Medianews.az
NAZPƏRİ XANIMDAN ƏLİNİZİ ÇƏKİN!
243 baxış

NAZPƏRİ XANIMDAN ƏLİNİZİ ÇƏKİN!


Zamin HACI
zaminhaci@gmail.com

İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın münaqişəsini böyük maraqla izləyirəm. Etiraf edim ki, Nazpəri xanıma azarkeşlik edirəm, həm onun “Nə olar, Allahım, ayırma bizi” mahnısını çox sevdiyim üçün, həm müəllimlərə vaxtilə “Nazpəri” şokoladlarından çox bağışladığım üçün. “İlhamə” şokoladı olmamışdır.

Başqa yöndən, müxalifət qüvvələr bu davada mütləq Nazpəri xanımın tərəfini tutmalıdır. Birincisi, İlhamə Quliyevanın adı və soyadı insanda mənfi təəssüratlar oyadır. Sanki “İlham Əliyevin qulu olaq” deyilir. Nazpəri Dostəliyeva - burda isə görün nə qədər müsbət emosiya vardır! Doğrudur, bunu da “Əliyevlərə dost olaq” kimi oxumaq mümkündür, ancaq “Dostumuz Əli Kərimlidir!” variantı daha ağlabatandır. İkincisi, Nazpəri xanım iqtidarın repressiyası ilə üzləşibdir. Üçüncüsü, guya İctimai Palata bu saat nə iş görür ki?

İndi kimsə fikirləşə bilər ki, adə, sənin işin-gücün yoxdurmu, bu nə yazıdır, nə söhbətdir... Elə fikirləşən getsin qarnını qaşısın. Respublikamızda ictimai-siyasi vəziyyət bu cürdür. Hər cür səfehliyə və gicliyə yaşıl işıq yandırılmışdır.
Bax, elə həmin İlhamə-Nazpəri davasına DİN-in “Bandotdel” kimi “ciddi” (artıq dırnaqda yazmağa məcburuq) idarəsinin qarışmasını, idarə rəisi general Mirqafar əkənin İlhamə Quliyevanın sifarişi ilə oxumasını... daha doğrusu, İlhamə xanım kimə barmağını tuşlasa, Mirqafar əkənin onu tutub “Bandotdel”ə apardığını yazmışdıq. Dünən İlhamə xanım buna aydınlıq gətirib, deyir ki, Mirqafar müəllim respublikada hər kəsin dostudur, qanunların keşiyində durur və sairə (Şəxsən mənim Mirqafar adlı dostum yoxdur - Z.H.) Nazpəri xanımı isə “Bandotdel”ə çağırıblarmış ki, ortada... barışıq olsun! Guya "Bandotdel" barışıq, işləri ilə məşğul olan el ağsaqqalı, ya da ağbirçəyi kimi bir şey imiş. Bəlkə "Bandotdel" Ağsaqqallar Şurasının alt qurumlarından biridir, xəbərimiz yoxdur?

Sən də deyirsən qanunçuluq elə getdi, dövlətçilik belə dombalaq aşdı... Camaat MTN-də oturub “Toylar kralı” müəyyənləşdirir. Hər nazirin, icra başçısının, polis rəisi və prokurorun öz müğənnisi var, hərdən efirdə müğənniləri dalaşdırıb həzz alırlar.

Qanun kimi tərbiyəsiz söz yazdığıma görə oxuculardan üzr istəyirəm. Ancaq İlhamə-Nazpəri münaqişəsi qədər ciddi bir münaqişə də yetişməkdədir və buna qanuni şəkildə əncam çəkilməsə qırğın olacaq. Söhbət Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə Təhsil Nazirliyi arasındakı savaşdan gedir.

TQDK artıq bir aydan çoxdur TN-in hazırladığı orta məktəb dərsliklərini sözün əsl anlamında cırıq-cırıq eləyib küləyə verir. Az qala hər gün yeni xəbər gəlir: “TQDK ekspertləri daha 3 dərsliyin standartlara cavab vermədiyi, ləğvi haqda rəy çıxartdılar”. Təxmini hesablamalara görə, Məleykə xanımın idarəsi artıq orta məktəb dərsliklərinin 70 faizini ləğv etmişdir.
Təbii ki, 200 ilin naziri olan Misir müəllimi belə rəylərlə qorxutmaq çətindir. Misir müəllim istəsə dərsliksiz də qəşəng dərs keçər, hamınız oturub kirmişcə qulaq asarsınız. Guya Azərbaycan məktəblərində dərslik çox vacib şeydir ki? Dərslik dərdini qoy repetitorlar çəksin, müəllim adı şərəflidir! Ey hörmətli müəllim, Qəlbimizdə yerin var... Nə isə.

Məni bu münaqişədə hüquqi məsələ düşündürür. TN cavab verir ki, TQDK ekspertləri getsin hoppansın, onların rəyi bizə əsas ola bilməz. Bəs TQDK bu işi özbaşına görürmü? Yox. Söhbət ondadır ki, məktəb dərsliklərini monitorinq edib rəy hazırlamaq səlahiyyətini prezident Əliyev keçən ilin aprelində imzaladığı fərmanla TQDK-ya veribdir. Əgər prezident TQDK ekspertlərinə güvənmirsə, niyə onlara belə səlahiyyət verib? Əgər TN prezidentin fərmanlarına tabedirsə, niyə ekspertləri saymır?

Bax, belə məqamlarda Mirqafar əkənin yeri görünür.

Bizə qoşulun