Samir SARI
samir_sari@mail.ru
YENƏ O LRAD “KİTAYSKİ” OLSAYDI…
Amerika səfirliyi deyib ki, Azərbaycana qulaqbatıran silahı ABŞ hökuməti satmayıb, özəl şirkət satıb. İndi qədirbilən və diqqətli oxucu sual verir ki, bu, nədir, təsdiqdirmi, təkzibdirmi.
Gendən baxanda bu, LRAD adlı akustik silahın Azərbaycana Amerikadan gətirildiyinin təsdiqidir, amma yaxınlaşıb detallarla varanda məlum olur ki, bu açıqlama təkzib xarakterlidir. Çünki LRAD-ı Azərbaycana Pentaqon satmayıb, hansısa özəl şirkət satıb və onun fəaliyyətinə Obama administrasiyası cavabdeh deyil.
Əlbəttə, biz Seymur Herş (amerikalı araşdırmaçı) qədər fərasətli və sitizə olsaq, ortaya çıxara bilərik ki, akustik silah satan şirkətlə Azərbaycan hökuməti arasında bağlanmış müqavilə ABŞ-Azərbaycan iqtisadi əlaqələrini nəzərdə tutan memorandumun çərçivəsində baş tutub. Yəni arada ABŞ-Azərbaycan dostluq-qardaşlığı olmasaydı, təbii ki, biz qulaqbatıran silah ala bilməzdik.
Bizim camaat demokratik ABŞ-dan belə bulaşıq-dolaşıq ticarət sövdələşməsi gözləmir. LRAD-ı bizə Rusiya satsaydı, təbii qarşılayardıq, bilərdik ki, 19-cu əsrdən bəri bizə böyük qardaşlıq eləyən şimal qonşumuz yenə də öz kiçik qardaşına qardaşlıq əlini uzadıb. Biz bu cür köməkliklərə vərdiş eləmişik, yüz illərdir qolumuza rus qandalı taxılır, belimizə rus dəyənəyi dəyir, hətta quduran tulaları da Tula silah zavodunda istehsal olunmuş tüfənglə vururuq. Hələ bunun şampanı, “Kalaşnikov”u, T-75-i, K-700-ü, “Miq”i, “Tu”yu var.
Ancaq biləndə ki, bu dəfə təpəmizə dəyən dəyənək Amerika dəyənəyidir, hətta o rus dəyənəyindən yumşaq olsa da, xətrimizə dəyir. Bizə elə gəlir ki, Amerika “demokratiyanın beşiyi” olduğu üçün Azərbaycan hökumətinə silah yeşiyi satmamalıdır.
Təbii ki, dövlətlərarası ticarət müqavilələri bizim qulağımıza da deyil. Düşünmürük ki, yaxşı, o silahı Bakıya Amerika satmayacaq, şərq tərəfdən Çin gələcək, daha ucuz qiymətə daha çox satacaq.
Yəni əgər mövcud rejimin niyyəti xalqın səsini, qulağını batırmaqdırsa, nə fərqi var ki, onu Amerika LRAD-ıyla edəcək, yoxsa Çin LRAD-ıyla.
Hərçənd belə bir ümid var ki, Çinin akustik silahı nə qədər olmasa da, “kitayski” olar, bir-iki dəfədən sonra xarablayar, yaxud da səsi zəif çıxar, ciyildəyər, nəticədə çox adamın qulağının pərdəsi cırılmaz. Amma Amerika və Almaniya elə ölkələrdir ki, hər nə şoqərib qayırsalar, keyfiyyətli qayırırlar və təyinatı üzrə uzun illər işləyir.
Ona görə də xalqımız hazırda o qulaqbatıran silahın üstündə “Made in USA” yazıldığına görə çox pəjmürdədir. Budur, uzun illərdir ki, biz Amerikadan bir seçki məntəqəsində işləyəcək qədər seçki təcrübəsi, mexanizmi, ənənəsi gətirə bilməmişik, amma əvəzində hökumət qulağımızı batıracaq silah alıb gətirib.
Deyilənə görə, Amerikadakı özəl şirkət qulaqcıran silahını inqilab olacağı qorxusuyla şalvarını batıran başqa rejimlərə də satıb. Ancaq bir xəbər də var ki, Çin də akustik silaha qarşı 2 manatlıq qulaqcıqlar (üstündə də “MADE İN CHİNA” yazısı) istehsal edib satır, taxırsan qulağına və LRAD o tərəfdə özünü cırsa da, heç nə eşitmirsən.
Bu üzdən ABŞ-ın yuxarıda sözügedən silah alverinə dair təkzibini təkzib kimi qəbul etmək də olar, etməmək də. Amma ATƏT-in Bakı Ofisinin qurumda yoxlama aparıldığına dair xəbəri təkzib etməsini heç cür qəbul etmək mümkün deyil. Xəbəri verən mənbə Qazaxıstan taxılından bişirilmiş çörəyə and içərək deyir ki, qırxdır, bir əskik deyil, yoxlama da var, gərginlik də.
Əlbəttə, bunlar hamısı olan şeylərdir, daha yekə-yekə təkzib açıqlaması yaymaq nəyə lazımdır? Yoxlanmaq ayıb iş deyil ki.
Ümumiyyətlə, nə işdirsə, necə dəbdirsə, hamı təkzib edir. Birinin mandat alveri eləyən yerdə filmini çəkirlər, deyir, mən deyiləm, o birini pis vəziyyətdə tuturlar, bəyan edir ki, oxşarımdır. Amma hökumət istəyəndə cibi vicdanı kimi təmiz olan gəncin üstündən şəxsi istehlak üçün nəzərdə tutulan miqdardan iki dəfə artıq narkotik maddə tapır. Adam nə qədər qışqırsa da, xeyri olmur, sanki Femidanın qulağını LRAD səsi batırıb.