Medianews.az
Əməliyyat üçün pul tapa bilməyən baba qan tökdü
219 baxış

Əməliyyat üçün pul tapa bilməyən baba qan tökdü

Əməliyyat üçün pul tapa bilməyən baba qan tökdü 

 

BİR CİNAYƏTİN TARİXÇƏSİ

 

“Tapançanı 1994-cü ildə Ağdamda gedən döyüşlərdə qətlə yetirdiyim erməni zabitinin üstündən götürmüşdüm”

Ağdam rayon sakini, 1961-ci il təvəllüdlü Arzuman Bəşirov qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz olaraq əldə etdiyi bir ədəd odlu silahı və on səkkiz ədəd odlu silahda istifadəsi nəzərdə tutulan döyüş sursatlarını özündə saxlayıb, daşıyıb, gəzdirib. Həmin silahdan istifadə edərək tamah məqsədilə qəsdən adam öldürüb.

Belə ki, o, qabaqcadan əlbir olaraq planlaşdırdıqları cinayət əməlini həyata keçirmək üçün hazırlıq işləri görüb, yəni sifətini gizlətmək üçün qadın corabından hazırladığı maska, əlcək, “Steçkin” tipli odlu silahı və həmin silahda istifadəsi nəzərdə tutulan on səkkiz ədəd 9 mm kalibirli döyüş sursatı ilə silahlanaraq 14 iyul 2011-ci ildə, səhər saat 8 radələrində arabaçı (yükdaşıyan) işlədiyi Qaradağ rayonu ərazisində yerləşən Binə Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən “Savalan” kafesinə gəlib. Orada spirtli içki qəbul etdikdən sonra, kafedən çıxıb fəaliyyəti olmayan və qapısı açıq olan mağazanın salonuna daxil olub özü ilə gətirdiyi bir cüt əlcəyi əllərinə taxıb, hazırladığı maskanı isə başına geyinib. Üzərindəki tapançanı atəş vəziyyətinə gətirdikdən sonra saat 9 radələrində həmin mağazadan çıxıb, Ticarət Mərkəzinin 5-ci sırasının 4-cü korpusunda yerləşən valyuta dəyişmə məntəqəsinə basqın edib. 

Məntəqənin salonunda xidməti vəzifəsini yerinə yetirən Əli Əliyevə atəş açaraq ona ağır dərəcəli bədən xəsarəti yetirib. Sonra isə masanın siyirməsindən 16.651 manat məbləğində pul vəsaitini götürərək oradan uzaqlaşıb. Yaralı Əli Əliyev Təcili-Tibbi Yardım avtomobilində xəstəxanaya aparılarkən aldığı güllə xəsarətindən ölüb.

Arzuman Bəşirov qətl hadisəsini törətdikdən sonra saat 13 radələrində onu Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndiyeva küçəsi, ev 68 ünvanında gözləyən digər şəxsin kirayədə yaşadığı evə gəlib. Taladığı pul vəsaitindən 4.000 ABŞ dollarını, cinayətdə istifadə etdiyi həmin odlu silahı, döyüş sursatlarını və əlcəkləri həmin şəxsə verib yenidən ticarət mərkəzinə qayıdıb. Həmin gün saat 18 radələrində Daxili İşlər Hazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Arzuman Bəşirov “Binə” Ticarət Mərkəzində yerləşən “Görüş” kafesinin yaxınlığında saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əynindəki şalvarın arxa cibindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı 1,168 qram narkotik vasitə olan heroin, sol ayağındakı corabından içərisində narkotik vasitənin izləri olan bir ədəd 1 mm boş şpirs və kirayədə yaşadığı evin dəhlizindəki soyuducunun üzərində saxladığı ona məxsus bir ədəd ampulanın içərisində 1,639 qram heroin aşkar edilərək götürülüb.

