Medianews.az
Müsabiqə bu gün də var, yarın da...
263 baxış

Müsabiqə bu gün də var, yarın da...

 

Müsabiqə bu gün də var, yarın da...

Keçən ay Heydər Əliyev Mərkəzi (HƏM) maraqlı bir müsabiqə elan etmişdi, heyf ki, bundan çox gec xəbər tutdum, yoxsa məmnuniyyətlə iştirak edərdim. Adamın gərək bəxti olsun. Biz həmişə belə müsabiqələrdən lələ köçüb yurdu qalandan sonra xəbər tuturuq. Halbuki camaat ev-eşiyi, maşını, hətta arvadı da müsabiqə yolu ilə əldə edir. Nə isə, “kor olası baxtım oy”, şair demişkən...

 

Müsabiqə Heydər Əliyevin 90 illiyi mövzusunda idi, özü də hər peşə yiyəsinə uyğun mövzular qoyulmuşdu. Məsələn, müəllimlər “Valideynlərdən pulu necə yığıram” mövzusunda məqalə yazıb HƏM-ə göndərərək “Bentli” avtomobili, şəhərin mərkəzində 5 otaqlı mənzil, Virgin adalarında ofşor şirkəti ya da təhsil nazirinin müavini vəzifələrindən birini uda bilərdilər. 

Yazdım, siz də inandınız... Zarafat edirəm, müsabiqədə müəllimlərin mövzusu “Dövlətim üçün layiqli vətəndaş yetişdirirəm” şəklində olmuşdur. Jurnalistlər “Azərbaycan xarici siyasətinin ən böyük uğuru”, gənclər “Azərbaycanımla fəxr edirəm”, əsgərlər isə “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” mövzularında yazılarla müsabiqəyə qatıla bilərdilər. Müsabiqənin mükafat fonduna gələndə, bu haqda da heç bir məlumat yoxdur. Ola bilsin kağız diplomla qaliblərin başını aldadacaqlar. HƏM xalqımız arasında “al mollası” kimi tanınıbdır, “ver mollası” kimi yox. 

Ancaq təbii ki, belə müsabiqələr insanlarımıza özlərini göstərmək üçün lazımdır. İşlətməsən hardan bilmək olar ki, “Dove” sabun deyildir? Gərək sürtəsən, təcrübədə biləsən. Bu müsabiqədə yazı yazanlar da daima diqqət mərkəzində olacaq, gələcəkdə AzTV, “Yeni Azərbaycan” qəzeti, “İrəli” barı kimi qurumlarda müvafiq vəzifələrlə təmin ediləcəkdir. 

Mənə müsabiqənin nə üçün məhz bu peşələr arasında (təbii, əgər gənclik və əsgərliyi peşə saysaq) keçirilməsi bir az qaranlıq qaldı. Nə üçün həkimlər, santexniklər, sürücülər, qazpulu yığanlar, neftçilər, dülgərlər, baqqallar, futbolçular, evdar qadınlar, pensiyaçılar, dəlləklər və sairə peşə yiyələri müsabiqədən qıraqda saxlanılmışdır? Adamların haqqı niyə yeyilir? Bəlkə bir dəllək “Azərbaycanımla fəxr edirəm” mövzusunda məqaləni daha yaxşı yazacaqdı? Olmazdı yazı müsabiqəsi, heç olmazsa peşə müsabiqəsi keçirilərdi, bir saatda daha çox sünnət edən dəllək qalib seçilərdi. İndiki halda elə çıxır ki, Azərbaycanımızla fəxr eləmək ancaq gənclərə aiddir, yaşlılar və uşaqlar Azərbaycanımızla fəxr etmirlər. 

Yeri gəlmişkən, müsabiqədə bir adam müxtəlif adlarla iştirak edib qalib gələ bilər. Təsəvvür edin, bir nəfər bütün mükafatları qapazlayıb aparır, eyni zamanda təhsil nazirinin müavini olur və “Bentli” sürür... Necə? Buyurun: əgər bir gənc müəllim əsgərlikdədirsə! Ümid edirik gələcək müsabiqələrdə bu cür problematik iştirak qaydalarına yol verilməyəcəkdir. Vətən sağ olsun! İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! 

Sonda təhsil naziri, “Nə, harada, nə vaxt” intellektual oyununda iştirak eləməsi, Barselonaya uçması və Qız qalasına alukobonid üzlük çəkməsi ilə dünya şöhrəti qazanmış gənc və perspektivli Mikayıl müəllimə üz tutaraq bir fakta diqqət yetirməsini acizanə xahiş edirəm: müəllimlərdən və vaildeynlərdən Gül bayramı münasibətilə 2 manatdan pul yığılmasına son qoyun. Ayıbdır. 2 manata nə gül almaq olar? Daha çox pul yığmaq məsləhət deyilmi? 2 manata bəlkə qladiolus yarpağı almaq mümkündür. 

100 manat - hər valideyndən bu qədər yığın, qoy bayramları unudulmaz olsun, yuxuda da Gül bayramı görsünlər.

Bizə qoşulun