
Nifrət vulkanı, ikrah lavası
Sonra da mentalitetdən, qanunçuluqdan, sivil mübarizədən, konstruktiv əməkdaşlıqdan, mədəni səviyyədən, şərəf və ləyaqətə hörmət edilməsindən, şəxsi həyata müdaxilənin yolverilməzliyindən və sair və ilaxır şeylərdən danışırlar.
O qədər danışırlar ki, adamın qulağı dəng olur. Az qalırsan, dediklərinə inanasan, hesab edəsən ki, Allah-təala bunları ədalət mücəssəməsi, intellekt nümunəsi, haqq-ədalət carçısı yaradıb.
Bir də baxırsan ki, bu adamlar sayt açıb pornofilm yayırlar; siyasi rəqiblərə küçə söyüşləri söyürlər, öz aləmlərində guya siyasi mübarizə aparır, qara piardan istifadə edirlər.
Ancaq bu, heç qara piar da deyil. Bir var siyasi xal qazanmaq, rəqibə problem yaratmaq üçün nəsə olan bir şeyi eşələyib, tapıb, üzə çıxarasan, bir də var, normal insan təxəyyülünə belə gəlməyən şeytani iftira və böhtanlara əl atasan.
Birinə “petux” damğası vururlar, o birinə “agent” deyirlər, başqasının gizli səsini yazır, videogörüntüsünü çəkir, özünü, ailəsini şantaj, təhdid, təhqir edirlər.
Qanunla qadağan olmuş şəkildə sayt yaradıb, internet istifadəçiləri arasında pornokadrlar yaymaq mentalitetə uyğundurmu? Əlbəttə, rəsmi dövlət qeydiyyatından keçmiş “Lider” televiziyasında 3 il öncə bunu bir neçə dəfə etmiş adamlar üçün problem yoxdur.
Bəs bu, qanunçuluq çərçivəsindədirmi? Hansı qanunçuluq? Prorektor vəzifəsində işləyən adamı hüquq-mühafizə orqanlarının təcridxanalarında əlli-ayaqlı itiriblər, 10 ildir, “gördüm” deyən yoxdur. Onun qabağında bir pornokadrın yayılması nə böyük iş imiş.
Bəs söyüş, təhqir dolu materiallarla rəqibi gözdən salmaq cəhdlərini “sivil mübarizə” saymaq olarmı? Əlbəttə, mədəni səviyyəsi bu həddə olanlar üçün bu, yolveriləndir.
“Şərəf və ləyaqətə hörmət” isə yalnız bunlara məxsusdur. Onlara “korrupsioner” demək, bizneslərinin qanunsuz olduğuna diqqət yönəltmək, çirkli para qazandıqlarını iddia etmək olmaz, “işgüzar nüfuz”larına xələl gələr. Yarım milyonluq avtomobillər, 10 milyonluq villalar, yüz milyonluq sair varidatlar əldə etmələrindən heç danışmaq olmaz, adamı “böhtançılıq” maddəsi ilə məhkəməyə verərlər. Amma özləri hamını damğalaya bilərlər - bu, onlara məxsus imtiyazdır.
Biz belə bir ölkədə yaşayırıq. Burada insan yeni-yeni haqsızlıq, zülm-zillət faktları ilə hər gün yenidən təəccüblənir. Baxırsan ki, dünən səni heyrətləndirən bir vicdansızlıq faktı bu gün daha xəfifdir, çünki bu gün daha mənfur analoji fakt artıq ortadadır.
Öz ölkəsindən, öz dövlətindən, hətta özlərindən belə iyrənən, öz toplumuna nifrət edən insanların arasındayıq.
Hər gün ölkədə qəribə bir nifrət vulkanı püskürür, ikrah lavası axır.
Bu durumun güzərana, dolanışığa o qədər də dəxli yoxdur. Başqa ölkələrdəkindən fərqli olaraq burada heç kəs acından ölmür, hamı pis-yaxşı başını girləyir, amma hamı ölkədəki havasızlıqdan, üfunət qoxusundan boğulur.
Bu ölkədəki atmosfer insanları sıxır, təntidir. Hər dəfə seçki illərində belə olurdu, cəmiyyətin bütün tör-töküntüləri, teştdə qaynadılan ehsan ətinin kəfi kimi üzə çıxırdı, bu dəfə isə daha iyrənc bir mühit yaranıb. Hələ indi belədir, seçki günü yaxınlaşdıqca durum daha dözülməz, daha murdar çəkil olacaq.
Bütün bu vəziyyətin başlıca günahkarı, əlbəttə ki, ölkəni idarə edənlərdir. Onlar üçün əsas məsələ cəmiyyətin iki tirəyə parçalanması, mənəvi-mədəni deqradasiyaya məruz qalması, insanların kütləvi şəkildə yaltaqlıq, şərbazlıq kimi mərəzlərə yoluxması deyil, əsas məsələ hakimiyyət dövranlarını bir müddət də uzatmaqdır.
Ölkədə mənəvi iflas, siyasi süqut atmosferi yaradanlar anlamırlar ki, hazırda ölkə əhalisinin böyük bir qismi mövcud rejimi istənilən yadelli işğalçıdan daha qəddar, amansız, ədalətsiz sayır.
Budur məsələ. Siyasi rəqiblərə “agent”, “cinsi azlıq” deyə-deyə, əxlaqa sığmayan böhtanlar ata-ata bəlkə hakimiyyətin ömrünü üç-beş gün uzatmaq olar, amma bu, əbədi olmayacaq və çox xoşagəlməz sonluqla bitəcəksə, bunu etməyə dəyərmi?