Medianews.az
Milli Şura ölkə gündəmini dəyişdi
107 baxış

Milli Şura ölkə gündəmini dəyişdi

Demokratik düşərgədə və cəmiyyətdə xeyli canlanma var; iqtidar nümayəndələrinin isə qəzəbli bəyanatlarının ardı-arası kəsilmir

Bir neçə aydır hazırlıqları gedən Milli Şura nəhayət 28 May - Respublika Günündə elan edildi. Ancaq Milli Şuranın elanı gözlənildiyi və planlaşdırıldığı kimi müxalif düşərgənin Novxanıda Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirdiyi mitinqdə baş tutmadı.

 

 

Sülhəddin ƏkbərSəhər saatlarında Novxanıya axışan müxalifət fəalları mitinqdə müxalifətin birləşdiyini və 2013-cü il seçkilərinə bərabər komanda halında gedəcəklərini elan etdiklərini gözləsələr də, liderlər danışıqların hələ tam başa çatmadığını bildirdi. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər mitinqdəki çıxışında Milli Şura ilə bağlı danışıqların artıq bitmək üzrə olduğunu və ən yaxın günlərdə elan ediləcəyini söylədi. Yürüş-mitinqə toplaşanların baş verənlərdən məmnun olmadığı bəlli idi. Durumu bir qədər də arzuolunmaz hala gətirən isə informasiya qıtlığı idi - danışıqların birbaşa iştirakçıları son anda Milli Şuranın elan edilməsini hansı səbəbdən ertələdiklərini açıqlamırdılar.Yaranan situasiyadan ən çox yararlanmağa çalışan təbii iqtidar komandası idi. Qısa müddətdə hakimiyyətin birbaşa nəzarətində olan media orqanları Milli Şura ilə bağlı təhrif dolu xəbərlər yağdırmağa başladılar. Xəbər saytları, internet portalları, sosial şəbəkələr “Milli Şura ideyası iflas etdi”, “Milli Şura arzusu puç oldu”, “Müxalifət birləşə bilmədi”, “Milli Şura parçalandı” bağlıqlı xəbərlərlə dolub daşdı. Bu informasiyaların hər birində iddia olunurdu ki, Milli Şura ideyası birbaşa Kremlin projesi olduğu üçün müxalifət qüvvələri son anda bir neçə aylıq tərəddüdlərini qəti qərara çevirərək Milli Şura ideyasına yox deyib.İsa QəmbərVersiyalar üzərində qurulan xəbər burulğanında Milli Şuranın elan edilməməsinin əsl səbəbini Müsavat başqanı İsa Qəmbər açıqladı. ANSPRESS-ə müsahibəsində İsa Qəmbər bildirdi ki, Milli Şura ilə bağlı müzakirələr zamanı tərəflər qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilmədikləri üçün proses yubanıb. Müsavat başqanı Milli Şuranın nizamnaməsinə “Milli Şura Avropaya inteqrasiyanı dəstəkləyən siyasi xətt yürüdür” müddəasının daxil edilməsini istəyib. Ancaq  EL hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyov buna qarşı çıxıblar. Bu məsələ mübahisələrə səbəb olub və buna görə də qurumun elan edilməsi təxirə salınıb.
Azərbaycanın Avroatlantika məkanına inteqarsiyası 1992-ci ildə Əbülfəz Elçibəyin prezidentliyi dönəmində xarici siyasətin əsas xətti seçilib. Elçibəy hakimiyyətini devirdikdən sonra Heydər Əliyev köhnə hakimiyyətin siyasi kursunu 180 dərəcə dəyişsə də xarici siyasətdə əsas gördüyü prinsipə toxunmadı. Hətta bəzən reallıqda tamamilə əks siyasət yürütsə belə. Çünki sovet işğalından qurtulan gənc və müstəqil dövlət üçün ən düzgün strateji kurs məhz bu ola bilərdi. Avroatlantik məkanın alternativi Rusiyanın maraqlarına birbaşa xidmət edən siyasi kursdur ki, demokratik düşüncə sahibi heç bir Azərbaycan siyasətçisi buna qol qoymaz. Müsavat başqanı da məhz bu məsələni gündəmə gətirmişdi. Ancaq deyilənlərə elə bir don geyindirildi ki, sanki İsa Qəmbər müxalifətin birlik təşəbbüsünü darmadağın edib.
Bir neçə saat ərzində sosial şəbəkələrdə gedən müzakirələrdə bir çox mətləblərə aydınlıq gətirildi, bir çox maskalar yenidən yırtıldı.
