Medianews.az
Elşad Abdullayevin itkin düşən qardaşı ilə bağlı şok iddia
143 baxış

Elşad Abdullayevin itkin düşən qardaşı ilə bağlı şok iddia

 

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi “Azadlıq.TV”-yə yeni videolent təqdim edib. ABU-nun rektoru olmuş Elşad Abdullayev tərəfindən komitəyə göndərilən videolentdə MTN-in əməkdaşı İlqar Abbasov və Fikrət adlı şəxsin söhbəti öz əksini tapıb. E.Abdullayevin daha öncə yaydığı videolardan birində İ.Abbasovla danışığı öz əksini tapmışdı.

 

Amma bu dəfə İ.Abbasov özü kimi MTN əməkdaşı, əməliyyatçı olan Fikrət adlı şəxsi (soyadı açıqlanmır-S.T.) də görüşə dəvət edərək, M.Abdullayevin durumunu E.Abdullayevə və söhbətdə iştirak edən digər qardaşı Eldəniz Abdullayevə çatdırır.

Fikrət danışığın ilk dəqiqələrindən etibarən bildirir ki, sözügedən problemi nəyin gücünə olursa-olsun həll etmək lazımdır. Onun bildirdiyinə görə, əsas məsələ lazımi adamlara “xod” tapmaqdır.

İ.Abbasov da həmin məsələni təfərrüatı ilə izah edir: “Bunu 1 il müddətində ya adam vasitəsilə, ya da hansısa yollarla həll etmək lazımdır. Çünki sabah bizdən xaricə məcburi olaraq - özü də üzərinə nəzarət edilməklə - agent göndərirlər. Mən daha öncə bu barədə sizə danışmışdım. Özünə tam hüquqlu işçi edir onu”.

Fikrət isə qardaşlara M.Abdullayevin bu cür işçi olacağı təqdirdə başına gələ biləcəklərdən danışır: “O zaman da adamı elə vəziyyətə salırlar ki, heç eləmədiyin şeyi də boynuna alırsan açıq-aşkar ki, qardaş, bunu mən eləmişəm. Təzə iynələr çıxıb. İynələri vurur özünə, eləmədiyin şeyləri üçqat artıq özün danışırsan. Məsələn, məni indi məcbur eləsələr ki, Elşad müəllimlə görüşdüyümü boynuma alım, bunu etmərəm. Lap döysələr də. Amma həmin iynəni bircə dəfə vursalar, deyəcəm ki, etmişəm”.

İ.Abbasov isə iddia edir ki, M.Abdullayevə iynə vurublar: “İstintaqda da Fikrət müəllim iştirak edib. İçəridə də dindirmə zamanı heç kim onu sıxıb-zad eləməyib. Bütün müsbət rəylər var. Amma indi Fikrət müəllim onu mənə deyir ki, ona iynə vurub halsız hala gətirəndə danışdıqlarını audioya yazıblar. Bunu eləmisən? Hə, eləmişəm. O birini eləmisən? Hə, eləmişəm”.

E.Abdullayev: Özləri “napravit” ediblər?

İ.Abbasov: Ay sağ ol. İndi açıq danışaq. Onlara demək olmaz ki, niyə bunu edirsən? Sadəcə, onlar kiminsə vasitəsilə pul gözləyirlər. Fikrət də deyir ki, hadisədən 3.5 ildən keçib. Pul vasitəsilə, nəsə başqa vasitə ilə onu çıxarmaq olar.

E.Abdullayev isə bu yerdə qardaşının qaytarılması üçün gördüyü işlər, Əli Nağıyevlə görüşləri barədə danışır. Ondan narazı olduğunu deyir. Sonra nazirin yanına getdiyini vurğulayan sabiq rektor Ə.Nağıyevin qəfil və əsəbi davranışlarından qorxduğunu deyir. Fikrətdən qardaşının azadlığı üçün görülə biləcək işlər, ödəniləcək məbləğ barədə soruşan E.Abdullayevə konkret bir söz deyilmir: “Bu məqamda ən yaxşısı nazirin özüdür”.

