Medianews.az
İki nazirin sensasion dialoqu; Kəmaləddin Heydərov Səfər Əbiyevlə niyə görüşüb?
182 baxış

İki nazirin sensasion dialoqu; Kəmaləddin Heydərov Səfər Əbiyevlə niyə görüşüb?

Hakimiyyət qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar yarana biləcək təhlükə anında öz içərisindən bəzi qüvvələrin ona zərbə vura biləcəyindən bərk narahatdır. Hakimiyyət daxilində bu təlaşla bağlı danışılanlardan, atılan addımlardan, baş verən proseslərdən məlumatlı olan şəxs “Yeni Müsavat”a bu məsələ ilə bağlı bəzi detalları açıqlayıb. Mənbənin sözlərinə görə, hakimiyyət üçün hər hansı təhlükəli vəziyyət yaranarsa, iqtidar komandasında yön dəyişdirəcək yüksək və orta ranqlı məmurlarla bağlı ölkə rəhbərliyində təxminlər var.

Ancaq hakimiyyət həmin şəxslərin bir çoxunun seçim anında müxalifətə meyllənməsini özü üçün son dərəcə təhlükə saymır. Hakimiyyətin əsas narahatçılığı təhlükə anında güc strukturlarının necə davranacağıdır. Bu istiqamətdə güc strukturu sayılan bir neçə qurumla bağlı vəziyyət ali siyasi hakimiyyət üçün aydındır. Güc strukturları arasında ən çox narahatçılıq isə Müdafiə Nazirliyindən və bu qurumun rəhbərliyindəndir.Ölkə rəhbərliyində belə şübhələr var ki, özünü NATO-nun adamı kimi təqdim edən, əslində isə çox sıx tellərlə Rusiyaya bağlı olan SəfərƏbiyevKremlin Azərbaycan hakimiyyətinə qarşı planında rol alan şəxslərdən biri ola bilər.

S.Əbiyevin uzun illərdi Rusiyanın ən yüksək dairələri ilə sıx əlaqələrinin olması ölkə rəhbərliyində belə bir qənaət yaradıb ki, əgər Kreml Azərbaycanda hakimiyyətin dəyişməsi üçün düyməyə basarsa, iqtidardakı adamlarının xidmətindən mütləq yararlanmağa çalışacaq. Eyni zamanda hakimiyyətdə çox gözəl bilirlər ki, S.Əbiyevin Rusiya ilə əlaqələri, müxtəlif zamanlarda iqtidarla Moskva arasındakı vasitəçiliyi indiyədək məhz hakimiyyətin qorunub saxlanmasına xidmət edib. İndi isə Rusiya bu hakimiyyətin getməsini istəyirsə, deməli, S.Əbiyev və Kremlə bağlı olan digər qüvvələrdən məhz bu istiqamətdə istifadə etməyə çalışacaq. Buna görə də məsələni çox ciddiyə alaraq hakim siyasi elita indidən S.Əbiyevi neytrallaşdırmağa çalışır. Amma kardinal addımlar atmağa da ehtiyat edir. Çünki seçkilər ərəfəsində S.Əbiyevin postundan uzaqlaşdırılması həm daxildə – hakimiyyətə ciddi problemlər yaradar, həm də Rusiyanı daha da qıcıqlandırar. Çünki hakimiyyət hələ də ümid edir ki, indiki halda hansısa bir məqamda Rusiya ilə anlaşa bilər. Buna görə də Rusiyanın burdakı adamının qələminin tam qırılması Kremllə dil tapmaq ümidlərini birdəfəlik dəfn edir.

Belə olan halda hakimiyyət S.Əbiyev təhlükəsini sülh yolu ilə həll eləmək variantını seçib. Ancaq məlumatlı şəxs bildirir ki, müdafiə naziri ilə bununla bağlı ilk təmaslardan alınan mesajlar tam rahatlıq üçün əsas verməyib.

