
Famil CƏFƏRLİ
familceferli2@gmail.com
MƏMUR OĞLUNUN HEYKƏLİ
Görəcək günlərimiz varmış. Məmurların özləri hələ heç, indi də balalarının ictimai müdafiəsini təşkil etməyini, adına alim, ziyalı deyilən bir dəstə ağsaqqal-ağbirçəyi bu işə qatmağını deyirəm.
Gəncənin bir qrup ziyalısı adından icra başçısı Elmar Vəliyevin, daha doğrusu, onun oğlunun müdafiəsi ilə bağlı imzalanıb yayılan müraciət dünyada analoqu olmayan hadisədir. Britaniyada babat daydayımız olsa, bu faktı “Ginnesin rekordlar kitabı”na soxuşdura bilərik. Rekordun yaxşısı-pisi olmur, əsas adın çəkilməsidir...
Adını ziyalı qoyanların o müraciətini diqqətlə oxudum. Nə təhər xoşuma gəldisə, bir də oxudum. Sonra yenə, yenə, yenə... oxudum. Hər dəfə də içində elə maraqlı şeylər tapırdım ki, qayıdıb bir də oxuyurdum. Yazı o qədər komik, milli ruhlu, dərin mənalı, çoxçalarlı, çoxşaxəli, vitaminli, duzlu, şirin, acı həqiqətlərlə zəngindir ki, artıq o müraciəti oxumağa vərdiş eləmişəm. İki gündür ondan ayrıla bilmirəm, dayanmadan yalnız Elmarnaməni oxuyuram. İcra başçısına bəy tərifi vuran professorlarımız demişkən, “bu faktı istənilən Gəncə sakini təsdiq edə bilər”.
Amma çox oxumaqla deyil ha. Ha oxusam da müraciətin lap əvvəlində yazılan bir zadı heç cür anlaya bilmirəm. Orada yazılır: “Gəncə şəhərinin bir qrup ziyalısı Elmar Vəliyevlə bağlı modern.az saytına müraciət göndərib...”
Yaxşı, niyə bəs bir qrup ziyalı? Bəs ziyalıların o biri qrupu və ya qrupları hanı? Onlar niyə “vətən dardadır” deyə silahlanıb irəli atılmadı? Nədir, yoxsa Vəliyevi sevmirlər? Belədirsə, bu, nə təxribatdır, antimilli və antidövlət mövqeyidir? Bu, nə cinayətkarlıqdır? Sən kimsən ki, icra başçısını sevməyəsən, onun oğul-uşağının müdafiəsinə qalxmayasan, o uşaqları tərifləməyəsən? Müraciətdə imzası olmayan ziyalılar onu qəsdən, məqsədli şəkildə imzalamaq istəməyib, yoxsa sənədi onlardan gizlədiblər? Gizlədiblərsə, kim gizlədib? Həmin naməlum və məkrli qüvvələr kimlərdir? Bu, nə antimilli mövqedir? Bu vətən xainləri harada gizlənir? Onlar niyə həbs olunmur, Vəliyevə və oğluna, yəni müstəqil dövlətçiliyimizə bu xəyanətə görə Gəncədə niyə kütləvi həbslər aparılmır?...
Artıq qəzəblənir, cuşa gəlirəm, indicə kontrolu itirərəm, qələmimdən yava cümlələr çıxar. Ona görə də özümü sakitləşdirib suallarımı sivil formada qoyuram. Doğrudan e, Gəncənin niyə məhz cəmi 22 ziyalısı və artisti icra başçısının müdafiə edib? Qalanları o müraciəti imzalamağa utanıb, bunu özünə sığışdırmayıb, yoxsa ortada ayrı səbəb var? Bəlkə müraciəti imzalayanlar Vəliyevdən qorxurlar, onun qabağında diligödəkdirlər deyə imzalayıblar?
Yaxşı yadıma düşdü, bunu da soruşum: icra başçısını niyə yalnız hökumətdən maaş alanlar, yəni məmur fason ziyalılar müdafiə edir? Orada niyə bircə dənə sürücü, fəhlə, evdar qadın, işsiz, tələbə, pensiyaçı, kasıb-kusub yoxdur? Nədir, yoxsa onlar Vəliyevi sevmir?
Mən o müraciətin ziyalılar tərəfindən yazılmasına qram da inanmıram. Onu imzalayan 22 nəfərin 11-i professor və dosentdir. Amma müraciət dəhşətli dərəcədə primitiv və kəmsavad yazılıb. Məntiqsiz, bayağı, bisavad bir mətndi. Özünə professor deyən adamlar bunu imzalamağı özünə rəva bilməz. Deməli, bu mətni onlar yazmayıb. 100 faiz icra hakimiyyətində hazırlanan hazır mətni qollayıblar, buna məcbur ediliblər (ya da özlərinin naturası onları buna məcbur edib).
Buyurun, o mətnə siz də baxın: “Son iki ilə yaxın müddətdə qədim tarixi abidələrin qorunması, Gəncənin tarixi simasının özünə qaytarılması, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinin təntənəli keçirilməsi, şəhərimizdə böyük uğurla davam edən geniş miqyaslı abadlıq-quruculuq işləri dövlətimizin və millətimizin inkişafını gözü götürməyən qüvvələri narahat edir. Təəssüf ki, milli maraqlara qarşı olan bu qüvvələr Gəncə Şəhər İcra Hakimiyyəti başçısının oğlu barədə həqiqətə uyğun olmayan məlumatlar, şayiələr yayır. Gəncə şəhərinin elmi ictimaiyyəti və ziyalı təbəqəsi olaraq bildirmək istərdik ki, Elmar Vəliyevin oğlu barədə yayılan xəbərlər yalan və uydurmadan başqa bir şey deyil. Elmar Vəliyev şəhərimizə rəhbərlik etdiyi dövrdən tələbkar rəhbər və ailə başçısı kimi tanınır...”
Mən Gəncənin elmi ictimaiyyətindən ikinci müraciəti gözləyirəm. Vəliyevin uşaqları yarım milyonluq maşınlarda cangüdənlərlə gəzmirsə, Nizaminin də yubileyi təntənəli keçirilirsə, deməli, Molla Nəsrəddin deyəndir. Yəni bu uşaqlara azı Gəncədə heykəl qoyulmalıdır. Bu vacib ümummilli məsələnin həlli üçün 7-8 professorun imzası da kifayətdir. Amma layihənin sürətli icrası və sanballı alınması üçün o ziyalıların gözünə heç olmasa bir-iki akademik, AMEA-nın həqiqi üzvünü də qatmaq yaxşı olar. Xalq alimlərin bu müraciətini səbirsizliklə gözləyir...