E.Abdullayevin israrından sonra isə Fikrət ona milli təhlükəsizlik nazirinin sağ əli olan Sahib müəllimlə danışmağı təklif edir: “Ağbaş kişidir. Bu cür məsələləri ancaq o, həll edir. Amma gərək onunla da açıq olasan ki, bu söhbəti deyə biləsən. Ağsaqqal kişidir. Bu haqq-hesabları o baxır”.

“Tap görüm, bu şəkildə Mahir hansıdır”

E.Abdullayev həmin vaxt kollektiv bir foto gətirib Fikrətin qabağına qoyur və ondan xahiş edir ki, həmin fotoda M.Abdullayevi tapıb göstərsin. Fikrət M.Abdullayevi şəkildə tapıb sabiq rektora göstərir.

Daha sonra E.Abdullayev qardaşı barədə Fikrətə bəzi dəqiqləşdirici suallar verir.:

E.Abdullayev: Dindirmə prosesində iştirak etmişdin?

Fikrət: Bəli.

E.Abdullayev: Dindirmədə tərəf var idi?

Fikrət: Əlbəttə.

E.Abdullayev: Şəxsən nazir özü var idi?

Fikrət: Bəli.

“Mahirin adını dəyişib Əhmədov İsgəndər İsfəndiyar oğlu qoyublar”

Söhbətin bundan sonrakı hissəsində isə “qonaqlar” ona etibar edilmədiyini anlayıb, daha çox məlumat verməyə çalışırlar.

E.Abdullayev: Onun adını dəyişiblər?

İ.Abbasov: Bəli. Əhmədov İsgəndər İsfəndiyar oğlu.

E.Abdullayev: Siz onu başqa adla tanıyırsız?

İ.Abbasov: Biz içəridə məxfiliyi bilirik.

Fikrət: Yenə də deyirəm. Onlar istəyirlər ki, Mahiri öz tərəflərinə keçirsinlər. Bir neçə ayın içində bu məsələni həll etmək lazımdır. Bu müddətdən keçsə, o məsələ dərinləşsə, Mahiri keçirəcəklər öz tərəflərinə, işlərini həll edəcəklər. Başqa ölkədə işlədəcəklər. Ondan sonra da qayıtmağı mümkün deyil.

Hər iki əməkdaş bildirir ki, MTN-in tarixində belə şəxslər çox olub. Onların dediyinə görə, heç ailələri daha sonra bu şəxslərin öldüsündən-qaldısından xəbərdar olmur. E.Abdullayev xüsusən üzünü Fikrət adlı şəxsə tutaraq qardaşının başına gətirilən işin səbəbini soruşur. Fikrət isə deyir ki, bu barədə hər hansı məlumatı yoxdur.

“Mahir oğurlanmazdan əvvəl Türkiyəyə aparılıb”

Hər iki şəxslə dəqiqləşdirmə zamanı o da məlum olur ki, M.Abdullayev itkin düşmədən əvvəl Türkiyəyə gedib. Bunun 2003-cü il oktyabrın 13-nə təsadüf edəcəyi versiyası səslənir. Bundan başqa, “qonaqlar” ehtimal edir ki, onu Türkiyədən qayıdandan sonra götürüb MTN-ə gətiriblər. E.Abdullayev dəqiqləşdirmə aparandan sonra məlum olur ki, onu “Banditizm” vasitəsilə aparıblar. 22 gün sonra isə MTN əməkdaşları onu götürüb öz idarələrindən birinə gətiriblər.

E.Abdullayev daha sonra Fikrətdən xahiş edir ki, onu Sahib adlı həmin şəxslə görüşdürsün. Fikrət də bununla razılaşır və bildirir ki, ancaq Sahib müəllim pul məsələsini həll edən bilər: “Qıraqda bir yerdə görüşərik, danışarsız. 70-80 faiz məsələni həll edə bilər”.

E.Abdullayev: Sahib kimdir ki? Vəzifəsi nədir?