“Nəvəmin əməliyyatı olunması üçün ya Rusiyaya, ya da Avropaya aparmalı idik”

Təqsirləndirilən şəxs qismində dindirilən Arzuman Bəşirov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində nəvəsinin əməliyyat olunması üçün küllü miqdarda pul lazım olduğunu, lakin pul tapa bilmədiklərini göstərib: 

“İlk dəfə 1982-ci ildə evlənmişəm. Həmin nikahdan bir qızım və bir oğlum var. Oğlum evlidir, nəvəm var. Yoldaşım 2004-cü ildə vəfat etdiyindən, 2010-cu ildə ikinci dəfə ailə qurdum. Həmin nikahdan da bir oğlum oldu. 2009-cu ilin sonlarından Qaradağ rayonu ərazisindəki “Binə” Ticarət Mərkəzində arabaçı işləmişəm. Nəvəmin hər iki ayağı doğuş zamanı çıxdığından yeriyə bilmirdi. Onu ancaq Rusiyada, ya da Avropada əməliyyat etdirmək olardı”. 

“Külli miqdarda pul lazım idi”

“Bunun üçün isə külli miqdarda pul lazım idi. Qərara gəldik ki, uşağı İrana aparaq. 1000 dollar oğlum Rusiyadan göndərdi, 1000 dollar da işlədiyim ticarət mərkəzində dost-tanışdan hərədən bir az borc alıb yığdım. 24 aprel 2011-ci il də İranda nəvəm sol omba nahiyyəsindən əməliyyat olundu. Həkim dedi ki, ikinci omba nahiyyəsinin də əməlliyyat olunması üçün yenə Təbrizə aparmaq lazımdır. Oğlum pul qazanmaq məqsədilə Rusiyaya işləməyə getmişdi. Əməliyyat üçün noyabr ayına kimi 4000 manat pul tapmalı idim”. 

“Qadın  “retuzun”un ayaq hissəsini kəsib özümçün maska düzəltdim”

“Hadisəni törətməzdən bir neçə gün qabaq nəvəmin əməliyyat müddətinin keçəcəyini düşünüb, basqın etməyi qərara aldım.

Üç-dörd gün bu haqda fikirləşdim, qərarımı dəqiqləşdirdikdən sonra, işlədiyi “Binə” Ticarət Mərkəzinin 5-ci sırasının 4-cü korpusunda yerləşən valyutadəyişmə məntəqəsinə nəzər salmağa başladım. Gördüm ki, məntəqənin qapısı daima açıqdır. 13 iyul 2011-ci ildə saat 17 radələrində işdən çıxıb Lökbatan qəsəbəsinin “Kolxoz” bazarından mavi və ağ rənglərdə əlcək aldım. Tapançanı isə hələ 1994-cü ilin aprel ayında Ağdamda gedən döyüşlərdə qətlə yetirdiyim erməni zabitinin üstündən götürmüşdüm, heç vaxt istifadə etməmişdim. Arvad-uşağı Kürdəmirə, gəlinimlə nəvəmi isə Yevlaxa yola saldım. Evdə tək idim. Qara qadın  “retuzun”unun ayaq hissəsini kəsib özümçün maska düzəltdim”.

“Oğlana tapançadan atəş açdım”

“14 iyul 2011-ci ildə səhər saat 07 radələrində “Binə” Ticarət Mərkəzinə getdim. “Savalan” kafesində 100 qram araq içdikdən sonra, valyutadəyişmə məntəqəsi olan cərgə tərəfə keçdim. Əlimdəki selofan paketdə qabaqcadan hazırladığım maska, “futbolka” və əlcək var idi. Mağazaların arasına keçərək maskanı başıma, əlcəkləri əlimə geyindim, tapançanı şalvarımdan çıxardıb valyuta dəyişmə məntəqəsinə tərəf getdim. Qapını açıb içəri girdim. İçəridə olan tanımadığım oğlan ayağa qalxıb üstümə hücum çəkdi. Mən də refleks olaraq tapançadan bir dəfə atəş açdım. Oğlan kreslonun üzərinə yıxıldı”. 

