
“ABŞ-ın Azərbaycanda seçkiyə qarışmağa, qiymət verməyə heç bir haqqı və hüququ yoxdur”. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına açıqlamasında belə deyib.
Ölkə konstitusiyasının müddəalarını xatırladan Siyavuş Novruzov bildirib ki, hakimiyyətin mənbəyi xalqdır: “Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyəti xalq formalaşdırır. Xalq da bunu seçki yolu ilə edir, başqa yollarla yox. Ona görə də xalq referendumla öz konstitusiyasında dəyişiklik edib, xalqın dəstək verdiyi halda bir şəxsin iki dəfədən çox seçilməsinə imkan yaradıb. Hansısa qanunla xalqın seçmək hüququnu əlindən almaq olmaz, bu mümkün deyil.
ABŞ-da o qədər hadisə baş verir ki. Gedib öz işləri ilə məşğul olsunlar. İraqla, Əfqanıstanla məşğul olsunlar. Bu ölkələrdə nələr baş verdiyinə baxsınlar, hansı demokratik dövlət yaratdıqları haqda düşünsünlər. Başqasının işinə qarışmasınlar. Prezident İlham Əliyev də deyib ki, Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq, tərəfdaşlıq, strateji müttəfiqlik edir, amma bu heç kimə bizim daxili işlərimizə qarışmasına haqq və hüquq vermir. ABŞ bizə dost və müttəfiq ölkədir. Amma bizə kimi seçib-seçməmək haqda göstəriş verməyə haqqı yoxdur”.
Siyavuş Novruzov qeyd edib ki, ABŞ heç bir halda Azərbaycana xəbərdarlıq edə bilməz: “O kimdir ki, xəbərdarlıq etsin? BMT-dir, əstəğfürulah, Allahdır? ABŞ Dövlət Departamentinin bir nümayəndəsidir. Nə danışır, özü bilər. Bunun Azərbaycanda keçiriləcək prezident seçkisinə, kimin namizəd olub-olmayacağına heç bir aidiyyəti yoxdur. Müxalifət onun dediklərini şişirdir, bundan təsəlli alırlar”.
YAP icra katibinin müavini hesab edir ki, ABŞ-ın seçki sistemi qüsurludur, çünki prezidenti birbaşa xalq seçmir: “Ordan-burdan adamlar seçirlər. Onlar da küləyin istiqamətinə baxırlar, Mərkəzi Kəşfiyyat İdarəsinin dediyi şəxsi prezident seçirlər. Bu seçki sistemi qüsurludur və dünyadakı demokratik seçki sisteminə uyğun deyil. Gedib seçki sistemini dəyişsinlər. Niyə dəyişmirlər?”.
Azərbaycana səfər edən ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia aprelin 17-də “Turan”ın suallarını cavablandırıb. ABŞ rəsmisinə ATƏT-in Bakı ofisinin statusu ətrafında fikir ayrılığı və Azərbaycanda keçiriləcək prezident seçkisi barədə də suallar verilib:
- Bakının ATƏT missiyasını layihə koordinatoru səviyyəsinə qədər azaltmaq ideyası haqqında nə deyə bilərsiniz? Qeyri-rəsmi məlumata görə, Vaşinqton bunun qarşısını almaqla hədələyib. Azərbaycanın xarici işlər naziri isə bu xəbərdarlığı yolverilməz şantaj adlandırıb.
- ATƏT 46 ölkə deməkdir və bu birlik beynəlxalq proseslərdə, o cümlədən ümumi vəziyyətin və seçkilər prosesinin monitorinqində böyük rol oynayır. Sizə gəlincə, həm də Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edir. Buna görə ümid edirik ki, missiyanın səviyyəsi azaldılmayacaq. Bu mövzu Vyanada ATƏT-in qərargahında müzakirə olunur və biz ümid edirik ki, səmərəli qərar əldə olunacaq.
- Prezident seçkisi ərəfəsində Azərbaycanda vəziyyəti necə qiymətləndirirsiniz? Vaşinqton İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürmək istəyi barədə nə düşünür?
- Prezident vəzifəsinə namizəd kimi kimlərin irəli sürüləcəyi barədə məlumatımız yoxdur. Beynəlxalq və yerli müşahidəçilərin seçkilərə buraxılacağına və prosesi müşahidə edib obyektiv qiymət verəcəyinə ümid edirik.
- Gəlin hesab edək ki, İlham Əliyev üçüncü dəfə namizədliyini irəli sürür. ATƏT və Avropa Şurasının üzvü olan bir ölkə üçün bunu normal sayırsınızmı və bu, beynəlxalq demokratiya standartlarına uyğundurmu?
- Düşünürəm ki, bu, konstitusiyanın müddəaları, səsvermənin gedişi haqqında müzakirələrin mövzusudur. Bunun ağ və ya qırmızı xətt olduğunu demək istəməzdim, hər halda növbəti səfərim zamanı bunu biz müzakirə edəcəyik.