S.Əbiyevlə bununla bağlı müzakirələri isə ölkə rəhbərliyi adından fövqəladə hallar naziri Kəmaləddin Heydərov aparıb. Mənbəmiz bildirir ki, uzun illərdir K.Heydərov S.Əbiyevlə küsülü olmasına rəğmən FHN şefi məhz dövlət başçısının adından həmkarı ilə görüşmək istədiyini bildirib. (Bu cür prosedurları, ən müxtəlif əsasları nəzərə alaraq, birbaşa dövlət rəhbəri olan şəxslər həyata keçirmir – Red.) Qaynağımızın iddiasına görə, K.Heydərov S.Əbiyevlə görüşdə ona bildirib ki, ölkə rəhbərliyi Rusiyanın Azərbaycan hakimiyyətinə münasibətindən ciddi şəkildə narahatdır və Moskvanın burda müəyyən planlarının olması barədə məlumatlar var. K.Heydərov deyib ki, Rusiya burdakı planlarını həyata keçirmək üçün uzun illərdi onlarla işləyən S.Əbiyevdən istifadə etməyə çalışa bilər. Fövqəladə hallar naziri MN rəhbərinə prezident adından belə bir xəbərdarlıq çatdırıb: “Rusiyanın Azərbaycanla bağlı məkrli planlarına dəstək vermək, bu planlarda yer almaq dövlətçiliyə, xalqa və hakimiyyətə qarşı böyük xəyanət olar. Və bu xəyanət əsla heç vaxt bağışlanmaz”. Mənbə deyir ki, K.Heydərov həmkarına həmçinin bildirib ki, hakimiyyətin dəyişiləcəyi ilə bağlı ona Moskvadan xəbərdarlıq tipli mesajlar gələrsə, qətiyyən buna inanmasın. FHN başçısı ardınca Əbiyevə vəd də verib. Deyib ki, belə olarsa və iqtidara qarşı hər hansı planda yer almazsa, hələ uzun müddət hakim komandadakı yerini qoruyub saxlayacaq.

S.Əbiyev isə həqiqətən də Rusiya ilə yaxşı əlaqələrinin olduğunu və indiyədək onlarla bütün anlaşmalara hakimiyyətin razılığı ilə getdiyini, bundan sonra da davranışlarının bu çərçivədə olacağını deyib. Eyni zamanda heç zaman hakimiyyətə xəyanət sayıla biləcək hər hansı addım atmayacağını bildirib.

Mənbəmizsə iddia edir ki, iki küsülü generalın “dövlətçilik” söhbətindən K. Heydərov razı qalmayıb və neqativ təəssüratını da ölkə rəhbərliyinə çatdırıb. Kifayət qədər mötəbər hesab olunan qaynağımız onu da xüsusi vurğulayıb ki, FH naziri bu tip görüşləri başqa adamlarla da keçirib: “Rusiya ilə sıx əlaqələri olan bir neçə iri çaplı iş adamı, məmurlar belə bir söhbət prosedurundan keçiblər. Əminlik var ki, K. Heydərov bu söhbətləri birbaşa prezidentin sanksiyası ilə həyata keçirir ”.

Belə bir proses getdiyi bir zamanda hakimiyyət mətbəxindən yaxşı məlumatı olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev parlamentdə belə bir çıxış edir:

“1993-cü ildə Gəncədə hərbi qiyam başlayanda hamımız bilirdik ki, xarici güclər bu qiyamın arxasında dayanmışdılar. Bu gün Müdafiə Nazirliyi rəhbərliyində təmsil olunan şəxslər o zaman da Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunurdu. Ancaq onlar ölkədə sabitliyi qoruya, qiyamın qarşısını ala bilmədilər. Mən sual etmək istərdim, yenə də belə bir təhlükə yaranarsa, onlar Ali Baş Komandanı və dövləti müdafiə edəcəklərmi? Müdafiə Nazirliyi və digər hökumət qurumları milli kadrlarla gücləndirilməlidir”.

Hakimiyyətin S.Əbiyev narahatlığı barədə qeyd etdiklərimizi danışan şəxs deyir ki, Q.Həsənquliyevin parlamentdəki bu çıxışı təsadüfi deyil və müdafiə nazirindən gələ biləcək təhlükənin önlənməsi üçün gedən prosesin tərkib hissəsidir.

Hakimiyyət hazırda ciddi şəkildə S.Əbiyevlə bağlı durumu özü üçün tam aydınlaşdırmağa çalışır. Bu istiqamətdə müəyyən addımların atılması planlaşdırılır.

Hakimiyyət daxilində S.Əbiyevin vəzifədən alınmasını təklif edən qüvvələr də var. Həmin qüvvələr uzun illərdi Müdafiə Nazirliyinin hakimiyyətdəki güclü bir klanın əlinə keçməsinə çalışıblar. Amma S.Əbiyevin gizli kanallarla Rusiyaya, müəyyən kanallarla isə NATO-ya bağlılığı onun vəzifədən alınmasını mümkünsüz edib. Həmin qüvvələr indi S.Əbiyevin vurulması üçün əllərinə gözəl fürsət düşdüyünü hesab edirlər.

Bu mövzu ilə bağlı yazıda adı çəkilən tərəflərin mövqeyini dərc etməyə hazırıq. Eyni zamanda bu istiqamətdə yeni məlumatlar əldə etməyə çalışacağıq.

Bizə qoşulun