“Əlcəyi, maskanı və digər əşyaları tulladım”

“Siyirməni açıb orada olan pulları qara paketə yığdım. Oradan çıxanda bazarda hay-küyün qalxdığını gördüm. Asta hərəkətlə “Əli süfrəsi” kafesinə tərəf getdim. Kafenin yanında maskanı və əlcəyi çıxarıb paketə, tapançanı isə cibimə qoyub bazardan çıxdım. Yolda bir taksiyə minib evə getdim. Pulu evə qoyduqdan sonra əlcəyi, maskanı və tapançanı götürüb taksi ilə Xırdalana Zakirgilə gəldim. Yolda gedə-gedə maskanı və digər əşyaları atdım. Zakiri hələ birlikdə eyni cəzaçəkmə müəssisəsində cəza çəkdiyimiz illərdən tanıyırdım. Bir az söhbət etdikdən sonra, yerə düşmüş siqareti götürəndə Zakir belimə taxılmış tapançanı görüb, belimdən silahı çıxartdı. Zakirdən nə qədər xahiş etsəm də, silahı qaytarmadı ki, “gedib cinayət törədərsən, qalsın, gəlib sonra apararsan”. Mən də onun sözünə qulaq asdım. Evə gəldim. Pulun üstündən 20 manatlıq əskinazların topasını götürüb Lökbatan bazarına gəlib bir valyuta dəyişmə məntəqəsində 1600 ABŞ dollarına dəyişib evə qayıtdım. Evdə qalan pulları saydım, cəmi 13.000 manat qalmışdı. Onları 3.000 və 10.000 manata ayıraraq, selofan paketə büküb yataq otağındakı döşəyin altına qoydum. Ev sahibi Natiqə zəng vurdum ki, gəlib kirayə pulunu götürsün. Natiq qohumunu göndərdi. Gələn adama 200 ABŞ dolları və 9 manat pul verdim.

Saat təxminən 16 radələrində “Binə” Ticarət Mərkəzinə gədərək, bazarda tanışlarıma olan borclarımı qaytardım. Polislər məni elə orda tutdular. Oğurladığım pul 16.651 manat olub, onun 1600 ABŞ dolları tutulan vaxt cibində olub, 3000 manata yaxın borclarımı qaytarmışam, qalan pullar isə kirayə qaldığım evdə döşəyin altında gizlətmişəm. Evdə axtarış mənim iştirakım olmadan aparılıb. Nəticə olaraq evdə olan pullar yoxa çıxıb”. 

“Onu öldürmək niyyətim olmayıb”

“Cinayəti əvvəldən planlaşdırmışdım. Silahı isə sadəcə qorxutmaq məqsədi ilə götürmüşdüm. Əli Əliyevi öldürmək niyyətim olmayıb. Eyni zamanda törədilən cinayəti Zakirlə bir yerdə planlaşdırmağımızı, yəni başqa şəxslərlə əlbir olma ittihamını və CM-nin 234.1-ci maddəsi ilə olan ittihamı qəbul etmirəm. Mən Zakirlə sadəcə dostam, onunla həmişə oturub bir yerdə dərdləşirdik, silahı isə hər hansı cinayət törətməməyim üçün məndən götürüb. Tutulan zaman nəinki üzərimidə, heç evimdə də narkotik vasitə olmayıb. Tutduğum əməldən peşmanam”.

“Qaynım Əli valyutadəyişmə məntəqəsində mənə köməklik edirdi”

Zərərçəkmiş Əliyev Əli Allahverdi oğlunun hüquqi varisi qismində dindirilən Əli Nəcəfov ifadəsində göstərib ki, o, Bakı şəhəri, R.Quliyev küçəsi, 20 ünvanında ailəsi ilə yaşayır və son 3 il ərzində “Binə” Ticarət Mərkəzində valyutadəyişmə məntəqəsində işləyir: 

