Medianews.az
Milli Şura ətrafında gərgin müzakirələr
136 baxış

Milli Şura ətrafında gərgin müzakirələr

 

Milli Şura ətrafında cərəyan edən hadisələr hazırda gündəmin əsas mövzularından biridir. Demokratik qüvvələrin Milli Şurası 28 may tarixində elan olunsa da, onun tərkibi və bəyannaməsi hələ ictimaiyyətə təqdim olunmayıb. EL hərəkatının rəsmiləri Milli Şuranın 100 nəfərlik siyahısının bu həftə açıqlanacağını bildirsələr də, təmsilçilərlə razılıq məsələsində problemlər tam həll olunmayıb.

 

EL hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev qurumun bəyannaməsinin və tərkibinin indiyədək elan olunmamasının texniki problemlərlə bağlı olduğunu bildirib: “Düşünürəm ki, lap yaxın zamanlarda konkretlik olacaq. Əldə etdiyim məlumata görə, bu barədə konsensus əldə olunub. Texniki məsələlər qalıb. Siyahının nə zaman açıqlanacağına gəlincə, vaxtı deməyə çətinlik çəkirəm. Çox istərdik ki, bu həftə ərzində açıqlansın. Ciddi problemlər yoxdur”.

 

İyunun 3-də məlumat yayıldı ki, Milli Şuranın 2013-cü il prezident seçkilərində namizədi “Turan” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyev ola bilər. Məlumatda deyilirdi ki, M.Əliyevin vahid namizəd olma ehtimalını gücləndirən amillərdən biri onun Qərbə və Qərb dəyərlərinə yaxın biri olmasıdır. Bu halda Milli Şura üstündə “Rusiya kölgəsi” də aradan qalxmış olacaq.

 

Mehman Əliyev isə aznew.az-a deyib ki, prezident seçkilərində müxalifətin vahid namizədi olması ilə bağlı təklif ona hələ 2006-cı ildə də gəlib: “Mənə o vaxt da 2008-ci il seçkilərində müxalifətin vahid namizədi olmaq təklif edilmişdi. Ancaq sonradan müəyyən məsələlər alınmadı və sonda müxalifət, ümumiyyətlə, seçkini boykot etdi. Milli Şura daxilində vahid namizədlik üçün kifayət qədər layiqli adamlar var, ancaq bu iş mənə tapşırılacağı təqdirdə də məsuliyyəti üzərimə götürməyə hazıram. Əgər ümumi maraqlar üçün bu lazımdırsa, mən bu yükün altına girə bilərəm”.

 

İyunun 3-də Milli Şura adı ətrafında ən ciddi hadisə isə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının açıqlaması oldu. A.Hacılı aznews.az-a açıqlamasında Milli Şurada olmayacağına işarə edib: “Mən bir müddətdir ki, Milli Şura ətrafında gedən müzakirələrdən uzaq qalmışam. Ancaq izlədiyim qədəri ilə deyə bilərəm ki, yaşanan proseslərlə bağlı nikbin deyiləm. Mən Rəsulzadə-Elçibəy ideyalarını seçmiş, xalqın gələcəyi üçün məsuliyyət daşıyan adamam. Buna görə də hansısa qurumda kimlərlə birlikdə təmsil olunmaq mənim üçün əhəmiyyətlidir. Bunun məsuliyyətini daşıyıram”.

