
İran parlamentində “Türkmənçay müqaviləsinə yenidən baxmağı tələb edən qanun layihəsinin qəbulu”ndan danışıldı
Rəsmi Bakı susur, tarixçi-alim ilginc faktlar açıqladı; müxalifətdən cavab gəldi...
“Azərbaycan rəhbərliyinə xəbərdarlıq edirik ki, onlar öz yanlış addımlarından əl çəkməsələr, parlamentdə rüsvayçı və bizə zorla sırınmış Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxacağıq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin iclasındakı çıxışında Urmiyadan seçilmiş millət vəkili Nadir Qazipur deyib. O, Azərbaycan hökumətini “İran əleyhinə yönəlmiş” fəaliyyətə son qoymağa çağırıb. Bildirib ki, əks halda, İran parlamenti hökumətdən Türkmənçay müqaviləsinə yenidən baxmağı tələb edən qanun layihəsi qəbul edəcək.
N.Qazipurun iddiasına görə, Gülüstan və Türkmənçay müqavilələrinə uyğun olaraq İrandan ayrılmış Azərbaycan şəhərlərinin sakinləri arasında referendum keçirilsə, onlar İranın tərkibinə daxil olmağa səs verər.
Xatırladaq ki, son iki gündə bu, eyni iddialarla çıxış edən ikinci İran deputatıdır. Srağagün Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzən parlamentin bəzi üzvlərinin Türkmənçay müqaviləsinə yenidən baxılmasını və Azərbaycan ərazilərinin yenidən İrana birləşdirməsini nəzərdə tutan qanun layihəsi üzərində işlədiyini bəyan etmişdi.
Diqqətçəkən odur ki, İran bu məsələdə əslən azərbaycanlı deputatları irəli verib və Bakını elə azərbaycanlıların əli ilə “vurmağa” çalışır. Rəsmi Bakı isə bu iddiaları cavablandırmağa hələlik tələsmir. Dünən Azərbaycan XİN-dən bu məsələyə münasibət öyrənə bilmədik. YAP rəhbərliyində olan deputatlar Siyavuş Novruzov və Mübariz Qurbanlı isə Tehrandan gələn bu sərsəm iddialara sərt cavab veriblər.
Tarixçi-alim, professor Nəsib Nəsibli hesab edir ki, Türkmənçay müqaviləsi imzalanandan sonra bir neçə dəfə ləğv olunub: “1921-ci ildə sovet Rusiyası çar Rusiyasının imzaladığı bütün müqavilələrin birtərəfli qaydada ləğv olunduğunu elan etdi. Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bu müqavilə ləğv olundu və İran Azərbaycanın ərazisi ilə bir yerdə onun varlığını tanıdı. Nəhayət, indiki Azərbaycan Respublikası öz ərazisi ilə bir yerdə İran tərəfindən tanınır. Təbii ki, o müqavilə çoxdandır tarixi hadisəyə çevrilib. Ona görə də bu gün onun ləğvini tələb etmək gülməli işdir və heç bir əhəmiyyəti yoxdur. Yalnız daxili auditoriya üçün təbliğati əhəmiyyəti ola bilər. Bir də bunu Azərbaycan Respublikasına yönəlmiş təzyiq məqsədilə verilmiş bəyanat saymaq olar. Bunun da bir anlamı yoxdur”.
N.Nəsibli xatırlatdı ki, Şimali Azərbaycan, yəni indiki Azərbaycan Respublikasının vətəndaşları da Türkmənçay və ya Gülüstan müqavilələrinə nifrətlə yanaşır: “Bizim vətənimiz parçalanıb. Azərbaycan Respublikasına belə təşəbbüslə təzyiq göstərmək ağılsızlıqdır”.
Rəsmi Bakının bu məqamda hansı mövqeni tutmasına gəldikdə isə professor dedi ki, bu məsələnin cavabı yoxdur: “Əvvəla, İran Şura Məclisində bunun qəbul olunması ehtimalı sıfıra bərabərdir. Çünki kimsə təbliğat məqsədilə bir təşəbbüs irəli sürürsə, bu, o demək deyil ki, məsələ mütləq axıra çatdırılacaq. Sazişi ləğv edib nə deyəcəklər? Əgər bunlar on illərdir deyirsə ki, 17 İran şəhərini itiriblər, onları tələb edəcəklərsə, bu 17 ”İran şəhəri"nə Ermənistan da, Gürcüstan da, Azərbaycan da daxildir. Bunların bir neçəsini tələb edib o birilərini tələb etməmək məntiqsizlik olardı".
