
Famil CƏFƏRLİ
familceferli2@gmail.com
RAUF HƏBİBOV HANI?
YAP-çıları dindirən kimi başlayırlar müxalifəti qaralamağa, şərləməyə. Ən sevimli tezislərindən biri də budur ki, AXC-Müsavat hakimiyyəti dövründə ölkədə vəziyyət pis idi, çörək tapılmırdı, adamlar evindən küçəyə çıxa bilmirdi, Azərbaycan dağılıb məhv olmaq, vətəndaş müharibəsi və qardaş qırğını ərəfəsində idi...
Elə burada da dayanaq. “Ərəfəsində idi...” Məhz ərəfəsində. Vətəndaş müharibə, qardaş qırğını ki, yox idi?! Yox idi. Söhbət hələ ərəfədən gedir, bilmək olmazdı nə olacaqdı. Amma bəs bu YAP-çılar gəlib nə yapdı?! Gəl buna baxaq.
YAP hakimiyyətə gələndən sonra ölkədə vəziyyət lap pis oldu - çörək tapıldı, özü də lap əla növ buğda unundan, amma camaat onu almağa pul tapmadı. YAP hakimiyyətə gələndən sonra adamlar yenə evindən nəinki küçəyə, bu dəfə heç blokuna da çıxa bilmədi. Adamları elə blokundaca güllələyib öldürdülər. Rəhmətlik Ziya Bünyadov, rəhmətlik Elmar Hüseynov, rəhmətlik Rövşən Əliyev (prokuror), Fətullah Hüseynov, adını unutduğum daha neçəsi... elə öz bloklarındaca qətlə yetirildilər (general Rail Rzayev bir az zirək çıxıb blokdan aralana bilmişdi, amma çox uzağa getməyə qoymadılar). AXC-Müsavat dövründə camaat mağıl evinin blokundan çıxıb küçəyə qədər gedə bilirdi. YAP dövründə heç buna da imkan yoxdur ki...
Vətəndaş müharibəsi nağılına gələk. Xəbər saytlarını diqqətlə izləyənlər bilir, hər gün azı 4-5 azərbaycanlının, yəni vətəndaşımızın bir-birini bıçaqlaması, güllələməsi, oxlovla, daş parçası ilə, yaba sapı ilə döyüb öldürməsi barədə informasiya yayılır. Mən hələ qrup halında kütləvi davaları, bıçaqlaşmaları demirəm. Vətəndaşlarımız borc, kasıblıq, dolanışıq, pul, çörək üstündə bir-birinin ətini yeyir. Yaxşı, bəs vətəndaş müharibəsinin buynuzu olur? Bu “müharibə cəbhəsi”ndə bircə ayda baş verən ölüm-itim halları bir illik AXC-Müsavat iqtidarı dövründə baş verən analoji hallardan azı iki dəfə çoxdur. YAP-çılar utanmasa, özləri saysın...
YAP-çıların daha bir çürük tezisi qardaş qırğını söhbəti üstündə qurulub. Son bir neçə gündə yayılan ikicə xəbəri qurdalasaq, yappilərin gərək bu məsələdən də danışmağa dili və üzü olmasın. Özü də qardaş qırğını daha iri YAP-çılar arasında gedir. Özü də söhbət sözün hərfi mənasında qardaşlardan gedir. Gəncənin icra başçısı Elmar Vəliyev bu şəhərə təyinat alandan sonra abadlıq (guya ha!) işlərinə başlayıb. Bu işləri də doğma qardaşı Şahmar Vəliyevin “Dəvəli” MMC-si vasitəsilə gördürüb. Sonra da pulunu verməyib. İndi 2 milyon manat uğrunda sözün əsl mənasında qardaş qırğını gedir...
Yaxud İmişlinin indiki, Göygölün keçmiş icra başçısı Vilyam Hacıyev. O da qardaşının başına eyni oyunu açıb, pulunu vermir. Bu qardaşların da arasında qırğın gedir. Bu dava YAP tarixinə “9 illik müharibə” kimi düşəcək.
Şübhəsiz ki, Vəliyev də, Hacıyev də YAP üzvləridir (bu faktı 2010 seçkiləri vaxtı, Gülər Əhmədova hələ tutulmamış “YAP-ın bütün kadrları ləyaqətli və peşəkardır” deyə öyünən Əli Əhmədovun xətrinə yada saldım). Əli Əhmədovla Siyavuş Novruzovu bu münasibətlə ürəkdən təbrik edirik...
Sonda Yaşar Hüseynov adlı daimi oxucumuzun 1 mart, 2012-ci il Quba üsyanının 1 illik yubileyi kimi çox aktual mövzu ilə bağlı sualını tirajlayaq: “Düzü, bunu çoxdan idi soruşmaq istəyirdim, amma Ziya Məmmədovdan utanırdım. Day keçib, Qubanın villası yandırılıb qovulan keçmiş icra başçısı Rauf Həbibov indi haradadır? Dövlətçiliyimizə hansı sahədə layiqincə qulluq edir? Onu indiyədək nə əcəb nazir müavinindən-zaddan qoymayıblar?”
Əziz Yaşar bəy, çox vacib və aktual suala görə təşəkkür edirik. Şayiələrə görə, Həbibov hazırda da dövlətə can-başla xidmət edir, yeni-yeni əmək qələbələri qazanıb ölkəmizi Ziya Məmmədovun çala-çuxur yolları ilə işıqlı gələcəyə doğru aparır, onun adını zirvələrə qaldırır. Onun hazırda da Quba tərəflərdə daş kəsib, qır töküb yol çəkdiyi deyilir. Adamı “Azəryolservis”in şimal zonası üzrə ağsaqqalı təyin eləyiblər. Qubalı gənclər isə türmədə bekarçılıqdan təsbeh çevirir. Belə-belə işlər...