Fikrət: Nazirin sağ əli. Bütün məsələlərini o həll edir.

E.Abdullayev: Ofisi hardadır onun?

Fikrət: Ofisini də tanıyıram. Şəhərdədir.

İ.Abbasov isə iddia edir ki, Sahib adlı şəxs çox dəqiq işləyir. Onun sözlərinə görə, bu adam ona M.Abdullayevin qaytarılmasının qarşılığında nə qədər pul veriləcəyini dəqiq deyəcək.

E.Abdullayev Fikrətdən qardaşının yeməyi, səhhəti ilə bağlı soruşur. O da bildirir ki, yeməyi yüksək səviyyədədir. Sabiq rektor qardaşına evdən yemək göndərilməsini təklif edir, Fikrət bunun mümkün olmayacağını bildirir. E.Abdullayev daha sonra Fikrətə “bəs sən ona deyə bilərsən ki, qardaşların bu işlə məşğuldur, səni də tezliklə çıxaracaqlar?” deyə soruşur. Fikrət bunu M.Abdullayevə çatdıracağını bildirir.

“Mahirin əməliyyatında atışma olub, Zahid Dünyamalıyev də orda olub”

E.Abdullayev: Ondan (Mahir Abdullayevdən) bizə məlumat verə bilərsiz?

Fikrət: Yaxınlaşıb söhbət edərik.

E.Abdullayev: Belə də görürsüz onu?

Fikrət: Əlbəttə. İstintaqda da şəxsən özüm görmüşəm onu.

Fikrət deyir ki, şəxsən Sahiblə danışacaq. O da bir kəlmə milli təhlükəsizlik nazirinə bu barədə desə, problem tamamilə yoluna qoyulacaq.

Söhbətin sonlarına yaxın E.Abdullayev Fikrətdən qardaşına salam göndərir. Ona deyir ki, qardaşından onun və Eldənizin ləqəbini öyrənsin. (Bununla da məlum priyomdan istifadə edərək, qardaşının gerçəkdən sağ olub-olmadığını dəqiqləşdirməyə çalışır. S.T.)

Daha sonra Fikrətə M.Abdullayevin saxlanması ilə bağlı keçirilən əməliyyatda kimlərin iştirak etdiyini soruşur. O da bildirir ki, sözügedən əməliyyatda Zahid Dünyamalıyev də olub və əməliyyatı “Banditizm” idarəsi aparıb. Əməliyyatda iştirak edən şəxslərin adını çəkən Fikrət həmin vaxt dava düşdüyünü də yada salır.

Sonda tərəflər anlaşırlar ki, Fikrət E.Abdullayevi Sahib adlı şəxslə görüşdürəndən sonra M.Abdullayevin qaytarılması üçün danışıqlara başlasınlar...

Qəzetimizin ötən sayında E.Abdullayevin istintaqa son olaraq göndərdiyi, montaj olunmamış videolar barədə yazmışdıq. Əldə etdiyimiz məlumata görə, sözügedən videolar çoxdan ekspertizadan keçirilib. Ekspertizanın nəticələri barədə Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanova sorğu ünvanlasaq da, cavab ala bilməmişik. Amma redaksiyamıza daxil olan məlumata görə, artıq ekspertiza keçirilib və videolarda montaj izləri tapılmayıb, onlar sübut kimi qəbul edilib. Bununla belə, E.Abdullayevi nə Arzu Kazımovun, nə də Gülər Əhmədovanın işində zərərçəkən kimi tanımırlar.

 

Qeyd: Növbəti sayımızda M.Abdullayev itən gün onun telefon danışıqları, xüsusən müğənni Mətanət İsgəndərli ilə danışıqları barədə faktlar, habelə E.Abdullayev tərəfindən onların təhlili ilə tanış edəcəyik. Bundan başqa, sabiq rektor sözügedən tarixdə qardaşına gələn şübhəli zənglər və görüş danışıqları barədə də yazıb.

Bizə qoşulun