
Famil CƏFƏRLİ
familceferli2@gmail.com
NAZİRDƏN İNƏK HƏDİYYƏSİ
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov İsmayıllıda əhalinin zəhmətsiz gəlirlərə hücumundan sonra çox müdrikləşib. Hələ də məəttələm ki, bu müdrikliklə Ağsaqqallar Şurasına onu niyə yox, Fəttah dayını sədr qoydular.
Nə isə, mövzumuz bu deyil, Füzuli müəllimin təzə və uzaqgörən ideyasıdır. Çox vacib layihədir. İlk baxışda belə görünə bilər ki, Ələkbərov kasıb camaata verilən ünvanlı sosial yardımı xalqın onlara (özünə, qardaşına, oğluna) hücumundan bərk qəzəbləndiyi üçün dayandırır. Əsla belə deyil. Hətta tərsinədir - Ələkbərov o yanğından sonra xalqa daha çox ürək yandırmaq istəyir. Ona görə də kasıb ailələrə verilən ünvanlı sosial yardımı ləğv edir.
Yox, ürəyinə pis şeylər, məsələn, kasıblığı ləğv etməyə çalışan prezidentin bu planını sabotaj etmək cəhdi-filan kimi qara-qura fikirlər gətirmə. Ələkbərov da kasıbların..., tfu, çaşdım, kasıblığın düşmənidir. Sadəcə metodu dəyişirlər. Təzə metod da nədir, mən deyim, sən də qonşu dükandakı nisyə dəftərində ağ vərəq tapa bilsən, yaz ora.
Deməli, qabaqlar belə idi ki, hökumət acından ölmək üzrə olan ailələrə ünvanlı sosial yardım verirdi. 40-50 milyard ehtiyat pulu olan varlı neft ölkəsinin xoşbəxt vətəndaşı da ayda cəmi 40-50 manat olan bu yardımla lüks yaşayırdı. Amma 12 fevral müşavirəsində deyildiyi kimi, YAP-ın uğurlarına qara plyonka arxasından baxan camaatımız yenə də narazı qalırdı. O qədər naşükürlük elədi ki, axırda harınlayıb cızığından çıxdı, nadanlıq elədi, nazir oğlunun zillətlə, dişlə-dırnaqla, alın təri ilə qurub yaratdığı otelə, aldığı “Hammer”ə od vurub yandırdı.
Tunis, Misir və Liviya inqilablarından, Quba və İsmayıllı üsyanlarından sonra onsuz da sevdim-sevdimə düşən hökumət taktikanı dərhal dəyişdi və belə bir metoda keçdi: “Kasıbları ”səni sevir və düşünürük" adı ilə aldadın, onlara guya qayğı göstərirmişik kimi hərəkətə eləməyə keçin".
Kasıb-Kusubu Dolamaq Nazirliyi də o dəqiqə işə başladı: kasıblara yardım olaraq daha nağd pul yox, inək verəcəyik, xalq qoy işsiz qalmayıb işləsin, mal-heyvan saxlayıb yaxşı dolansın. Bunun adını da qoyublar “Özünədəstək layihəsi”.
Pah, kasıb xalqımız əvvəlki metoddan guya bal tutmuşdu, indi isə... Boş şeydir. Çox gülməli yanaşmadır. Əvvəla, bunlar belə multfilm layihələrlə yoxsulluğu azaltmaq istəyirlərsə, bərk yanılırlar. Çünki yoxsulluğun yeganə və əsas səbəbi işsizlik deyil. Rəsmi rəqəmlərə inansaq, işsizlik səviyyəsi ölkədə bu dəqiqə 5,2 faizdir. Amma bəs xalqın ən azı 65-70 faizi niyə yoxsul yaşayır? Deməli, hətta işləmək də yoxsulluqdan qurtulmaq çarəsi deyil. Ölkədə orta aylıq əməkhaqqı 391, orta təqaüd isə 161 manatdır. Bunlar da rəsmi rəqəmlərdir. Gerçəklikdə isə daha azdır. 120-170 manat maaş alan nə qədər büdcə təşkilatı işçisi, məsələn, bir və yarım ştat çalışan kitabxanaçı, bağban, tibb bacısı, müəllim, rabitəçi, kommunal təsərrüfat əməkdaşı və s. var, bilirsinizmi?! Düz 473 min nəfər! Bunların adı işləyəndir, özləri dilənçi səviyyəsindən azca yuxarıda dolanır.
İkincisi, dövlətdən bir ala inək yardımı alan kasıb vətəndaş birdən əlil, xəstə, qoca olsa, o inəyə qulluq edə bilməsə, onda necə? Bu layihəyə onda nə ad verək? Heç zad, dütdülü...
Üçüncüsü, o qoyun-keçini, toyuq-cücəni canavar, tülkü yesə, davarı dabaq tutsa, nə olacaq?
Dördüncüsü, bəs şəhərdə yaşayan kasıblar necə olsun? Onlar keçilərini aparıb Əmək Nazirliyinin həyətində, yaxud Nazirlər Kabinetinin arxasındakı çəmənlikdə otara bilərmi? Bilərsə, onda varlı və ağıllı hökumətimiz şəhərli yoxsullara keçi ilə bərabər müvafiq icazə və paytaxtda otlaq, örüş yeri də verməlidir. Tədbirlər kompleks olmalıdır...
Qısası, xalqı kasıblıqdan 5-3 inəklə, qoyun-keçi, toyuq-cücə ilə xilas etmək olmaz. Xalq gözünü toyuğa yox, buruğa dikib. Bunu guya bilmirsiniz? Kimi dolayırsınız?