N.Nəsibli maraqlı bir tarixi faktı da nəzərə çatdırdı. Bildirdi ki, 1919-cu ildə Qacar İranının nümayəndəsi Paris sülh konfransında belə bir məsələni qaldırıbmış: “Yəni müharibədə iştirak etməyən İran torpaq iddiasında idi. Avropalılar bu iddianı dilinə gətirən İran nümayəndəsini otaqdan qovmuşdu ki, sən nə danışırsan. İndi də təqribən eyni hal baş verir. Bunlar deyir ki, Şimali Azərbaycanda İrana birləşmək məsələsi ilə bağlı referendum keçirmək lazımdır. Şimali Azərbaycan öz müqəddəratını çoxdan müəyyən edib və Güney Azərbaycana birləşmək, öz qardaşları ilə bir dövlətdə olmaq istəyər. Amma İran deyilən bir zindanda olmağı Şimali Azərbaycan təbii ki, istəməz. Azərbaycan Respublikası da deyir, Amerikada da belə bəyanatlar səslənib ki, referendum keçirilsin, amma bu referendum Güney Azərbaycanda keçirilsin. Çünki məhz Güney Azərbaycanın nümayəndələri ”Haray, haray, mən türkəm" deyir, yəni deyir ki, mən iranlı deyiləm, onlardır. Yəni millətin əhval-ruhiyyəsini hansısa təyin olunmuş deputatın çığır-bağırı ilə müəyyən etmək doğru deyil".
Ölkə müxalifəti də İrandakı iddialara etiraz edib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı “Yeni Müsavat”a dedi ki, hər hansı bir dövlətin Azərbaycana qarşı yönəlmiş təhdidi qəbuledilməzdir və bu, ölkəmizin müstəqilliyinə və suverenliyinə hörmətsizlik əlaməti sayılmalıdır: “Ona görə də İran dövlətinin bu məsələni müzakirəyə çıxarması Azərbaycan-İran münasibətlərinin daha da gərginləşməsinə səbəb ola bilər. Müsavat Partiyası hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünə yönəlik hər hansı çağırış yolverilməzdir və bu çağırışları qətiyyətlə pisləyirik”.
AXCP sədrinin müavini Həsən Kərimovun fikrincə, İranın iddiası tam absurddur: “Azərbaycanda nə İrana, nə də digər ölkələrə qarşı torpaq iddiası yoxdur. Bu, Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətin məntiqi davamıdır. Çox vaxt hakimiyyət çox uğurlu xarici siyasətdən danışır, ancaq qonşu dövlətlərlə, Rusiya və İranla münasibətlərində də ciddi gərginlik var. Bu da o gərginliyin nəticəsidir. Tarix boyu Təbriz, onun ətrafındakı bölgələr qədim Azərbaycan torpaqları olub. Lakin indiki şəraitdə bizim İrana ərazi iddiamız yoxdur. Görünür, İranın vaxtilə Azərbaycanda mövcud olan iranmeylli qurumlarının da bu məsələdə rolu var. Çünki 2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir. İran vəziyyəti gərginləşdirmək, Azərbaycanda qarışıqlıq salmaq və Azərbaycan xalqının başını başqa məsələlərlə qatmaq üçün belə addım atır. Bu iddialar baş tutan söhbət deyil. Azərbaycanın ərazi bütövlüyü BMT və dünya dövlətləri tərəfindən tanınıb. Belə iddianın irəli sürülməsi mənasız məsələ və söz oyunudur”.
Qeyd edək ki, Türkmənçay müqaviləsi II Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il, fevralın 10-da Türkmənçay kəndində Rusiya ilə İran arasında bağlanıb. Müqaviləyə əsasən Azərbaycanın Araz çayından şimaldakı əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçib. Bu il oktyabrın 12-də isə Gülüstan müqaviləsinin də 200 illiyi tamam olur.
musavat.com