Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ötən həftə ərzində görülən işlərə dair müzakirələrdə İsmayıllı hadisələrinə görə həbs olunan Tofiq Yaqublunun hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb. Qeyd edilib ki, T.Yaqublunun həbsi ilə bağlı elektron imzatoplama kampaniyası davam edir. Divanda bildirilib ki, T.Yaqublu barəsində həbs-qətimkan tədbiri seçiləndən bir aydan artıq vaxt ötsə də bu günə qədər faktiki olaraq heç bir istintaq hərəkəti həyata keçirilməyib. Bu da onun həbsinin əsassız olduğunun daha bir sübutudur.
Partiyadaxili məsələlərin müzakirəsində gənclərin martın 17-də Müsavat başqanı İsa Qəmbərlə görüşünə hazırlıq barədə məlumat verilib. Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Gənclər Təşkilatının Bakı, Təbriz və Dostluq kinoteatrlarından birində görüş üçün yer ayrılmasına dair müraciətinə mənfi cavab verib. Hakimiyyətin bu ənənəvi qanunazidd mövqeyi pislənib.
İclasda 2013-cü il prezident seçkilərinə hazırlığın gedişi müzakirə edilib və bir sıra qərarlar qəbul edilib.
İctimai-siyasi duruma dair bölümdə martın 10-da gənclərin “Fəvvarələr” meydanında keçirdiyi aksiya və hakimiyyətin repressiyalarının artması da müzakirə olunub. Müsavat Partiyası 10 mart aksiyasını təqdir edir. Bildirilib ki, hakimiyyətin repressiyalarına, hədə-qorxusuna baxmayaraq, gənclərin “Əsgər ölümlərinə son” dinc aksiyası yüksək səviyyədə keçib. Gənclərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, ictimai-siyasi fəalların əzm və fədakarlıqla iştirak etdiyi aksiya həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə böyük əks – səda verib.
Toplantıda Demokratiyaya Yardım Fondunun təqdimat tədbiri və fəaliyyətə başlaması haqqında da məlumat verilib. Divanda bildirilib ki, Müsavat Partiyası bu fondun yaradılmasını tam dəstəkləyir, cəmiyyəti isə fondun həyata keçirdiyi tədbirlərdə fəallıq göstərməyə çağırır. 10 mart aksiyasında həbs edilən gənclərin sifarişlə işləyən məhkəmələr tərəfindən yenə də böyük cərimələrə məruz qoyulması fondun bu fəaliyyətinin önəmini bir daha təsdiq edir.
Divanda 10 mart aksiyasından bir gün öncə Novxanıda “Aqua Park” otelində ATƏT-in təşkil etdiyi seminar zamanı törədilən polis zorakılığı da müzakirə olunub. Bildirilib ki, tədbirdə ATƏT-in nümayəndəsi də daxil olmaqla seminar iştirakçıları, o cümlədən Müsavat başqanının müşaviri Yeganə Hacıyeva polis kobudluğuna məruz qalıb. Yeganə Hacıyevanın telefonunun kartı və ona məxsus olmayan noutbuk qeyri-rəsmi müsadirə olunub və indiyə qədər qaytarılmayıb. Müsavat Partiyası hesab edir ki, ATƏT-in rəhbər strurkturları və Bakı ofisi bu bu yolverilməz basqına daha prinsipial mövqe sərgiləməlidir.
Divanda uydurma ittihamlarla saxlanan N!DA Vətəndaş Hərəkatının üzvləri – Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizovun həbs olunaraq barələrində cinayət işi açılması da müzakirə olunub. Divan hesab edir ki, bu, hakimyyətin cəmiyyəti və ilk növbədə gəncləri fəallıqdan çəkindirmək üçün hazırladığı qurama bir işdir və gənclərin yaşadıqları evlərdə “tapılan” “Molotov kokteyl”ləri və narkotik maddə hüquq-mühafizə orqanları tərəfindən qoyulub. Medianın məlumatına görə, gənclərdən birinin yaşadığı evdən götürülən 94 min manat isə onun bizneslə məşğul olan atasına məxsus olub.
Müsavat Partiyası bütün bu prosesləri və hadisələri təhlil edərək yerli və beynəlxalq ictimaiyyətin diqqətini önəmli bir fərqə yönəltməyi zəruri hesab edir: Azərbaycan demokratik qüvvələri dəfələrlə hakimiyyəti köklü islahatlara, siyasi və iqtisadi azadlıqların genişləndirilməsinə, demokratik seçkilər keçirməyə səsləyib, dialoq mövzusunu gündəmə gətirib. Hakimiyyət isə yeni repressiya dalğasını başlatmaqla, səkkiz illik fasilədən sonra yenidən dövlət çevrilişi şousu yaratmaqla öz seçimini edir və Mübarək, Qəzzafi, Bəşər Əsəd yolunu davam etdirməyə üstünlük verir.