Medianews.az
“Qürbətdəmi ölək?”
257 baxış

“Qürbətdəmi ölək?”

“İsa bəyin İsveç görüşləri Azərbaycan müxalifəti haqda neqativ düşüncələri alt-üst etdi” Mühacirətdə olan rejissor Rahim Sadiqbəyli Müsavat başqanı İsa Qəmbərin İsveç səfərinin təşkilatçılarından biridir. O, səfərə və səfərin işıqlandırılmasına verdiyi dəstəkdən sonra sosial şəbəkələrdə bir sıra ittihamlarla üzləşib. Rahim Sadiqbəyli səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a müsahibə verib.

 

- İsa Qəmbərin İsveç səfəri zamanı görüşlərdə siz də iştirak edirdiniz. Bu, bəzi şübhələrə səbəb olub. Çünki 2008-ci ildə hazırkı prezident İlham Əliyevi dəstəkləyən bəyanatla çıxış etmişdiniz. Sizə qarşı ittihamların əsasını da məhz bu təşkil edir. Bunu necə izah edə bilərsiniz? Son 5 ildə nə dəyişdi?

 

- Dünənə qədər kinodramaturq və rejissor Rüstəm İbrahimbəyov mövcud iqtidarı ən çox tərifləyən və müdafiə edən insanlardan idi. İndi isə Rüstəm müəllim ən radikal müxalifətçidən belə kəskin hakimiyyət tənqidçisinə çevrilib. Eldar Namazov, Rəsul Quliyev Heydər Əliyev hakimiyyətinin ən ciddi nümayəndələri idilər. İndi isə müxalif mövqe sərgiliyərək 20 il əyilməyən, sınmayan və bütün məhrumiyyətlərə sinə gərən müsavatçılar və cəhbəçilərlə bir cərgədə durublar. Sirus Təbrizli YAP-ı yaradandanlardan biri və demək olar ki, H.Əliyevi hakimiyyətə gətirən “91-lər” deyilən qrupun qurucularından idi. İndi isə tam əks mövqedə dayanan insandır. Bunların sayı onlarladır. Nə dəyişib? Niyə bu adamlar öz mövqelərini dəyişiblər?

Dəyişən Azərbaycanın gün-gündən uçuruma yuvarlanmasıdır. Dəyişən millətin, xalqın, ölkənin total surətdə deqradasiyaya uğramasıdır. Dəyişən ölkəmizdə milli dəyərlərin, sosial ədalətin məhv edilməsidir. Dəyişən azadlığın, demokratiyanın tam surətdə diktaturaya, avtoritarizmə çevrilməsidir. Dəyişən rüşvətin, korrupsiyanın tüğyan etməsidir. Bu siyahını artırsam, nə saytınızda, nə də qəzetinizdə boş yer qalar. Amma mənimçün 1998-ci ildə AzTV-dən N.Xudiyevin haqsızlıqlarına etiraz edib uzaqlaşanda da (bax: “Azadlıq” qəzeti 15 iyul 1998-ci il), 2003-cü ildə Azad Azərbaycan TV-sının yaradıcılıq işləri üzrə vitse-prezidenti işləyə-işləyə könüllü olaraq “Bizim Azərbaycan” blokunun dəstəklədiyi Müsavat Partiyasının başqanı İsa Qəmbərin seçki qərargahında media təmsilçisi olaraq çalışanda da dəyərlər eyni idi. O zaman da, indi də mənim mövqeyim dəyişməyib. Amma təbii ki, zaman-zaman insan şəraitə uyğun bir addım ata bilər. 2008-ci ildəki bəyanat da həmin zaman şəraitin tələbi idi. 

Soydaşlarımızdan birinə ağır itki üz vermişdi. Körpə balası xəstəlikdən İsveçdə dünyasını dəyişmişdi. Təcili Azərbaycana getməli idi və artıq onun üçün İsveçdə qalmaq çox çətinləşmişdi. Azərbaycana gedə, pasport ala bilmirdi və ən sonuncu şansı da mən idim. Həmin dövrdə bilirsiniz ki, heç bir müxalifət partiyası seçkilərdə iştirak etmirdi. Bir az da buna əsəbiləşmişdim. Məncə, seçkiləri boykot etmək çox faydasız bir işdir. Ən azı TV efirindən, radiodan təbliğat imkanı qazanırsan. Belə olan sürətdə mən də yazıq hala düşmüş həmyerlimizə yardım etmək üçün bir təşkilat qurdum və soydaşlarımızdan da xahiş etdim ki, bizə bu işdə dəstək versinlər. Bu müraciət dostumuzun pasport almağına yardım etdi. Mənə əslində bu sualı cavablandırmaq çox çətindir. Amma çox təəssüf ki, burda yaşayan boş-bekar adamlar mənim aktiv fəaliyyətimi həzm edə bilmirlər və ağıllarına gələni yazırlar.

 

- Sizin İsveçə getməyinizin səbəbi nədir?