Bu arada EL hərəkatının fövqəladə toplantı keçirərək bəyanat qəbul etdiyi bəlli oldu. EL hərəkatı öz bəyanatında israrla Milli Şuranın elan edilməsi tələbini qoyurdu - Milli Şura 28 Mayda elan olunmalıdır: “EL hərəkatı Milli Şuranın elan edilməsini olduqca vacib sayır. Milli Şura Azərbaycan siyasi həyatının ən vacib rola malik qurum ola bilər. İctimai maraq sübut edir ki, Milli Şuranın yaradılması bu gün sosial sifarişdir. Ancaq istər müxalifət, istərsə iqtidar düşərgəsindən bu ideyanın gerçəkləşməsinə mane olan qüvvələr var. Biz bütün bu cəhdləri Azərbaycanın milli mənafelərinə qarşı yönələn cəhd kimi dəyərləndiririk. EL hərəkatı bu duruma qətiyyətlə etiraz edir, 28 May kimi əlamətdar bir gündə Milli Şuranın elan edilməsinin vacibliyini bəyan edir. Qoy bu işə mane olanlar öz məsuliyyətlərini dərk etsinlər, tarix qarşısında milli birliyə mane olduqları üçün məsuliyyət daşıyacaqlarını anlasınlar”.
Bir neçə saat sonra isə Azərbaycanın müxalifət liderlərinin yenidən bir araya gələrək məşvərətə başladığı xəbəri yayıldı. Nəhayət, axşam saatlarında Milli Şura elan edildi. İsa Qəmbərin Avroatlantik məkana inteqrasiya ilə bağlı tələbi qəbul edilmək şərti ilə. Bakıda dənizkənarı bulvarda Azərbaycan Xalq Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə düzənlənən möhtəşəm atəşfəşanlıq başlayan anlarda Azərbaycan müxalifətçiləri Milli Şuranın yaradılması ilə bağlı ilk təbrikləri qəbul edirdilər.
Milli Şuranın yaradılması elan edildikdən sonra Müsavat Partiyasının başqanı İsa Qəmbər ilk açıqlamasını verib. Müsavat başqanı ANS PRESS-ə bildirib ki, Novxanıda Cümhuriyyət günü ilə bağlı bayram tədbiri başa çatdıqdan sonra liderlər arasında məsləhətləşmələr keçirilib və dünəndən davam edən mübahisələr yoluna qoyulub. İsa Qəmbər deyib ki, müzakirələr konsruktiv keçib.
Rüstəm İbrahimbəyovQeyd edək ki, müxalifət səhər saatlarında Milli Şuranın elan olunmasını növbəti dəfə təxirə salmışdı. İddiaya görə, Milli Şuranın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsi idi. Belə ki, dünən keçirilən müzakirələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın nizamnaməsinə “Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür” müddəasının daxil edilməsini istəyib. Lakin EL hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyov buna qarşı çıxıblar. Bu məsələ mübahisələrə səbəb olub və buna görə də qurumun elan edilməsi təxirə salınıb. Bu məsələnin necə həll olunduğuna gəlincə, İsa Qəmbər Müsavat Partiyasının Avropaya inteqrasiya siyasətinin üzərində dayandığını bir daha vurğulayıb: “Müsavat Partiyasının mövqeyi bütün dünyaya bəllidir”.
İsa Qəmbər onu da bildirib ki, Milli Şuranın bəyannaməsi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
R.İbrahimbəyov isə Milli Şura ilə bağlı ilk açıqlamasında bunları deyib: “Artıq siyasi partiyaların, hərəkatların, ictimai birliklərin demokratik qüvvələrin Milli Şuraya irəli sürdükləri namizədlərlə bağlı müzakirələr başa çatdı. Son illərdə ilk dəfə olaraq siyasi qüvvələrin geniş birliyi yaradıldı. Milli Şurada müxtəlif peşələrin, sosial təbəqələrin, müxtəlif yaş qruplarının, müxtəlif dünyagörüşlərinin daşıyıcıları təmsil olunub. Onların əsas məqsədi 2013-cü il seçkilərinin  azad və ədalətli keçirilməsi uğrunda müzakirə aparmaqdır. Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi yaxın günlərdə elan olunacaq.
