
Yəqin ki, Türkmənistanın Axaltəkə cinsindən olan atları barədə eşitmisiniz. Bu atların yaxşı qaçması, yaraşığı barədə türkmənlər bəs deyincə danışırlar. Bəs Axaltəkə ilə eyni cinsdən olan Qarabağ atları barədə biz niyə danışmırıq? Bəlkə çoxumuz heç bu barədə bilmirik? Bəlkə heç dünyaya ad salan Qarabağ atlarını tanımırıq. Əgər bu suallara cavabınız təsdiqləyicidirsə, onda bu məqaləni hökmən oxuyun.
Qarabağda başlayan müharibə və çətin iqtisadi durum həmin cinsdən olan atların azalmasına səbəb oldu.
Bu atlar barədə araşdırma aparanlar onu möhkəm, güclü və nəcib adlandırıblar. Əfsanəvi Qarabağ atı nadir və gözəl heyvandır, həm də azərbaycanlılar üçün çox vacib olub. Amma bu gün onun nəslinin kəsilmə ehtimalı var.
Qeyd edək ki, Azərbaycanın atçılıq haqda qanununda deyilir ki, Qarabağ atlar satış üçün ölkədən çıxarıla bilməz. Bu işə birbaşa Kənd Təsərrüfat Nazirliyi nəzarət edir və atların satışı haqda danışmağın hələ tez olduğunu söyləyirlər. Hazırda əsas iş onların çoxaldılması və müdafiəsidir.
Mütəxəssislər bildirirlər ki, Qarabağ atları sakitdirlər, dostcanlıdırlar və ayaqlarını yerə əminliklə basırlar. Onlar dünya rekorduna sahibdirlər - 1 dəqiqə 9 saniyəyə 1000 metr.
İndi isə bir qədər Qarabağ atlarının özü barədə.
Qarabağ ərazisində geniş yayılmış dağ-minik at cinsidir. XVII-XVIII əsrlərdə Qarabağ xanlığında bu at cinsi daha da təkmilləşdirilib. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesb edilir. Hazırda Azərbaycan Respublikasında milli at cinsidir. Qarabağ atının əsas yayıldığı məkan Azərbaycanın Qarabağ zonası olub. Ən yaxşı atlar Şuşa, Ağdam və bu rayonlara yaxın ərazilərdə yayılıb. Bu cinsdən olan atlar Şimali Qafqaza, Don və Rusiyanın cənubunda yerləşən bir çox at zavodlarına da aparılıb. Hazırda “Ərəb”, “Don”, “Budyonnı” kimi məşhur at cinsləri arasında Qarabağ atları da xüsusi yer tutur. Qarabağ atının adi yerişi saatda 8 kilometrdən çoxdur. Eksteryer etibarilə Qarabağ atı tipik dağ minik atıdır. Bu atların əsas yeriş forması çaparaq yerişdir, yerişi geniş və cəld, bütün hərəkətləri çevikdir. Qarabağ atı hündür, çevik, hərəkəti səlis, bədən quruluşu möhkəmdir. Minik atıdır. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödək və hündür duruşludur. Qarabağ atı daha dözümlüdür və yemə qarşı tələbkar deyil. Qarabağ atlarını Qafqazda mövcud olan digər cinslərlə cütləşdirərmişlər. Qarabağ cinsli atlar orta boyu, əzələli, yorğa atdır. Başları balaca, profilləri düzdür. Arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, ayaqları quru, temperamentli, oynaqdırlar. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır. Qarabağ atını başqalarından fərqləndirən əsas cəhət limona çalan, sarı-qızılı, yaxud parlaq narıncı rəngidir. Yalnız Qarabağ atlarına məxsus olan bu orijinal çalardan kürən, qızılı kəhər, qızılı qonur rəngli atlar da yaranıbmış. Xarakterik nişanlarının biri ayaqlarını müxtəlif dərəcədə səkil (ağlıq), alnının təpəl (qaşqa) olmasıdır. Bu nişanlar xüsusən “Ceyran” tipində daha çox təsadüf edilir. Qarabağ atlarının köhnə tipləri “Maymun” (Xoşbəxt), “Qarnıyırtıq” və “Əlyetməz” (Ceyran) adlı ayğırlar nəsli olub. “Ceyran” tipinin boz rəngli qisminə “Gülgün” deyərmişlər.
