Medianews.az
QAUBİTSANIN ÖZ YERİ, PETİSİYANIN ÖZ YERİ
136 baxış

QAUBİTSANIN ÖZ YERİ, PETİSİYANIN ÖZ YERİ

Samir SARI

samir_sari@mail.ru

 

QAUBİTSANIN ÖZ YERİ, PETİSİYANIN ÖZ YERİ

 “Petisiya” elə də əjdaha söz deyil, “ərizə”, “vəsatət” deməkdir. Ancaq “ərizə” yerinə “petisiya” deyəndə sanki bir az təntənəli, bir az da elitar çıxır. “Ərizə”də bir aşağılıq, yazıqlıq, boynuburuqluq var, ona görə də ondan imtina etmək lazımdır. Bundansa “vəsatət” sözü işlətmək yaxşıdır, amma o da “təmin olunmayan” söz birləşməsi ilə çox doğmadır.

Son 20 ildə mən minlərlə məhkəmə reportajı oxumuşam, istər-istəməz o sözə rast gəlmişəm, amma bir dəfə də “filankəsin qaldırdığı vəsatət təmin olundu” cümləsi görməmişəm. Həmişə “olunmadı” yazırlar.

Aydın məsələdir ki, “biz Ağ Evin saytında ərizə yerləşdirmişik” deyərdiksə, bu, bizim ad-sanımıza, britaniyalı deputat Pinçer demişkən, regionun çərçivəsindən kənara çıxan və Böyük Britaniya sahillərinədək, hələ onun hüdudlarından kənara da yayılan nüfuzumuza zərbə olardı. 

Yox, əgər “Ağ Evin saytında vəsatət qaldırmışıq” yazsaydıq, bu, yuxarıda dediyimiz səbəbdən o anlama gələcəkdi ki, vəsatət təmin olunmayacaq, məğlubiyyət bəri başdandır.

Ona görə də “petisiya” termininin seçilməsi düzgün idi. O kəlmədə bir ağayanalıq, möhtəşəmlik var, dərinə getsək, “kvartirant” və “yefreytor” kimi əzəmətli səslənir (gələcəkdə baş redaktora ərizə yazanda mütləq “ərizə” yerinə “petisiya” yazacam). 

İntəhası, Ağ Evdəki bəzi qaraniyyətli adamların etinasızlığı üzündən bizim “petisiya”mız sovet dövrünün “zayavleniye”sinə döndü, ona cavab vermədilər. 

Demişdilər, yüz min imza toplayın, cavab verəcəyik, adınızı çəkəcəyik. Cümlə cahan patriotlarımız birləşdilər, yüz min imza topladılar, amma Obama petisiyamıza məhəl qoymadı. Qoyasan 24 apreldə “Meds yaqern” deyə. O, bizə hörmət qoysaydı, dünənki çıxışında “genosid” və ya “soyqırım” deməsə də, azərbaycanca “böyük faciə” deməliydi. 

Amma ta keçib. Biz bunu millət olaraq öz petisiyamıza almamalıyıq. Sovet dövründə necə edirdiksə, elə etməliyik.

Ona görə də indi sizə sovet dövründə kəndçilərimizin müvafiq durumlarda nə etdiklərini yazmalıyam. 

Olurdu, kəndçilərimizin hansısa məsələ ilə bağlı, indiki dildə desək, petisiyasına baxmırdılar. Rəsmi Bakı belə edəndə kəndçilərimiz məcbur qalırdılar, rus dilində yazdırdıqları petisiyanı göndərirdilər dağılmış imperiyanın mərkəzinə, Moskvaya, birbaşa Kremlə. Orda da bizimkilərin petisiyasına baxmırdılarsa, kəndçilərimiz birini də yazırdılar. Sonra birini də. Daha sonra birini, beşini, onunu, yüzünü... Ta işə baxılana qədər. 

Adam vardı ki, Bakiya, Moskvaya yazdığı ərizələrin göndərildiyi ünvana çatdığı barədə gələn “bildiriş”ləri yekə, sovet çamadanına yığmışdı. Qapağı bağlanmaz hala gəlmişdi. Bir nəfər isə “bildiriş”lərini yastıq üzünə doldurmuşdu - özü də minimum iki baş qoymaq üçün nəzərdə tutulmuş yastığın üzünə. 

Yəni əl çəkdi söhbəti yox idi. Yazışma sona qədər davam etməliydi. Axırda Moskvadakılar bezirdi, ya bir nəfər yollayırdılar ki, gəlib kəndçilərimizin işini həll etsin, ya da kiməsə tapşırırdılar, o da yerli rəhbərliyə telefonla söyür və yazılı olaraq qəti şəkildə tapşırırdı ki, o işi həll etsinlər. Sonda bizimkilər deyən olurdu.

Bəli, kəndçilərimiz o boyda Moskvanı öz ərizə-petisiyaları ilə dəng eləmişdilər. O vaxt başqa etiraz aksiyaları - mitinq-yürüş, nümayiş, piket söhbəti yox idi, yazmalıydın. 

Biz indi də o cür etməliyik. Sayaq ki, Amerika Rusiyadır, Vaşinqton - Moskva, Kreml də Ağ Ev. Biz Ağ Evin saytını Kremlin poçt qutusu kimi petisiya ilə doldurmasaq, gələcəyimiz yoxdur. 

Bahar Muradova demişkən, ruhdan düşməməliyik. Həmin saytda yeni-yeni petisiyalar yerləşdirməliyik. Ta ABŞ hökuməti bu işə baxanacan.

Əgər hökumətin bu işdə çətinliyi varsa, kəndçilərimizin ənənə, qüvvə və potensialından istifadə etməyi tövsiyə edirəm. Öyrənmişəm, dağılmış kəndimizdən 47 rayona dağılmış həmkəndlilərimin arasında xeyli ingilisdilli cavanlar əmələ gəlib, namxuda, yazmağa da həvəslidirlər, papaq eləsəm, hökumətə kömək edə bilərlər.

Xüləs, biz gərək ağıllı olaq, üstümüzə qaubitsayla gələnə qaubitsayla, petisiya ilə gələnə isə petisiya ilə cavab verək. Ağ Evin saytı onsuz da Petinin şor motalı kimi bir şeydir, yetirən barmaq edir.

Bizə qoşulun