
Dünənki dostun qəfildən düşmənə çevrilməsi halı o qədər yayğınlaşıb ki, artıq heç kəs bu sayaq dəyişmələrdən təəccüblənmir.
Bu, qarşısı alınmaz şeydir, dəyişməyə meylli adamlar onsuz da dəyişəcəklər – səflərini, dostlarını, müttəfiqlərini, əqidələrini, mövqelərini, görünüşlərini, bir sözlə, dəyişə bildikləri hər şeyi, hətta düşmənlərini də.
Bu dəyişmə çılğınlığı bəzən o həddə çatır ki, bütün əndazələri aşır, mutasion dəyişmələrə bənzəyir.
Hüquq müdafiəçisi Eynulla Fətullayev dəyişmələrin ən yüksək həddini müəyyənləşdirdi.
O, cəmi iki il öncə mövcud rejimin ən qatı əleyhdarıydı, bu gün onun ən qatı tərəfdarı kimi çıxış edir – düşmənini dəyişib, demək.
İki il öncə Fətullayev siyasi müxalifətin ən qızğın müttəfiqiydi, bu gün müxalifətə qarşı ən sərt, iyrənc yazıları yazır.
İki il öncə bütün beynəlxalq təşkilatlar, Qərb dövlətləri onun azadlığa buraxılması üçün Azərbaycan iqtidarına təzyiqlər edir, məktubu məktuba calayırdılar, bu gün o, həmin dövlətləri də, həmin təşkilatları da ölkədə ən bərk söyən şəxsdir, yazını yazıya calayır.
İki il öncə ortada bircə bədii-publisistik əsəri olsaydı, onu Nobel mükafatına təqdim edəcəkdilər, bu gün həmin dairələrin əli üzündədir, bir-birinin ardınca bəyanat yayaraq Fətullayevlə ilişkilərini dayandırdıqlarını bildirirlər.
Adamı bu vəziyyətə iqtidar saldı. Heç bir siyasi dustağa olmadığı qədər təzyiq Eynullaya edildi. Ona nifrət həddən artıq böyük idi, hətta o qədər şiddətliydi ki, bu kiçik ölkənin başbilənləri dünya liderlərinin sözünü eşitmir, onu ömürlük məhbəsdə saxlamağı düşünürdülər. Heç bir dustağı ard-arda üç ayrı cinayət işində mühakimə edərək cəza kəsməmişdilər.
Beləcə, hakimiyyət istədiyinə çatdı. Əliyev rejimi nəinki öz qatı əleydarını neytrallaşdırdı, eyni zamanda Fətullayevin simasında özü üçün qızğın təbliğatçı, mətbu “şilləvuran” qazandı. Artıq o, öz istedadı ilə illərlə hakimiyyətə xidmət edən təbliğatçıları üstələyib. İndi hakimiyyətin siyasi rəqiblərini məhz Eynulla “vurur”, o pisləyir, aşağılayır.
İki il öncə hakimiyyətdəkiləri təhqiramiz şəkildə “çuşkalar” adlandıran, müxalifəti “intellektual elita” elan edən Fətullayev bu gün leksikonunu dəyişməyib, sadəcə, o epitetləri yönəltdiyi ünvanları dəyişib. Onun üçün indi “sadə toy edən” hakimiyyət rəhbəri “aristokrat”dır, müxalifət liderinin oğlu üçün keçirdiyi və adi fəhlədən tutmuş akademikə qədər bütün zümrələrdən olan insanların qatıldığı qələbəlik toyda iştirak edənlər isə “çuşka”dır.
İki il öncə o, MTN-in zabiti Çovdarovdan, Elmarın qatillərindən yazırdı, bu gün toyda oxuyan Nazpəri Dostəliyevadan yazır.
İki il öncə Fətullayev dustaq maşınında bir cəzaçəkmə müəssisəsindən çıxarılaraq təhqiramiz şəkildə, üzü üstə döşəməyə uzandırılmış halda başqa məhbəs evinə aparılması, təhqirlərə məruz qalması barədə məktub göndərirdi, bu gün sorağı Avropaya uçan təyyarələrdən gəlir.
Siyasətdə belə şeylər tez-tez olmasa da, hərdən olur və məhz buna görə də “Siyasət çirkablı işdir” deyirlər. 20 il öz partiyasına, liderinə sədaqətli qalan, mövqeyini, yolunu dəyişməyən minlərlə adamın fədakarlığı, cəfakeşliyi gözə görünmür, nümunə göstərilmir, amma bir nəfər çıxıb öz dostlarına xəyanət edəndə bu, mütləq ümumiləşdirilir.
Fətullayevin bu cür dəyişməsi siyasi dustaqlara münasibət məsələsini yenidən gündəmə gətirib. Əvvəlki illərdən fərqli olaraq onlardan ötrü ciddi səylər göstərənlərin sırası seyrəlib, hesab edirlər ki, bir çoxları azadlığa çıxandan sonra öz müdafiəçilərini peşman edəcəklər.
Ən yaxşısı o olardı ki, o, həbsxanadan çıxandan sonra heç olmasa bitərəf olaydı. Ondan kamikadzelik uman yox idi, əksəriyyət başa düşürdü ki, həbsxanada çox əziyyətlər çəkmiş bir adamı yenidən qladiatora çevirib qabağa vermək olmaz. Amma heç kəs gözləmirdi ki, o, özünə gələndən sonra vaxtilə onu müdafiə edənlərin qəniminə çevriləcək.
Fətullayev bircə şeyi unutmamalıdır ki, bu gün söydüyü siyasi müxalifət, hüquq müdafiəçiləri, jurnalistlər olmasaydı, onun məhbəsdən sağ-salamat çıxmaq şansı sıfıra bərabər olardı.
Adam həyatını borclu olduğu insanlara yaxşılıq edə bilmirsə, heç olmasa, pislik etməz.
Xalid Kazımlı