş töhmətinə malik olduğunu təsdiqləyib. 

Bax, beləcə, ötən il “Eurovison” qalibi olduğumuza görə özünü dünyanın bir nömrəli dövləti elan edən ölkə bu il elə həmin yarışmada özünü axırıncı yerə qoydu və bütün dünya bunu gördü. İndi bizə hətta qardaş ölkənin televizyonçuları da rişxənd edirlər və haqları da var. 

O biabırçı hadisənin üstündən bir ay keçib, elə bilirdik, hər şey unudulub gedib, amma məlum olur ki, yox, heç kim unudulmur, heç nə yaddan çıxmır. Hökumət adamları Rusiyanın qorxusundan özlərinə və ölkəmizə baş qaxıncı gətirdilər. Sanki Rusiyaya “bəli, bizim musiqisevərlər sizin təmsilçiyə səs verməyiblər” demək olmazdı? Mütləq istintaq başlamalı, mətbuat konfransı keçirilməli, xarici işlər nazirləri səviyyəsində danışıqlar getməliydi?

Adam şübhələnir ki, əslində “Eurovision” xalı Rusiyanın umrunda da olmayıb, sadəcə, bunlara xox eləyiblər ki, görsünlər, nə günə düşəcəklər. Budur, özümüzü biabır elədiyimiz rəsmən təsdiqləndi. 

Yeri gəlmişkən, görəsən, türkün sözü, o soruşdurmanın axırı necə oldu? Günah kimin üstündə qaldı, Rusiyaya ağlabatan cavab verildimi? Yoxsa Moskva sırf bu üzdən, “Eurovision”da xal vermədiyinə görə hakimiyyəti dəyişmək istəyir?

Bizə qoşulun