Medianews.az
QARABAĞDA MÜHARİBƏ BİR MƏRMİ İLƏ BAŞLAYA BİLƏR
201 baxış

QARABAĞDA MÜHARİBƏ BİR MƏRMİ İLƏ BAŞLAYA BİLƏR

ABŞ-ın Karnegi Fondunun proqram direktoru Tomas de Vall Toronto Universitetində münaqişənin başlamasının 25 illiyi ilə bağlı müzakirələrdə çıxışı zamanı belə deyib, onun fikrincə, müharibənin başlamasını ancaq liderlər əngəlləyir

Dövlət Departamenti: “Münaqişə bir daha hərbi yolla həll edilə bilməz”

 

 "Dağlıq Qarabağda müharibə təsadüfdən də başlaya bilər, məsələn, tərəflərdən biri digərinin başı üzərindən minomyot mərmisi atsa". Bu fikirlə Qarabağ münaqişəsi üzrə tanınmış britaniyalı ekspert, hazırda ABŞ-ın Karnegi Fondunun proqram direktoru olan Tomas de Vall Kanadanın Toronto Universitetində münaqişənin başlamasının 25 illiyi ilə bağlı müzakirələrdə çıxış edib. «The Toronto Star» (ttp://www.thestar.com/news/world/ 2013/02/20/armenia_and_azerbaijan_still_skirting_war_in_nagornokarabakh.html) qəzetinin yazdığına görə, 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılmasının "afterşokları" narahat Cənubi Qafqaz regionunu silkələdi: Gürcüstan ərazisində iki separatçı müharibə başladı, Rusiya çeçen qiyamçıları ilə mübarizə etdi, Dağlıq Qarabağ isə Ermənistanla Azərbaycan arasında münaqişədə partladı.

Qəzet yazır ki, 21-ci əsrdə həmin üç münaqişədən ikisi - Gürcüstan və Çeçenistan yenidən qarışdı. Və bu həftə üçüncü münaqişənin - Dağlıq Qarabağda etnik münaqişənin başlamasının 25 illiyinin tamam olduğu bir vaxtda çoxlarının tanımadığı bu region üzrə aparıcı ekspert deyir ki, o partlayan üçüncü münaqişə ola bilər. “Qarabağda müharibə riski hazırda nisbətən aşağı hesab edilə bilər, lakin müharibəni dayandıran yeganə səbəb liderlərin öz hesablamalarıdır” deyə, Tomas de Vall Toronto Universitetinin Munk Mərkəzində təşkil edilmiş müzakirələrdə bildirib. Ekspertin sözlərinə görə, Azərbaycan hazırda regionun neft nəhənginə çevrilib, lakin orada demokratiya çatışmır. Hakimiyyət ölkənin sərvətlərindən əldə edilmiş gəlirləri ordunun təchizatına və güclənməsinə yönəldir. “O, həmçinin anti-erməni ritorikası ilə gərginliyi artırır” deyə, ekspert bildirib. Tomas de Vall buna misal kimi yazıçı Əkrəm Əylisliyə qarşı kampaniyanı və onun qulağının kəsilməsinə görə mükafatın təyin edilməsini göstərib.

“Azərbaycan onun torpaqlarını oğurlayan xalqla kompromis istəmir. O, öz ordusuna ildə 4 milyard dollar xərcləyir” deyə, Tomas de Vall bildirib. Ekspertin sözlərinə görə, belə bir vaxtda Qarabağ erməniləri silahlanma yarışında uduzduqlarını görürlər və bəziləri bu yarışda geri dönüş nöqtəsinə çatmamış Azərbaycana qarşı “nokaut zərbəsi endirməyə” çağırır. “Təmas xətti boyunca müharibənin təsadüfdən də başlaması ehtimalı var. Məsələn, kimsə təmas xətti üzərindən o tərəfə minomyot mərmisi ata bilər” deyə, ekspert bildirib. Onun fikrincə, İran, Rusiya və Türkiyə ilə əhatə olunmuş regionda münaqişənin bərpası dalğa effekti yarada bilər. Tomas de Vall xatırladıb ki, hər iki tərəf vaxtaşırı olaraq sporadik xarakterli sülh danışıqlarında iştirak edir və bildirirlər ki, sülh razılaşmasına tərəfdardırlar. Lakin Azərbaycan Qarabağın onun tərkibinə qaytarılmasını, Ermənistan isə onun müstəqilliyini tələb etdiyi üçün sülh razılaşmasının yaxın perspektivdə əldə olunması baş verməyəcək. “Sülhə dair tamamilə ağlabatan təkliflər var, lakin buna baza təşkil edən qarşılıqlı etimad da olmalıdır” deyə, o bildirib.

Bu arada ABŞ Dövlət Departamenti də münaqişənin başlamasının 25 illiyi və Xocalı qətliamı ilə bağlı suala cavab olaraq Qarabağda yeni müharibənin yolverilməzliyini ifadə edib. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Emənistan - Azərbaycan müharibəsində insanların həyatını itirməsini vurğulayaraq, Dağlıq Qarabağ münaqişəsinin “bir daha hərbi yolla həll ola bilməyəcəyini” deyib. “Yalnız uzunmüddətli sülh sazişi regiona davamlı sülh, inkişaf və sabitlik gətirəcək. Biz Minsk Qrupunun həmsədri kimi tərəflərlə bu istiqamətdə işi davam etdiririk”, "ANS-press" Nulandın ənənəvi mətbuat konfransındakı sözlərinə istinadən yazır.

Təmas xəttində isə gərginliyin növbəti dəfə kəskin artdığı müşahidə olunmaqdadır. Ermənistan ordusunun təmas xəttinin bir neçə istiqamətində mövqelərini irəli çəkmək cəhdlərinə qarşı Azərbaycan silahlı qüvvələrinin düşmənə pressinqi artırmasından sonra ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Xankəndinə gəlib. Xatırladaq ki, Azərbaycan tərəfi ermənilərin mövqelərini irəli çəkmək və diversiya cəhdləri ilə bağlı bu günlərdə ATƏT-i məlumatlandırıb. Erməni mənbələrinin məlumatlarına görə, Kasprşik separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı vəziyyətinə dair bir sıra məsələlər, habelə təmas xəttindəki vəziyyət müzakirə olunub. Erməni mənbələri onu da xəbər verir ki, fevralın 21-də cəbhənin cənub istiqamətində yerləşən hərbi hissələrdən birində “fövqəladə hadisə” baş verib və 19 yaşlı əsgər Karen Minasyan həlak olub. Lakin “fövqəladə hadisə”nin nədən ibarət olduğu açıqlanmır. Bildirilir ki, baş verən hadisənin detalları araşdırılır. Bundan əvvəl erməni tərəfi təmas xəttinin həmin istiqamətində daha bir əsgərin Azərbaycan mövqelərindən açılan atəşlə öldürüldüyünü açıqlamışdı. 1news.az saytı isə iddia edir ki, Brüsseldə NATO-nun Əfqanıstan missiyasında iştirak edən ölkələrin müdafiə nazirlərinin toplantısı zamanı Ermənistan müdafiə naziri Seyran Ohanyan azərbaycanlı həmkarı Səfər Əbiyevə “son günlər təmas xəttində atışmaların artdığı və erməni tərəfinin ciddi itkilər verdiyini” deyərək ondan atəşkəsə riayət edilməsini istəyib. Bu məlumat rəsmi kanallarla təsdiq olunmamışdı.

musavat.com

Bizə qoşulun