Samir SARI
samir_sari@mail.ru
Şillə yeməyə iştahlılar
Deyəsən, artıq rayonlarda icra hakimiyyəti başçısı vəzifəsində işləmək sərfəli deyil. Hər gün onlardan pis-pis soraqlar gəlir. Gah camaat üsyan qaldırıb birinin villasını, gah başqasının otelini yandırırlar, bəzən özlərində böyük məmur birinin üzünə şillə, dalına təpik tutuzdurur, hərdən də elə də olur, başçının suratına kərpic çırpırlar.
Hələ polis rəisinin hirslənib başçıya Zidanvari kəllə qoyduğundan danışmıram. Çünki bu, rəsmən təsdiqlənmədi – yəni Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə açıqlama yayaraq demədilər ki, belə bir hadisə olmuşdur və tərəfimizdən araşdırma aparılmışdır. Bu strukturlar birgə rəsmi açıqlama yaymırlarsa, demək, həmin hadisə yerli-dibli olmayıb. Çox da hadisənin şahidləri hələ də deyirlər ki, xeyr, rəis kəllə zərbəsini başçının qaşqasından çox sərrast, hətta Zidandan da effektiv şəkildə qoyub.
Ən pisi o oldu ki, bu xüsusda rəsmi təkzib də verilmədi. Adətən qəzetlərdə yanlış bir şey yazılanda hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri dərhal xəbəri təkzib edən mətn yayırlar. Bəzən hətta bir neçə dəfə. Məsələn, baharın ilk günlərində əlinə fotoaparat götürərək Xocasən tərəfdə yaşıl yamacların seyrinə çıxan bir qadın – MDU-nun Bakı filialının müəlliməsi Qobu kəndindən olan iki ağ atlı oğlanın xoşagəlməz davranışlarına məruz qalmışdı. Qəzetlər, saytlar yazmışdılar ki, guya atlı igidlər gənc və yaraşıqlı müəlliməyə tamah salıblar və öz çirkin arzularına çatıblar. Baş Prokurorluq isə 3-4 dəfə təkzib yaymağa məcbur olaraq bildirdi ki, atlılar orta yaşlı müəlliməyə pis gözlə baxsalar da, qadının müqavimət göstərməsi nəticəsində arzuları qursaqlarında qalıb.
Başqa vaxt etmədikləri cinayəti əllərinə keçən adamların boynuna zorla qoyan strukturların bu insanpərvərliyi göz yaşardırdı. Ancaq təkziblərin silsiləvi şəkildə davam etməsi axırda ortaya şübhəli məqamlar çıxartdı. Sanki prokurorluqdan bu cür açıqlama yaymağı tələb edənlər vardı.
Xülasə, indi bu İH başçılarının döyülməsi məsələsi də ona dönüb. Xəbərlər var ki, vəzifəli şəxsə qarşı onun şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verilib. Ancaq hüquq-mühafizə orqanları nəinki bu barədə cinayət işləri açmayıblar, heç olmasa müvafiq xəbərləri təkzib də etmirlər.
Bu, düzgün deyil. Bir icra başçısı şillələnibsə, digərinin üz nahiyəsinə kərpic çırpılıbsa, xalq bunu bilməlidir. Bu hadisələri gizlətmək xalqa xəyanətdir, onu zəruri fərəh hissi yaşamaqdan məhrum etməkdir.
Hazırda redaksiyaya zənglər gəlir, əməkdaşlarımızı müxtəlif ocaqlara and verib soruşurlar ki, doğrudanmı elə bir əhvalat baş verib. Bizimkilər xəbəri təsdiqləyəndə xəttin o başından qəhqəhə sədası, ardınca da “onlara bu da azdır” replikası eşidilir. Xalq öz başçılarını nə qədər sevirmiş!
Ona görə də belə hadisələri ictimaiyyətdən gizlətmək olmaz. Qoy camaat oxusun, hətta telekanallarda həmin hadisəyə həsr edilmiş süjetlərə baxsın və yüksək əhvali-ruhiyyəyə köklənsin. Nə qədər qaramat xəbərlər eşitmək olar?
Görünür, belə hadisələrin ört-basdır edilməsinin ciddi səbəbləri var. Hökumət qorxur ki, o biri rayonlarda da İH başçılarını cani-könüldən və dəruni məhəbbətlə sevən əhali onlara qarşı müəyyən hərəkətlərə yol verər.
Amma qorxulu bir şey yoxdur, başqa pis vərdişlərdə olduğu kimi, bu hərəkətlər sirayətedici ola bilməz. Çünki İH başçısını şapalaqlamaq kimi eksklüziv hüquqlar rəiyyətə xas deyil. Başçıları bir qayda olaraq ya özlərindən böyüklər, ya özlərinə bablar, ya da arxasında güclü day-dayı olan şəxslər çırpır.
Əgər sadə zəhmətkeşin biri qəzəbə dolub başçıya, kəllə demirəm, adicə söz atsa, ikincinin cangüdənlərin tökülüşüb adamı şil-küt edərlər, üstəlik, basarlar içəri. Bax, onda hüquq-mühafizə orqanları birgə açıqlama yayarlar ki, filan rayonda dövlət məmurunun həyatına qarşı sui-qəsd cəhdi olub. Kim bilir, bəlkə yerli müxalifət fəallarını da işə cəlb edərlər ki, qəzəblənmiş zəhmətkeşi onlar öyrədiblər.
İndi gözləyirəm ki, adları döyülmüş kimi çəkilən İH başçıları sağalandan sonra qəzetləri şərəf və ləyaqət iddiası ilə məhkəməyə verəcəklər. Onda biz onlara deyəcəyik, müəllim, sənin şərəfin şillə yeyəndə tapdanmadı, qəzetlər yazanda tapdandı?