
Naməlum şəxs Vüsal Şilderi bıçaqlayaraq qətlə yetirib.
Dünən Bakının Nərimanov rayonunda 1992-ci il təvəllüdlü Almaniya vətəndaşının oğlu Şilder Vüsal Adolf oğlu qətlə yetirilib.
Qətl saat 14:00 radələrində, Ə.Rəcəbli küçəsi, bina 3d-nin qarşısında törədilib.
21 yaşlı oğlana üç bıçaq zərbəsi endiriblər: başına, boynuna və sinəsinə. Qan itirən gənc insan yaxınlıqdakı kafeyə qaçıb və orada dünyasını dəyişib.
Bildirilir ki, Şilder Vüsal Adolf Qazaxıstanda doğulub. O, Mercedes-Benz-in Azərbaycandakı baş distribütorunun – AutoStar Kaukasus-un (2001-ci ildə yaradılıb) nümayəndəsi tərəfindən oğulluğa götürülüb.
Öldürülən şəxs ögey atası ilə Bakının Binəqədi rayonunda yaşayırmış. Hələlik qətli törədən adamın şəxsiyyəti müəyyənləşdirilməyib. Cinayətin motivi məlum deyil.
Faktla bağlı cinayət işinə başlanılıb, istintaqı Nərimanov rayonunun prokurorluğu aparır.