Demokratik qüvvələrin Milli Şurasının yaradılması ölkənin nüfuzlu güclərinin korrupsiya və avtoritarizm rejiminə qarşı birləşdiyinin ən əsas sübutudur. Bu, Milli Şuranın fəaliyyətini həm ölkədəki, həm də ölkədən kənardakı demokratik qüvvələrin dəstəkləyəcəyinə inam yaradır. Təxminən 100 il öncə Şərqdə ilk demokratik dövləti quran xalq bir daha sübut edəcək ki, tarixdə təsadüflər olmur".
Siyavuş NovruzovYAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə APA-ya açıqlamasında bildirib ki,  eyni adamlar müxtəlif təşkilatlarda 1-2 ay təmsil olunmaqla, adını dəyişməklə indiyə qədər heç bir uğur qazana bilməyiblər: “Bundan sonra da belə olacaq. Milli Şura lap biabırçı olacaq”.
YAP rəsmisi bildirib ki, müxalifət Milli Şuradan əvvəl bir neçə təşkilat yaratsa da, heç bir perspektivi olmayıb və Milli Şuranın da taleyi yaranan digər birliklərin taleyi kimi olacaq: “Milli Şuradan əvvəl Ziyalılar Hərəkatı, Ziyalılar Forumu, İctimai Palata yarandı. İctimai Palata iki il fəaliyyət göstərdi. Amma nəyə nail oldu, nə ortaya çıxardı? Heç nə. Biz əvvəlcədən demişdik ki, İctimai Palatanın, bu təşkilatların heç bir perspektivi yoxdur. Çünki orada təmsil olunan insanları hamı tanıyır. Milli Şura da İctimai Palatanın vəziyyətinə düşəcək. Ondan da betər olacaq. Çünki Milli Şuraya toplanan insanlar eyni insanlardır və o insanlar öz partiyaları tərəfindən nüfuzunu itirdiklərinə, partiya tərəfindən dəstək qazana bilmədiklərinə və öz siyasi partiyalarında onların namizədliyinin irəli sürülməsinə etiraz olunduğuna görə ayrı-ayrı təşkilatlar vasitəsilə istəyirlər ki, öz namizədliklərini irəli sürsünlər. Bu baxımdan ortada heç bir perspektiv yoxdur”.
S.Novruzovun sözlərinə görə, müxalifətin Milli Şuranı 28 May - Respublika Günündə elan etməsi onu 1918-ci ildə yaradılmış Milli Şuraya oxşatmaqdan başqa bir şey deyil: “Belə bir atalar misalı var: ”Ördək qaz yerişi yeriyəndə, öz yerişini də itirər". İndi bunlar da istəyirlər ki, qaz yerişi yerisinlər, amma öz yerişlərini də itirəcəklər. Yəni bu insanların özlərinin heç bir ideyası, məqsədi yoxdur. Vaxtilə Ukraynada narıncı inqilab baş verəndə müxalifət nümayəndələri də paltarını dəyişərək narıncı geyinməyə başladılar və özlərini onlara oxşatdılar. Lakin heç bir nəticəsi olmadı".
S.Novruzov qeyd edib ki, Rusiyanın müəyyən dairələri Milli Şuranın yaradıcılarına maliyyə dəstəyi göstərəcəklərini vəd edir: “Rusiyanın müəyyən dairələri, müəyyən adamlar müxalifətə vəd verir ki, onlara 5-10 manat pul verəcəklər. Bu insanlar da 5-10 manatın eşqinə öz partiyalarını, ideologiyalarını, öz partiyalarının qarşıya qoyduğu nizamnamə müddəalarını sataraq, ancaq bu məbləğin dalınca qaçmaqla məşğuldurlar. Ona görə də adlarını, rənglərini, sifətlərini dəyişsələr də, bu insanları bütün cəmiyyət tanıyır və kim olduqlarını bilir. Ona görə də bu şəxslərin təmsil olunduğu Milli Şuranın da heç bir perspektivi yoxdur”.
Bu həyəcanverici olaylar mayın 28-də yaşandı. Mayın 29-u isə Milli Şura ilk və müzakirələrlə dolu bur gününü keçirdi. Təsisçilərdən aldığımız xəbərlərə görə, Milli Şuranın tərkibinin yaxın günlərdə elan edilməsi gündəmdədir və bununla bağlı son dəqiqləşdirmələr başa çatmaq üzrədir. Milli Şurada partiyaların bərabər təmsilçiliyi isə siyahının az qala 2 dəfə böyüməyinə səbəb olub. Yada salaq ki, öncə Milli Şuranın tərkibinin 50 nəfər olması düşünülürdü. Ancaq indi bu sayın 100-ə yaxınlaşdığı bildirilir.

musavat.com

Bizə qoşulun