 

A.Hacılı deyib ki, Milli Şurada nəyin bahasına olur-olsun hakimiyyətə gəlməyə çalışan şəxslər var və o, bu məsələlərdə iştirak etmək istəmir. Bu sözləri ilə Milli Şuranın Rusiya proyekti olduğuna eyham vurub-vurmadığı bağlı suala isə A.Hacılı belə cavab verib: “Mən heç nəyə eyham vurmaq niyyətində deyiləm. Ancaq yenə deyirəm, mən özümü Azərbaycan xalqının gələcəyini düşünən və bunun üçün məsuliyyət daşıyan adam hesab edirəm. Buna əsasən də qərarlarımı qəbul edirəm”. Müsavat rəsmisi deyib ki, Müsavat Partiyasından Milli Şurada kimlərin təmsil olunacağı ilə bağlı məlumatı yoxdur: “Partiya daxilində bu məsələ ətrafında müzakirələrdən xəbərsizəm. Bir müddətdir, şəxsi işlərimlə bağlı, həmçinin ölkədən kənarda olduğum üçün müzakirələrdən uzaq qalmışam”.

 

A.Hacılının bu bəyanatı ciddi reaksiyaya səbəb olub. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, Arif Hacılı partiya mövqeyindən çıxış etməyərək öz şəxsi mövqeyindən çıxış edir: “Müsavat başqanı İsa Qəmbərin Milli Şura ilə bağlı mövqeyi məlumdur. O, bu qurumla partiyasının mövqeyini üst-üstə düşdüyünü bəyan edib”.

 

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Arif Hacılının açıqlamasını müsbət qiymətləndirdiklərini deyib. Moderator.az-a açıqlamasında S.Novruzov belə deyib: “Arif Hacılının Milli Şurada olmayacağı barədə açıqlamasını təbii qarşılayıram. Hesab edirəm ki, ağıllı insanlar bu qurumda olmayacaq. İnanıram ki, Arif Hacılı kimi bir çox şəxslər Milli Şuradan imtina edəcəklər. Milli Şuranın ayrı-ayrı xarici ölkələrin layihəsi olduğu hər kəsə bəllidir. Baxmayaraq ki, bu qurumun adının qarşısında ”milli" sözü yazılıb. Mən ilk gündən demişdim ki, Milli Şura yaranmadan dağılacaq".

 

Milli Şura ilə bağlı tərəddüdlü mövqedə olduğunu dünən AMİP də açıqlayıb. Partiyanın baş katibi Arzuxan Əlizadə APA-ya açıqlamasında deyib ki, Milli Şurada təmsil olunan partiyaların özlərinin də Milli Şuranın gələcəyi, vahid namizədinin kim olacağı ilə bağlı müəyyən tərəddüdləri var. Onlar prosesin içində olaraq bu suallara cavab tapmağa və qərar verməyə çalışır: “Milli Şurada iştirakla bağlı qərar verən partiyaların özlərinin də qurumun gələcək fəaliyyəti, prezident seçkilərinə vahid namizədlə qatılması barədə müəyyən tərəddüdləri var və bundan asılı olaraq həmin partiyaların müəyyən qərarları ola bilər. Milli Şuranın namizədi müəyyənləşsə belə, həmin namizədin hansı platformadan çıxış edəcəyi ilə bağlı qaranlıq məqamlar var. Ona görə də həmin partiyaların özlərinin də Milli Şura ilə bağlı ciddi sualları var. Biz həmin partiyaların verdiyi qərara hörmətlə yanaşırıq. Siyasi təşkilatlar prosesin içində olaraq həmin qaranlıq məqamları aydınlaşdırmaq istəyirlər. Şübhəsiz ki, həmin sualların cavabından asılı olaraq, Milli Şurada təmsil olunan istənilən siyasi partiyanın müəyyən qərarı ola bilər”.

 

Partiya funksioneri bildirib ki, AMİP də bu mövqedən çıxış edərək Milli Şurada təmsil olunmaq barədə qərar verməyə tələsmir: “Yəqin ki, yaxın gələcəkdə birmənalı qərar veriləcək. Hazırda Demokratik Qüvvələrin Məşvərət Məclisində olan və Milli Şurada təmsilçilik qərarı verən partiyalarla müzakirələr aparırıq. Bu müzakirələrdə AMİP-ə qaranlıq qalan məqamları aydınlaşdırmağa çalışırıq”.

 

Bizə qoşulun