 

- Yuxarıda da qeyd etdiyim kimi, mən 2003-cü ilin oktyabr ayının əvvəllərindən artıq aktiv siyasi sənədli film jurnalistikasına başlamışdım (Bax: “Yeni Müsavat” qəzeti 10 oktyabr 2003). Seçkilərdən sonra əlimdəki materiallara baxıb gördüm ki, sənədli film üçün kifayət qədər yararlı kadrlar var və dostlarla birlikdə “Azərbaycan prezident seçkiləri - 2003" adlı rus dilində bir film hazırladım. Düzdür, o filmə görə məni təqib edən olmadı. Amma bilirdim ki, gec-tez bunu biləcəklər və məni bir bəhanəylə şərləyib içəri atacaqlar. Çünki bu filmə görə artıq 50 nəfər Almaniyada mühacir statusu almışdı. 2003-cü ilin sonunda mən Azərbaycanı tərk etdim, əvvəl Almaniyaya sonra da İsveçə gəldim. Daha sonra polislər və ədliyyə işçiləri Bakıdakı evimə gəlib qoca atamı narahat edib hər zaman məni soruşmaqla onunla sanki bir canini gizlətdiyi kimi rəftar edirdilər. Mən də atamın və ailəmin təhlükəsizliyini nəzərə alaraq, atama dedim ki, Bakıdakı evimizi satıb Lənkərana köçsün. 

Almaniya ilə əlaqələrim 1994-cü ildən var idi. Dostlarım mənə burada bir müddət işləməyə və sonra da bir TV açmağa yardım etməyə söz versələr də, sözlərinə əməl etmədilər və əksinə, bir çox məsələlərdə mənə mane oldular. Daha sonra İsveçə gəldim. İndi artıq 9 ildir ki, ailəmlə və iki övladımla burada yaşayıram. İsveçin İctimai Tədris TV və radio şirkətində sujetlər prodüsseri işləyirəm.

 

- Adətən, seçkilər ərəfəsində Azərbaycanın Diaspor Komitəsi xaricdəki azərbaycanlılarla hakimiyyətin lehinə işlər aparır. Bu il də analoji fəaliyyət başlayıbmı?

 

- Çox qəribədir ki, bu il bunu mən hiss etmirəm. Amma bu yaxınlarda “Azdrama”da (Akademik Milli Dram Teatrı) işləyən aktyor dostlarımdan biri burda tamaşa göstərəcəkləri barədə mənə məlumat verdilər. Mən də diaspor təşkilatlarının rəhbərləri ilə əlaqə saxladım. Onlar da dedilər ki, Axundovun yubileyinə görə səfirlik bura “Azdrama”nın truppasını dəvət edib. Onu da dedi ki, Rahim bəy, bizə tapşırıq veriblər ki, müxalifəti dəstəkləyənlər ora dəvət olunmayacaq. Sonra da öyrəndim ki, dəvətnamələri e-maillərlə göndəriblər. Bilirsiniz artıq belə tədbirlərlə burdakı insanları da aldatmaq mümkün deyil. Həm keçən il, həm də bu il Azərbaycanı “Eurovision” müsabiqəsi ərəfəsində Avropa və eləcə də İsveç mediası çox kəskin tənqid etdi. Bu da, təbii ki, diasporda və lap elə bizim özümüzdə də çox böyük sarsıntı yaratdı. Mən o zamanlar öz ölkəmə görə xəcalət çəkdim. Elə indinin özündə də bu qalmaqallar sakitləşmir. Amma buna baxmayaraq, güneyli soydaşlarımız hələ də mövcud hakimiyyəti dəstəkləyirlər və bunu da arqument gətirirlər ki, müxalifət dini yönümlüdür, Azərbaycanı İrana çevirəcək. Məsələn, vaxtı ilə AXCP sədri hörmətli Əli bəy Kərimlinin İranın “Səhər” kanalına müsahibə verməsi güneyli soydaşlarımızın hiddətinə səbəb olmuşdu. “Səhər” TV-sı İranın Azərbaycan əleyhinə işlədilən bir mediasıdır ki, bunu da hamı bilir. İsa bəyin İsveçdəki görüşləri bəzi güneyli soydaşlarımızın Azərbaycan müxalifəti haqqındakı neqativ düşüncələrini alt-üst etdi. İsa bəyin dərin erudisiyaya malik iti ağıllı bir siyasətçi kimi bütün qaranlıq suallara məntiqlə cavab verməsi nəinki quzeyliləri, hətta güneyli soydaşlarımızı yenidən bəzi məsələləri düşünməyə vadar etdi.

Mən sonda yenə də sizə minnətdarlığımı bildirməklə mənim haqqımda bildilər-bilmədilər ağıllarına gələni yazan həmvətənlərimizə üzümü tutub deyirəm: “Əziz soydaşlarım, bu gün gəlin biri-birimizi boş və mənasız yerə ittiham etməyək, gəlin əl-ələ verib tarixi vətənimizin bu istibdad rejimdən qurtarmasına çalışaq, gəlin bir olaq, əlbir olaq. Bu gün İsa Qəmbəri, Arif Hacılını və yaxud da hansısa bir aydınımızı Əli Ağayev, Rahim Sadiqbəyli, Səyavuş Yusifli, Tələt Məmmədli İsveçə dəvət edibsə, buna qısqanclıqla baxmayaq, bu tədbirlərdə iştirak edək. Sabah da siz bura kimisə dəvət etsəniz, bizim də buna qısqanclıqla baxmağa ixtiyarımız yoxdur. İnanın, bu böyük siyasətçilərimiz nə qədər Avropaya gəlsələr, belə seminarlar keçirsələr, bu, bizim hamımızın, xalqımızın xeyrinədir. Axı biz öz Vətənimizi, dünyanın o gözəl dilbər güşəsini məhz bu mövcud iqtidarın istibdad rejiminin nəticəsində tərk etmişik, bu qərib ellərdə tərki-vətən kimi yaşayırıq. Axı ömür gedir, gün gedir. Axı biz zamanı durdura bilmirik, biz də qocalırıq... Qürbətdəmi ölək?

 

 

 

 

 

 

Bizə qoşulun