
Rusiya Azərbaycanın MDB Gömrük İttifaqına qoşulması üçün təzyiqləri artırır. İki gün əvvəl MDB dövlət başçılarının Minskdə keçirilən toplantısında Özbəkistan rəsmən bu ittifaqa qoşulub. Tərəddüd edən ölkələrdən Ermənistan da ittifaqa qoşulmağa “əsasən razı olduğunu” ifadə edib.
Rusiyanın baş naziri Dmitri Medvedyev erməni həmkarı ilə görüşündə deyib ki, Ermənistan əsasən MDB Gömrük İttifaqına qoşulmağa hazırdır. Bununla da təkcə Azərbaycan və Türkmənistan Rusiya prezidenti Vladimir Putinin Avrasiya İttifaqı ideyasının əsasını təşkil edən Gömrük İttifaqına qoşulmaqdan kənarda qalmış olur.
Xəbər verildiyi kimi, Azərbaycan MDB hökumət başçılarının Minsk toplantısında baş nazir səviyyəsində iştirak etməyib. Toplantıda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Minsk toplantısında müzakirə olunan əsas məsələnin MDB Gömrük İttifaqı ilə bağlı olduğu nəzərə alınarsa, Bakının toplantıya baş nazir Artur Rasizadəni göndərməməsi bu ittifaqla bağlı tərəddüdlərin davam etdiyi, yaxud Azərbaycanın ittifaqa qoşulmağa maraq göstərmədiyi ilə izah oluna bilərdi. Xatırladaq ki, MDB Gömrük İttifaqı barədə müqavilə 2011-ci ilin oktyabrında Sankt-Peterburqda təşkilata daxil olan səkkiz ölkənin hökumət başçıları tərəfindən imzalanmışdı. Və maraqlıdır ki, həmin toplantıda da Azərbaycan hökumət başçısı səviyyəsində təmsil olunmamışdı. Azərbaycan tərəfi bildirmişdi ki, ittifaqa qoşulmaq qərarı vermək üçün ona bir qədər vaxt lazımdır. Bu vaxt ötən ilin dekabrında bitməli idi. Lakin Azərbaycan MDB sammitinə qatılmadı və tərəddüdlərini davam etdirdi. Rəsmilər bildirdilər ki, Azərbaycan MDB Gömrük İttifaqına üzv olmaqda maraqlı deyil. Hakimiyyət rəsmilərinə görə, Rusiyanın Azərbaycana qarşı son zamanlar artan təzyiqlərinin və payızdakı prezident seçkilərində öz adamını hakimiyyət başına gətirmək planlarının arxasında Bakının Avrasiya İttifaqına, Gömrük İttifaqına qoşulmaq istəməməsi dayanır.
Lakin Özbəkistanın ittifaqa üzv olması və qaz təzyiqləri ilə üz-üzə qalan Ermənistanın da “hə” deməyə hazırlaşması Azərbaycanın müqavimət imkanlarını daraldır. Belə ki, MDB-nin strateji əhəmiyyət kəsb edən ölkələrindən Ukrayna artıq ittifaqa müşahidəçi statusunda üzv olub, lakin Rusiya Kiyevə təzyiq edir ki, ittifaqa tamhüquqlu üzv olsun. Ukraynadan sonra əsas ölkə Azərbaycan olduğu üçün təzyiqlər Bakıya münasibətdə də artıb. MDB-nin icraçı katibi Sergey Lebedev Minsk toplantısında deyib ki, Azərbaycan ittifaqa qoşulmağa “maraq göstərir”. Azərbaycanın ittifaqa üzv olması ilə dairə qapanardı və Türkmənistanın heç bir müqavimət imkanı qalmazdı. Bakıda hələ izah etmirlər ki, MDB Gömrük İttifaqının Azərbaycana hansı zərərləri ola bilər. Əsasnaməyə görə, MDB Gömrük İttifaqı Ümumdünya Ticarət Təşkilatının qaydaları əsasında birliyə üzv olan ölkələr arasında gömrükdən azad ticarət zonası yaradılmasını nəzərdə tutur.
Minsk toplantısında qəbul edilmiş digər qərara görə, MDB-nin sammiti Azərbaycandakı prezident seçkilərindən cəmi 8 gün sonraya-oktyabrın 25-nə təyin edilib. Sammit Belarus paytaxtında keçiriləcək, həmin toplantıdan sonra MDB-yə sədrlik Rusiyaya keçəcək. MDB sammitinin Azərbaycandakı prezident seçkilərindən sonraya təyin edilməsinin arxasında nə dayandığı məlum deyil, ola bilsin tarix təsadüfən seçilib. Ancaq təsadüf də olsa 25 oktyabr tarixi ilgincdir. Belə ki, Azərbaycan MDB-nin bundan əvvəlki sammitini boykot etmişdi. Mümkündür ki, bu tarixin seçilməsi Bakıya yönəlmiş üstüörtülü mesajdır.
Bu arada Rusiyanın Azərbaycanda hakimiyyət dəyişikliyi planları ilə bağlı müxtəlif mənbələrdən yeni məlumatlar daxil olmaqdadır. Bu məlumatlara görə, plan ciddidir və çoxyönlüdür. Planın tərkib hissəsi kimi Rusiyadan seçki ərəfəsində yüz min azərbaycanlı fəalın ölkəyə gələcəyi haqda iddia var. Bildirilir ki, bu istiqamətdə hazırlıqlar artıq başlayıb. Bununla belə, hələ məlum deyil ki, Azərbaycan MDB Gömrük İttifaqına üzv olmağa razılıq versə Rusiya hakimiyyət dəyişikliyi planından imtina edərdimi. Çünki münasibətlərin korlanmasının yeganə səbəbi bu məsələ deyil.