
Famil CƏFƏRLİ
YAP-a QUBA TƏBRİKİ
Səbayelin icra başçısının müavini Yavər Allahverdiyev yoldaşın sahibkarlara şanlı məktubu son günlər ağız dadı ilə müzakirə olunur. Bu haqq-hesab hər üzünə yazılıb, təhlil edilib. Onun prezidentin 12 fevral müşavirəsində məmurlara dediyi sözlər fonundakı mənası üzə çıxarılıb.
Qısası, bu işdə qaranlıq bir zad qalmayıb. Rəqəmlərin fəlsəfəsi isə nədənsə unudulub. Biz kosmosa peyk uçurdan rəqəmsal ölkə olduğumuz üçün belə şey yaramaz. Üstəlik yoldaş Allahverdiyev o şanlı məktubunda yappilərin xalqa münasibətinin gülməli detalına toxunub. O yazır ki, Səbayel ərazisində 3500-dək şəhid ailəsi, Qarabağ və Çernobıl əlili, köçkün, tənha insan, yataq xəstəsi və bu qəbildən olan aztəminatlı ailə var. Onların hər birinə Novruz münasibətilə 5 kq un, 3 kq şəkər tozu, 1 litr bitki yağı, 1 kq kərə yağı, 0,5 kq çay olmaqla ərzaq bağlaması vermək lazımdır, kömək eləyin, hər sahibkar 20 ailəyə bayram sovqatı versə, əla olar...
Əvvəla, bu məktub Neft Fondundakı 46 milyard dollara karikatura çəkməkdir. İkincisi, Hadı Rəcəblinin qayırıb-yürütdüyü sosial siyasəti ələ salmaqdır. Üçüncüsü...
Sıra sayının başını buraxaq, məni rəqəmlər maraqlandırır. Oturub hesabladım, o ərzaqları ən bahacıl marketlərdən alsaq, yəni qiyməti ən yuxarı hədlə götürsək, bir sovqat bağlamasının qiyməti uzağı 18 manat eləyir. Onu da 3500-ə vuranda 63 min manat gərəkdir. Hələ onu demirəm ki, bir kasıb ailə, əlil, xəstə 18 manatlıq boğça ilə Novruz bayramı keçirə bilməz. Heç onu da demirəm ki, bu bağlamada bəs qoz, fındıq, şabalıd, kişmiş, xurma, paxlava, şəkərbura, şirniyyat, səməni... niyə yoxdur. Hətta onu da demirəm ki, varlı məmurlar boyunlarındakı torbaya kasıb xalq adı ilə yığdıqlarının da yarısını oğurlayacaqlar. Tamam ayrı şeyi deyirəm.
ARDNŞ, yəni hökumət Bakıda Olimpiya stadionunun tikintisinə 640 milyon dollar ayırır. Üzə çıxarılası bir idmançısı olmayan, futbol, voleybol, basketbol, həndbol... oynaya bilməyən bir ölkədə 640 milyonluq stadion kimin nəyinə gərəkdir? Bu, hansı mötəbər oğrunun təzə yeyinti, korrupsiya oyunudur? Bəs idmanın olmadığı ölkədə stadion tikməyə 640 milyonu gözüyumulu ayıran hökumət xumar gözünü haçan açıb 63 mindən ötrü dilənməyin rəzalət olduğunu görəcək? 18 manatlıq zəruri ərzağa möhtac qoyulan xalq (bircə rayonda 3500 ailə!) o stadiona baxıb sizə lənət oxuyacaq, yoxsa həmd-səna?
Yox, bu ölkədə lənət oxumaq daha populyardır. Salyandan olan dəyərli və daimi oxucumuz Seyid o gün zəng vurub lənətləyir, telekanalların əlindən zəncir çeynəyirdi. Qəzəblə dedi ki, telekanallar atası it ilində müxalifətçi olmuş birinin Sabirabadda qəbir daşlarını dağıtmasını hərləyib-fırlayıb müxalifətin adına çıxmağa çalışır. Tez-tez və xüsusi vurğulayırlar ki, bu işi edənin atası haçansa AXCP üzvü olub. Bununla guya müxalifəti vururlar...
Seyid deyir, bəs rüşvətlə tutulan adamların, məmurların YAP üzvü olmasını niyə vurğulamırlar. Məsələn, Gülər Əhmədovanın, Elşad Abdullayevin özünün, mərhum Sevinc Babayevanın, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər nazirlik və komitələrin hər həftə az qala 3-4-ü tutulan idarə rəislərinin, başqa məmurların hamısı YAP üzvü olub də. Seyid deyir TV-lər bəs bu adamların heç it ilində də yox, lap elə tutulana qədər YAP-çı üzvü olması faktını niyə xüsusi olaraq, dönə-dönə vurğulayıb qabartmır...
Dəyərli oxucumuzun bu qəzəbli sualına belə yumşaq cavab verək: TV-lər onların YAP-çı mənsubiyyətini utandıqlarından, ölüb yerə girdiklərindən yox, utanmazlıqlarından xüsusi qabartmırlar.
Söz yox, buna əslində heç ehtiyac da yoxdur. Çünki bu xarabada korrupsiya və rüşvətlə yalnız YAP-çılar məşğuldur, qalanlarının, illah da müxalifətin əlində belə imkanlar yoxdur. Allah eləməmiş, hansısa bir müxalifətçinin əlində bu imkanın bircə faizi olsaydı, hökumət bundan bir şou düzəldər, bir teatr çıxarardı ki, gəl görəsən. Gülər olaydı bir müsavatçının uzaq qohumunun tanışı, yaxud kirvəsinin qonşusu, ondan sonra gəl həngaməyə, bambılılığa bax də. AzTV, ATV, “Lider” TV, o biri, bu biri aylar uzunu reportajlar verəcəkdi.
Elə bu gün bir yaşı tamam olan Quba üsyanında da eyni vəziyyətdir. Qubalıları təhqir edən icra başçısı Rauf Həbibova söz deyən olmadı. Hakimiyyət öz cinayətkar balasını qorudu, xalqın günahsız balalarını isə dama doldurdu. Lənət boşuna oxunmur ki...