Medianews.az
Sərkisyan Azərbaycan gəncliyindən danışıb
152 baxış

Sərkisyan Azərbaycan gəncliyindən danışıb

Sərkisyan Azərbaycan gəncliyindən danışıb

İşğalçı ölkənin rəhbəri indi də “dərdimizi çəkməyə” başlayıb?

Ermənistan prezidenti Serj Sərkisyan bu ölkənin Təhlükəsizlik Şurasının son toplantısında Azərbaycanla bağlı özünəməxsus fikirlər səsləndirib. Öz çıxışında Azərbaycanın guya yaxın bir neçə ilə çökəcəyini deyən Sərkisyan Ermənistanın hər cəhətdən buna hazır olmalı olduğunu söyləyib.

Sitat: “Ekspertlər yaxın bir neçə ildə Azərbaycan üçün fiaskonun qaçılmaz olduğunu bildirir. O zaman Ermənistan regionda situasiya dəyişikliyinə hazır olmalıdır. Klassik diktatura yolu ilə gedən bu ölkənin hakimiyyəti öz xalqına ermənilərin timsalında düşmən obrazı sırımaqla, haqqımızda ağlagəlməz təsəvvürlər yaratmaqla məşğuldur. Halbuki Azərbaycanda basdırılan ictimai-siyasi və iqtisadi bombalara partlamaq həddindədir, özü də eyni vaxtda və qəfil”.

Sərkisyanın sözlərinə görə, neft və qazın istehsalının düşdüyü şəraitdə Azərbaycan hökuməti əldə edilən vəsaitləri elə sürətlə xərcləyir ki, hətta onun rəqibləri belə bunu planlaşdıra bilməz. “Yalınız müvəqqəti parıltılar - həyata keçirilən siyasətin məntiqi ancaq budur”, - deyə erməni prezident bildirib. Düşmən ölkənin başçısı daha sonra Azərbaycandakı hakim siyasi qüvvəni avtoritarizmin acı “meyvələrini” dadmağa başladığını söyləyib: “Siyasi opponentlərin həbsi, azad mətbuat haqda təsəvvürün olmaması, nəhəng miqyaslı korrupsiya neft dollarların azalması fonunda bu ölkədə özünü ikiqat güclə göstərəcək”.

Sərkisyan Azərbaycan gəncliyi haqda da danışıb. Deyib ki, əgər cəmi iki il əvvələdək Azərbaycan gəncləri qorxur və susurdularsa, bu gün isə kiçik qruplarla da olsa öz sözünü deməyin vaxtı çatdığını müzakirə edirlər: “Sosial şəbəkələr xalqın düşməni elan edilirsə, o gün uzaqda deyil”.

Ermənistan prezidenti Təhlükəsizlik Şurasında çıxışının bir hissəsini niyə Azərbaycandakı vəziyyət həsr eləməsinə aydınlıq da gətirib: “Ona görə ki, bu ölkənin hakimiyyəti öz xalqının rifah problemləri ilə məşğul olmaq əvəzinə bizim yaralarımızı sağaltmağa girişib və bizə öyüd-nəsihət verməyə çalışırə...”

Qeyd edək ki, düşmən də olsa, əfsuslar olsun ki, Sərkisyanın yuxarıdakı fikirlərinin bir çoxu daxili auditoriyaya ünvanlanmaqla yanaşı, beynəlxalq insan haqları təşkilatlarının, Dünya Bankı və nüfuzlu iqtisadi analiz mərkəzlərinin ölkəmizlə bağlı qiymətləndirmələri ilə üst-üst düşür. Gör ölkəmizdə siyasi həbslər, təqiblər, korrupsiya, milli sərvətlərin ədalətsiz bölüşdürülməsi hansı həddə gəlib ki, Xocalı hərbi canisi də bunu ölkəmizə irad tutur, guya dərdimizi çəkir.

Ötə yandan nə edəsən ki, Azərbaycan siyasi-iqtisadi azadlıqların vəziyyətinə, korrupsiya göstəricisi və media indeksinə görə son illər mütəmadi olaraq dünyanın qara siyahlılarında yer alır, sıralamada isə Ermənistanla aramızda daim əhəmiyyətli məsafə qalır - qonşu ölkənin xeyrinə təbii ki.

Məsələn, “Freedom House”n son illər açıqladığı illik hesabatların hamısında Azərbaycan azad olmayan, Ermənistan və Gürcüstan isə qismən azad ölkə kimi təqdim edilib. Bu da o deməkdir ki, ümumbəşəri dəyərlər ölkəmizdə daha bərbad gündədir, seçkilər Azərbaycanda daha çox saxtalaşdırılır, nəinki qonşu ölkədə.

Azərbaycanda son illər hökumət müxalifətin normal yerdə hətta sosial tələbli piketinə də şərait yaratmayıb. Teleefir müxalif fikrə illərdir qapalıdır, opponentlər, siyasi xadimlər (Tofiq Yaqublu, İlqar Məmmədov), fəal gənclər, din xadimləri indinin özündə - seçki ilində belə ən ağlagəlməz üsullarla təqib və həbs edilir, ölkənin beynəlxalq imicinə yeni-yeni yaralar vurulur.

Düşmənə qətiyyən tərif kimi çıxmasın, amma axı dünya görür ki, qonşu ölkədə müxalifət istənilən an İrəvanın mərkəzində mitinq, aksiya, yürüş keçirir, piketlər adi haldır. Elə son prezident seçkilərindən sonra Raffi Ovannisyan günlərlə paytaxtın mərkəzində, digər şəhərlərdə kütləvi aksiyalar təşkil elədi, Sərkisyan onunla səmimi şəkildə görüşsə də iqtidara dişinin dibindən çıxanı dedi.

Və ya əsgər ölümü ilə bağlı İrəvanda keçirilən son icazəsiz və izdihamlı aksiyanı, müdafiə naziri Ohanyanın etirazçıların içinə gələrək, onlardan üzr istəməsi, ölən əsgərin valideyninin əlindən öpüb onun qarşısında baş əyməsini götürək. Azərbaycanda isə ünlü müxalifət lideri Bakıdan Lənkərana öz partiyadaşları ilə qapalı məkanda belə görüşə gedə bilmir...

Sözü ona gətiririk ki, düşməni qiymətləndirməli və ondan tək hərbi yox, həm də demokratik cəhətdən üstün olmalıyıq. Əks halda, üstün hərbi qüdrətimizin dəyəri olmayacaq. Ən azı, gözlədiyimiz kimi olmayacaq... 

Bizə qoşulun