
Aprelin 18-də axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Azərbaycan Respublikasının baş konsulunun geri çağırılması haqqında sərəncam imzalaması xəbəri yayılıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qüdsi Dursun oğlu Osmanov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Musavat.com-un məlumatına görə, Qudsi Osmanovun geri çağırılması prezidentin ona daha yüksək etimad göstərməsi ilə əlaqədardır. Hökumətdəki mənbələrimizdən əldə etdiyimiz məlumata görə, ölkə başçısı baş konsul Qdüsi Osmanovu Azərbaycanın Rusiyadakı səfirinin müavini postuna təyin edib. Mənbənin bildirdiyinə görə, bu post yeni yaradılıb, Rusiya kimi böyük ölkədə Azərbaycanın daha yaxşı təmsil olunmasına xidmət etməlidir. Mənbəmizin bidlirdiyinə görə, uzun illərdir Ruisyada yaşayan konsul “Qüdsi Osmanov fəaliyyəti dövründə müsbət tərəfdən fərqlənib, eyni zamanda diaspor quruculuğunda ciddi fəallıq göstərib. Ölkə başçısının məhz bu keyfiyyətləri nəzərə alaraq Q.Osmanovun vəzifəsini daha da böyüdüb”.
Qeyd edək ki, Osmanov Qüdsi Dursun oğlu 1966-cı il, fevralın 16-da Ermənistan Respublikasının Noyemberyan rayonunda anadan olub. 1984-87-ci illərdə sovet ordusu sıralarında xidmət edib. 1998-ci ilin aprel ayından 2004-cü ilin dekabr ayınadək Azərbaycan Respublikasının Sankt-Peterburqdakı fəxri konsulu vəzifəsində çalışıb. Azərbaycan prezidentinin 16 dekabr, 2004-cü il tarixli 557 saylı sərəncamı ilə Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu vəzifəsinə təyin olunub. Fövqəladə və səlahiyyətli səfir diplomatik ranqına malikdir. Ali təhsillidir, Sankt-Peterburq Su Kommunikasiyaları Universiteti (iqtisadiyyat) və Sankt-Peterburq Dövlət Universitetinin (hüquqşunas) məzunudur. Siyasi elmlər namizədidir, Sankt-Peterburq Dövlət Universitetinin müəllimidir. Konsulluq dairələri: Kareliya Respublikası, Komi Respublikası, Arxangelsk, Voloqodsk, Kalininqrad, Leninqrad, Murmansk, Novqorod və Pskov vilayətləri, Nenets muxtar dairəsi və Sankt-Peterburq şəhəri. Q.Osmanov “Sankt-Peterburqun 300 illiyi”, “Rusiya donanmasının 300 illiyi” və Rusiyanın görkəmli dövlət xadimi və diplomat A.M.Qorçakov adına medallarla təltif olunub.
18.04.2013, 21:00
221
baxış
Gurban Alakbar