“Azərbaycan 2009-cu ilin sonunda Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərinə öz razılığını verib. Hesab edib ki, bu prinsiplər böyük sülh müqaviləsi üçün əsas ola bilər. Təklif edib ki, yubanmadan, vaxt itirmədən böyük sülh müqaviləsi üzərində iş aparılmalıdır. Ermənistan o təklifləri rədd edib. Ondan sonrakı dövr ərzində bütün imkanlarını səfərbər edib ki, danışıqlarda bax bu durğunluq vəziyyəti yaransın və möhkəmlənsin”. Musavat.com-un AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Respublika Günü münasibətilə rəsmi qəbuldakı çıxışında deyib. O bəyan edib ki, Azərbaycan bununla barışa bilməz: “Biz danışıqların aparılmasında maraqlıyıq. Ancaq danışıqlar mahiyyət üzrə aparılmalıdır. Azərbaycan məsələnin həllində ən maraqlı tərəfdir. Ermənistan sadəcə çalışır ki, vaxtı uzatsın. Əgər Ermənistanın maraqlarını onların siyasətçiləri nəzərə alsalar görərlər ki, vaxt uzatmaq onları daha da ağır vəziyyətə gətirib salacaq. Ancaq buna baxmayaraq, bu, taktiki gedişlərdir. Ermənistan vaxt uzatmaq taktikasını seçibdir, danışıqlar naminə danışıqlar aparmaq fikrindədir”.

 

İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib: “O ki qaldı vasitəçilərə, əfsuslar olsun ki, vasitəçilərin əsas fəaliyyət istiqaməti atəşkəsi saxlamaqdan ibarətdir. Biz də atəşkəsi saxlamaq istəyirik. Ancaq, eyni zamanda, biz ərazi bütövlüyümüzün bərpasını istəyirik, bunu tələb edirik. Beynəlxalq hüquq bunu tələb edir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri bunu tələb edir. Ona görə Azərbaycanın maraqları burada müəyyən dərəcədə fərqlənir. Biz də istəyirik ki, sülh olsun. Biz də istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, amma həll edilsin. Ermənistan məsələnin həlini istəmir. Status-kvonu, yenə də deyirəm, nə qədər çox saxlaya bilsə, o qədər də saxlamaq istəyir. Vasitəçilər də əfsuslar ki, son zamanlar etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində vəziyyətin sabitləşdirilməsi və bilavasitə danışıqların mahiyyətinə aid olmayan digər məsələlərlə daha çox məşğul olurlar”.

 

Dövlət başçısı deyib ki, əgər danışıqlar aparılacaqsa mahiyyət üzrə aparmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. O ki qaldı Dağlıq Qarabağda yaşayan və münaqişə həll olunandan sonra oraya qayıdacaq vətəndaşların gələcəyinə, İlham Əliyev bildirib ki, dünyada müsbət təcrübə, muxtariyyətlər, o cümlədən Avropa qitəsində müsbət təcrübələr var. Onun fikrincə, bu təcrübədən kənara çıxmadan özünüidarəetmə prinsipi həllini tapa bilər.

 

“Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Həmişə belə olub. Bu gün də belədir, gələcəkdə də belə olacaq. Ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaqdır və ola da bilməz. Hesab edirəm ki, biz bu istiqamətdə gələcək fəaliyyətimizlə bağlı indi daha da ciddi addımlar atmalıyıq. Burada əslində seçim o qədər də böyük deyil. Ya hərb yolu, ya sülh yolu! Biz hər iki varianta hazırıq. Hərb yolunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi özünümüdafiə imkanlarını bizə tanıyır və beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərdə Azərbaycan istənilən vaxt istənilən əməliyyatı apara bilər”.

 

“Biz hələlik çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun”, – deyən İlham Əliyev hesab edir ki, bu istiqamətdə imkanlar hələ tam tükənməyib: “Məsələni sülh yolu ilə tezliklə və ədalətli şəkildə həll etmək üçün biz öz səylərimizi daha da gücləndirməliyik. Xarici, daxili siyasətlə, iqtisadi sahə ilə bağlı biz daha da güclü olmalıyıq və oluruq”.