
Hakimiyyət daxilində yeni repressiya ssenarisi hazırlanır. Bu dəfə repressiyalar məmur korpusunu əhatə edəcək. Hakimiyyət “antikorrupsiya” tədbirləri adı ilə bəzi iri ranqlı məmurları həbs etmək niyyətindədir. Həbslərə siyasi çalar verilməməsi üçün ssenari “antikorrupsiya” kampaniyası çərçivəsində keçiriləcək. Bu barədə saytımıza mötəbər mənbələrdən məlumat verib.
Mənbənin sözlərinə görə, hakimiyyətin qara siyahısında bəzi icra başçılarının, nazir müavinlərinin adı var: “Hətta nazirlərin qurban getməsi də istisna deyil. 2005-ci ilin oktyabrında yüksək ranqlı məmurların – iqtisadi inkişaf naziri Fərhad Əliyevin, səhiyyə naziri Əli İnsanovun, Preziden Aparatı işlər idarəsinin müdiri Akif Şahverdiyevin, “Azərikimya” Dövlət Şirkətinin prezidenti A.Muradverdiyev və başqalarının həbsi ilə bitən ssenari bu yaxınlarda işə düşəcək. İndiki ssenarinin özəlliyi budur ki, bu dəfə məmurlar dövlət çevrilişinə cəhddə yox, yalnız korrupsiyada ittiham ediləcək”.
Qaynaq iddia edir ki, qara siyahı xüsusi xidmət orqanlarının siyasi rəhbərliyə təqdim etdiyi hesabat əsasında hazırlanıb: “Hesabatda Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olan məmurlar barədə dosyelər yer alıb. Söhbət qonşu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən və Rusiyanın mümkün təxribat layihələrində iştirakı gözlənilən məmurlardan gedir. Rusiyanın Azərbaycana təzyiqlərinin artması fonunda yerli xüsusi xidmət orqanlar belə qənaətə gəlib ki, bu şəxslərin yüksək postlar tutması hakimiyyətin təhlükəsizliyi baxımından yol verilməzdir. Xüsusilə də sərhəd bölgələrində yerləşən rayonların icra hakimiyyətlərinin başçıları, bəzi güc strukturlarında və bəzi iqtisadi yönlü nazirliklərin rəhbərliyində təmsil olunan bəzi şəxslər qara siyahıya daxil edilib. Hakimiyyət onların Rusiyanın ölkədə həyata keçirə biləcəyi pozuculuq layihələrinə maliyyə və texniki dəstək verməsindən ehtiyatlanır. Ona görə də “antikorrupsiya” dalğasında bu məmurlarla üzülüşmək qərarı verilib. Eyni zamanda hakimiyyətin bu ssenaridən “korrupsionerlər həbs edilir” tezisi ilə daxili təbliğatda faydalanması gözlənilir. İndiyə kimi anti-korrupsiya çərçivəsində həbs edilən ən yüksək rütbəli məmur idarə rəisi statusunda olub. Bu həbslər isə “iri korrupsionerlər də həbs edilir” tezisinin dövriyyəyə buraxılmasına əsas verəcək. “İri korrupsionerlər də həbs edilir” tezisinin hakimiyyət namizədinin seçki dövründə əsas təbliğat tezislərindən biri olacağı şübhə doğurmur”.
Mənbə bildirir ki, prezidentin regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurları hədələməsi və antikorrupsiya tədbirlərinin davam edəcəyini xüsusi vurğulaması bu ssenarinin başlanğıcı idi. İndi xüsusi xidmət və hüquq-mühafizə orqanları qara siyahıda olan məmurlarla bağlı əməliyyat tədbirləri keçirirlər. Bu yaxınlarda ssenari tam şəkildə işə düşəcək”.
Mənbə bildirir ki, siyahıya təkcə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər yox, həm də hakimiyyət daxili müxalifətin təmsilçiləri daxildir. Bu “təmizləmə əməliyyatı” Rusiya və Qərbin hakimiyyətə təzyiqlərinin artması fonunda qaçılmaz zərurət kimi ortaya çıxıb. İndi hakimiyyət mərkəzdənqaçma meyllərinin yaranmasından ehtiyatlanır. Üstəlik də müxalifətin Milli Şurada toparlanması və vahid güc mərkəzi kimi seçkiyə getməsi bu narahatlığı daha da artırıb. YAP-ın avqustda nəzərdə tutulan qurultayının 2 ay ertələnməsi də bu narahatçılıqdan qaynaqlanır. Hakimiyyət iyunun 7-də YAP-ın seçkidə iştirak edəcək namizədini rəsmən elan etməklə siyasi elitadakı qeyri-müəyyənliyə indidən son qoymağa, bütün resursları seçki ərəfəsində səfərbər etməyə çalışır. Yəni hakimiyyətin seçkidə başqa namizədinin olacağı ilə bağlı şayiələrə rəsmən son qoymaq üçün qurultay 2 ay ertələnib. Seçkiyə qədər isə komandanın arzuolunmaz məmurlardan təmizləmək planlaşdırılır. Görünür, hakimiyyət seçkinin gərgin keçəcəyinin fərqindədir və önləyici tədbir kimi daxili müxalifəti zərərsizləşdirmək niyyətindədir.
Əli HÜSEYN