Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Siyavuşun iti ağlı və heykəli
Milli Məclisin iclasları olan gün mənim üçün çox maraqlı keçir. Həmin gün xeyli irəli düşürəm. Doyunca gülmək də qazanc sayılır axı. Bizdə ağıllı deputatlar nədir, hətta ağlı qıcqırıb parlamentin döşəməsinə, kresloların, masanın üstünə tökülən deputatlar da var axı. Ona görə də gül ki, güləsən.
Məsələn, deputat Rafael Cəbrayılov demokratiyadan, qanundan danışanda gülməmək olar səncə?! Ya da bir görürsən Mübariz Qurbanlı durub deyir ki, YAP bütün seçkilərdə parlaq qələbə qazanıb, bu dəfə də belə olacaq. Bu söz səni qıdıqlayıb güldürməz?
Hadı Rəcəbli lap başqa dəsgahdır. Bir də görürsən sosial siyasətin uğurlarından, xalqın sosial rifahının fısqırıq inkişafından, camaata qayğıdan danışır. Görür yox, danışığından heç kim heç zad başa düşmədi, götürüb bunları köşə şəklində yazır. Oxuyanda istəyirsən balasına dərman almaq üçün barmağındakı sovet dövründən qalma yeganə üzüyünü də satan anaları gedib döyəsən ki, bu boyda qayğı, inkişaf ola-ola bu nə hərəkətdir eləyirsən…
Hələ heç Siyavuş Novruzovu demirəm. Baaa… Siyavuş ağa tamam ayrı nüsxədir. Bir dəfə də yazmışdım, ölkəmizin siyasi mühiti Siyavuşsuz çox darıxdırıcı olardı. Bu fikrim öz təsdiqini dünən bir daha tapdı. Adam Milli Məclisin gül kimi təmirli salonunda alma-satma, lapdan qayıt de ki, mən istəyirəm milli-mənəvi dəyərlərimizin xətrinə ana yurdumuzda fahişəlik müasir beynəlxalq təcrübəyə uyğun olsun, yəni leqallaşdırılsın, açıq-aşkar, qanuni, legitim olsun, milli fahişələrimizin hüquqları qanunla qorunsun.
Siyavuşun bu sözünü eşidən birinci vitse-spiker Ziyafət Əsgərov birinci qulağına inanmayıb. Qulaqtəmizləyənlə qulağını təmizləyib. Deyib Siyavuş, sən Allah, eləmi… Siyavuş dinməyib. Əsgərov “Qatarda”kı Fatı sayaq bir də qayıdıb ki, Siyavuş, konkret de – hə, yox? Siyavuş deyib hə, Avropa ölkələri artıq bu işin çəmini tapıb, biz də onların təcrübəsindən istifadə edə bilərik…
Şayiələrə görə, bunu eşidən Əsgərov əvvəl qulaqlarını, sonra ürəyini tutub “boyyy, ətin tökülsün…” deyə-deyə zaldan qaçıb.
Söz yox, Siyavuş ağa bu müdrik addımı ilə bütün inanclıların, dindar kəsimin, zənən-uşağın, Respublika Ağsaqqallar Şurasının dərin rəğbətini qazanıb. Üstəlik belə abırlı-ağıllı söhbətləri onun sorağını xaricə də yayıb. Bu dəqiqə belə söhbətlər gəzir ki, İranın bütün şəhərlərində Siyavuşun heykəlləri qoyulur, ona dəstək mitinqləri keçirilir. Onun şəninə təriflər söyləyir, ağ kağızdan quş düzəldib göyə atır, mayallaq aşırlar. Təklifi çox gözəl, abırlı, ağıllı, əxlaqi, habelə milli-mənəvidir axı.
Amma politoloq, sosioloq və seksopatoloqlar bu təklifə türkün sözü, bir az dal tərəfdən, yəni skeptik yanaşır. Onun lehinə və əleyhinə olan müzakirələr aparırlar. Bir dəstəsi deyir ki, burada əsas məqsəd milli-mənəvi dəyərlərə hücum deyil, daha çox iqtisadi zirvələri ələ keçirmək məqsədi güdən hücumdur. Yəni hələlik polis rəislərinin, prokurorların qanadı altında yarımgizli işləyən bu quşxanalar leqallaşsa, rəsmi vergi veriləcək, nəticədə dövlətimizin pulu artacaq, iqtisadi göstəricilərimiz, yeni iş yerlərinin statistikası-zadı yaxşılaşacaq, lap axırda da camaatımız yaxşı yaşayacaq. Yəni Siyavuşun ağlınca camaat həm də bir növ bu …..-dən (düüüt) gələn çörəyi yeyəcək, daha nə…
Belə fikirlər də var ki, fahişəxanaları leqallaşdırmaq şəhərdə basabas yaradacaq. Lisenziya verən idarələrin qabağında uzun növbələr əmələ gələcək ki, bu da onsuz da tıxacdan əziyyət çəkən ölkəmizə heç lazım deyil.
Siyasi şərhçilərin başqa bir qrupu isə nataraz suallar verir. Məsələn, deyirlər YAP Avropanın ümumbəşəri dəyərlərə söykənən, insan haqları, demokratiya tələb edən qanunlarını topa tutur ki, bizim öz dəyərlərimiz var, amma indi bizim dəyərlərə zidd olan bir qanuna yaşıl işıq yandırır, bəs, bu nə deməkdir və s.
…Bu mübahisələri uzaqdan izləyirəm. İzləyə-izləyə də fikirləşirəm ki, görəsən, bu leqallaşma təklifi ilə hər hansı müxalifətçi çıxış eləsəydi, nə olardı. Məncə, belə olardı. Əli Əhmədov, Mübariz Qurbanlı, Hadı Rəcəbli molla paltarını geyib oturardılar AzTV-də. Müxalifəti söy ki, söyəsən. Özü də leqal şəkildə…
musavat.com