XIX əsrini ikinci yarısında Qarabağ atının Axaltəkə atı ilə qarışığıdan “Təkə-Ceyran atı” yetişdirilib. Bu atlar hündürboy və yüksək sürətə malik olub. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər onun parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruq tüklərinin ucları qızarmış, tünd-şabalıdı rəngdə olur. Sarı-qızılı, qızılı-qonur rənglər əsasən Qarabağ atlarına məxsusdur. Çox az hallarda kəhər, boz və çal rənglərə də təsadüf olunur.
“Sərdar”, “Sultan”, “Şah”, “Ağalar”, “Divar”, “Meymun” və sair ayğırlardan keçmişdə atlı qvardiya alayının nümunəvi zabit atı kimi istifadə edilməsi, bu atların yüksək iş qabiliyyətini bir daha sübut edir. Eramızdan əvvəl I minilliyə aid Manna dövlətinin mövcud olduğu dövrlərə aid mənbələrdə atlardan artıq geniş istifadə edildiyi, o cümlədən onlardan qoşqu vasitəsi kimi istifadə edildiyi göstərilir.
Manna dövlətinin süqutundan sonra təşəkkül tapmış qədim Midiya, Atropatena və Albaniyada da atçılıq geniş yayılıbmış. Tarixçi Heradot yazır ki, (e.ə. IV əsrə aid) Midiyada Nesey adlanan geniş ərazidə (Xəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə) daha iri, güclü və yaraşıqlı atlar yetişdirilib. Bir çox tədqiqatlardan, tarixi ədəbiyyatlardan, müxtəlif mənbələrdən, habelə, aparılan araşdırmalardan belə qənaətə gəlmək olar ki, Qarabağ atları öz mənbəyini ən qədim zamanlarda regionda mövcud olmuş atlardan, əsas etibarı ilə, Nesey atlarından götürüb. Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf edib ki, onlardan biri türkmənlərin yetişdirdiyi Axaltəkə atları, digəri isə Azərbaycan xalqına məxsus olan Qarabağ atları olub.
XIX və XX əsrlərdə Azərbaycanın yerli Qarabağ və Dilbaz atlarının təkmilləşdirilməsində xüsusilə, Ərəb atlarından geniş istifadə edilib. Lakin o zaman Azərbaycan atları keyfiyyətcə üstün olduqlarına görə, onların gəlmə atlara təsiri daha çox olub. Yerli atlar miqdarca çox və keyfiyyətcə yaxşılaşdırıcı cəhətlərə malik olduqları üçün və yerli şəraitə daha yaxşı uyğunlaşdıqlarına görə gəlmə atlar tədricən assimilyasiyaya məruz qalıblar. Əks halda, Azərbaycanda yerli cinslərin mövcudluğu belə mümkün olmazdı. Bəzi ərəb mənbələrində VIII əsrdə Azərbaycanda artıq islam dininin bərqərar olduğu dövrdə burada qızılı Qarabağ atlarının geniş yayıldığı və ərəb istilaçıları tərəfindən Azərbaycandan 60 min qızılı rəngli atın qəsb edilib Ərəbistana aparılması qeyd olunur.
Tarixi mənbələr sübut edir ki, Qarabağ atı qədim dövrlərdən Azərbaycanda mövcud olmuş yerli atların əsasında uzun təkamül yolu nəticəsində formalaşmış, xalqın əsrlər boyu apardığı yaradıcı xalq seleksiyası sayəsində yaranmış at cinsidir.