“Həmin məntəqə iki puldəyişmə gözlükdən ibarət olmaqla, Ticarət Mərkəzinin 5-ci sırasının 4-cü korpusunda dəmir materiallardan quraşdırılıb. Valyutadəyişmə məntəqəsinin gözlüklərindən biri ümümi dəhlizə, digəri isə ara dəhlizə baxmaqla, ümumi ölçüsü 1,5 x 2,3 metrdən ibarətdir. Həmin məntəqəni Ticarət Mərkəzinin rəhbərliyinin razılığı əsasında şərikim Rafiq adlı şəxslə birlikdə işlətmişik. Təxminən hadisədən 20 gün əvvəl Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad kəndində ata evində olarkən ağacdan ərik yığdığım zaman yıxılaraq sağ qolumu sındırmışdım, buna görə də işlədiyim valyutadəyişmə məntəqəsində mənə qaynım Əliyev Əli Allahverdi oğlu köməklik edirdi. Rafiqlə hər gün saat 08 radələrində işə gəlirdik, qaynım Əli Əliyev isə təxminən hər gün saat 14 radələrində valyutadəyişmə məntəqəsinə gələrək saat 17 radələrinə qədər bizə kömək edirdi. Hər gün işin sonunda pullar sayılaraq gündəlik hesabat aparılır, pulun bir hissəsi Ticarət Mərkəzində mağazada işləyən Murad adlı şəxsin mağazasındakı seyfə qoyulur, seyfin açarı isə valyutadəyişmə məntəqəsində saxlanılılırdı. 13 iyul 2011-ci ildə qolum gipsdə olduğu üçün valyutadəyişmə mənətəqəsində hesabatı Əli ilə şərikim Rafiq aparırdı”. 

“Əli ilə birlikdə işə gəlmişdik...”

“Nəticədə 5 min manat pulun olduğu məlum oldu. Həmin pulun çox hissəsini Əli apararaq Eminin mağazasına qoydu. Sonra Rafiq işi olduğu üçün işə gec gələcəyini bildirdi və hər kəs öz evinə getdi. Məntəqədə pul saxlamaq üçün dəmir seyf olub, həmin seyfin açarlarından biri məndə, digəri isə şəriki Rafiqdə olub. Sonralar isə açarların birini də Əliyə vermişdik. 14 iyul 2011-ci ildə Əli ilə birlikdə işə getdik. Təxminən saat 08 radələrində işə çataraq valyuta dəyişmə məntəqəsinin qapısını açıb içəri daxil olduq. Əli seyfi açaraq orada olan pulları götürdü və məntəqədə olan masanın siyirməsinə qoydu. Mən divanda əyləşdim, Əli isə pul dəyişmək üçün yaxınlaşan müştəriləri yola saldı. Müştəriləri yola saldıqdan sonra Əli çay dəmlədi, mənsə məntəqənin yanından keçən şirniyyat satan oğlandan 3 ədəd şirin çörək aldım. Bir neçə dəqiqədən sonra geri qayıdaraq təxminən valyuta dəyişmə məntəqəsindən 20 metr aralıda yerləşən qutab bişirən qadınların yanına yaxınlaşdıqda arxadan güclü səs eşitdim. Geri dönərkən valyutadəyişmə məntəqəsində qaynı Əlinin kiminləsə dalaşdığını hiss etdim. Məntəqəyə çatanda qapının açıq olduğunu və içəridə Əlini kresloda əyləşərək əli ilə qarın nahiyyəsindən tutduğunu gördüm”. 

“Qaynım yolda keçindi”

“Üzündə qara rəngli maska olan şəxs əlindəki tapançanı mənə sarı tuşladı. Həmin şəxsdən pulları götürüb getməsini, lakin uşaqla işi olmamasını bildirdim. Həmin şəxs əl ataraq siyirmədəki pulları əlindəki sellofana yığaraq məntəqədən çıxdı və sol tərəfə qaçaraq oradan uzaqlaşdı. Sağ əlim gipsdə olduğu üçün həmin şəxsə heç bir müqavimət göstərə bilməmişəm. Hadisə yerinə çoxsaylı şəxslər yığılmışdı. Qaynımı təcili yardım maşını ilə xəstəxanaya apararkən sonuncu yolda vəfat etdi. Valyutadəyişmə məntəqəsindən 17.000 manata yaxın pulun oğurlandığını, təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini məhkəmədən xahiş edirəm”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Arzuman Bəşirov 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalan 10 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hacı Zeynalov

 

Bizə qoşulun