Medianews.az
BƏXTİYAR HACIYEVDƏN EMİN MİLLİYƏ SƏRT SÖZLƏR
161 baxış

BƏXTİYAR HACIYEVDƏN EMİN MİLLİYƏ SƏRT SÖZLƏR

Bəxtiyar Hacıyev: “Çox təəssüf ki, çoxu seçkidə İlham Əliyevdən sonra ikinci olmaq uğrunda mübarizə aparır”
“Vahid namizədlə seçkiyə gedilməsə...”

Müsahibimiz keçmiş vicdan məhbusu, gənc fəal Bəxtiyar Hacıyevdir. Onunla gündəmin mövzuları, müxalifətin seçki perspektivləri, blogger Emin Milli ilə arasında yaranmış söz dueli və digər məsələlər barədə söhbətləşdik.

Bəxtiyar bəy əvvəlcə İctimai Palata haqda facebook səhifəsində yazdığı statusa aydınlıq gətirdi: “Yazmışdım ki, unutqan cəmiyyətimiz var. Elşad Abdullayev on minlərlə tələbədən milyonlarla dollar rüşvət toplayır, rüşvət verir. Amma bu gün 3-4 video buraxan kimi, İctimai Palata liderləri də daxil olmaqla, onun adı çıxışların əsas sözü olur. Amma hələ İP liderlərinin çıxışlarında Abdullayevin əleyhinə bir söz eşitmədim. Bu, sadəcə, özümə sual idi ki, doğrudanmı dünənə kimi yaramaz əməlləri olanlar bu gün hər hansı addım atanda onun keçmişdəki hərəkətlərinə göz yummaq olar? Və yaxud nazir oğlu Anar Məmmədov Xocalı qətliamı ilə bağlı xaricdə lobbiçilik edir, milyonlar xərcləyir. Çoxları onu vətənpərvər elan edir, amma kimsə soruşmur o pulları necə qazanıb? Yəni, fikrimcə bu cür məsələlər ortaya qoyulmalıdır, müzakirə olunmalıdır”.

- Ancaq xaricdə təhsil alan, müstəqil fikirli gənclərdən gözləntilər başqaydı. Yəni, facebookda mübahisə aparmaqdansa, əməli fəaliyyət faydalı olardı.

- Sualınızın qoyuluşu ilə razı deyiləm. Bu o demək deyil ki, heç bir iş görmürük. Bizim “Müsbət Dəyişikliklər” təşkilatı bir sıra layihələr həyata keçirir. Məsələn, Yasamal rayon ərazisində seçicilərə hüquqi yardım göstəririk. Ancaq facebookda müzakirələr aparmaq, fərqli fikirlər söyləmək faydasız iş deyil. Bizim yazdıqlarımızla cəmiyyətin yanaşması, fikirləri dəyişir. 20 il əvvəl bir cür düşünürdülərsə, indi dəyişiklik var. Belə müzakirələr olmalıdır, mən Amerikada təhsil alanda da auditoriyada diskussiyalar aparılırdı. Eyni zamanda təşkilat olaraq insanlara yardım edirik. Mən 2010-cu ildə deputat seçilsəydim insanlara daha çox kömək etmək olardı. Amma seçilmədimsə, bu, mandat qazanmaq üçün deyildi. Yenə də hüquqi yardım edirik. 

- Emin Milli ilə aranızda nə baş verir, siz onun Elçibəy haqda dediklərini bölüşürsünüzmü?

- Əvvəla öyrənmək lazımdır ki, Emin həmin məktubu haradan üzə çıxarıb. Doğrudur, hər kəs  tanınmış şəxslərin barəsində araşdırma apara bilər. Ancaq onun Elçibəy haqda fikirlərinin əleyhinəyəm. Onun yazısında sual yox, mövqe var. Hansısa qəzet yazısından nəticə çıxarıb Elçibəy haqda belə danışmaq düzgün deyil. Milyonların dəyər verdiyi, qəbul etdiyi şəxs haqda belə söz deməyi qəbul etmirəm. Mən 14 saylı cəzaçəkmə müəssisəsində olanda yerimi dəyişmək istəyirdim. Onda mənə dedilər ki, burada Elçibəy yatıb. Bunun mənəvi yükünü daşıyırdım. Elçibəyin şəxsiyyətini şübhə altına qoymaq doğru addım deyildi. Şəxsi maraqlarından imtina edib xalq üçün çalışıb. Səhvlərini müzakirə etmək olar.  Ümumiyyətlə, Emin Milli kənara çəkilib işi ilə məşğul olsa yaxşıdır. Nə dediyinin fərqində deyil. Mən ona sual vermişəm ki, əgər şəxsiyyətləri yox, dəyərləri təbliğ ediriksə, niyə Rəsulzadəyə, Elçibəyə heykəl qoyulmamasına görə etiraz aksiyalarında iştirak edirdi? İndi məni “mağara təfəkkürlü” adlandırır. Mən ondan fərqli olaraq mövqe qoyub “İsa Qəmbər getməlidir”, “Elçibəy lider olmayıb” deməmişəm, sadə bir sual vermişəm.

- Yeri gəlmişkən, İsa Qəmbər seçkilərdə iştirak qərarı verib. Sizcə, müxalifət üçün çıxış yolu nədədir?

- Həbsdə olanda məktub yazmışdım və xəyali bir dövləti təsvir etmişdim. Qeyd etmişdim ki, praymeriz yolu ilə vahid namizəd məsələsini həll etmək olar. İnsanlara nə qədər çox seçim qoyanda, onların qərar vermək imkanları çətinləşir. Məsələn, böyük marketdə fırça almaq istəyirsən, amma müxtəlif çeşidli fırçalar var və sən seçim etməkdə çətinlik çəkirsən. Çoxlu namizədlə seçkiyə getmək də belədir. Seçici kimə səs verəcəyinə qərara verə bilmir. İctimai Palata daxilində seçki keçirilə bilərdi. Ancaq indi hərə öz namizədini irəli sürəcək. İqtidarın namizədinə qarşı bir neçə namizəd olacaq. Bu zaman da səslər parçalanacaq. Vahid namizəd daha uyğun olardı. Boykot isə ümumiyyətlə, effekt vermir. Ən azı seçkidə iştirakla insanları maarifləndirə, aktivləşdirə bilərsən. 2008-ci ildə müxalifət böyük səhvə yol verib boykot taktikasını seçdi.

- Bəs niyə vahid namizəd məsələsi həllini tapmır?

- Məncə, hansısa lider ilkin seçkidə uduzaraq tərəfdarlarını məyus etmək istəmir. Bu emosionallıqdır. Rasional düşünsək, 5 namizədlə pərakəndə şəkildə seçkiyə getməkdənsə vahid namizəd daha düzgündür. Sonra güzəştə gedən potensial namizəd baş nazir, administrasiya rəhbəri də ola bilər. Ancaq bizdə hamı ən yüksək postu istəyir. Çox təəssüf ki, çoxu seçkidə İlham Əliyevdən sonra ikinci olmaq uğrunda mübarizə aparır. Bu məni məyus edir ki, birincilik deyil, ikincilik uğrunda mübarizə aparılır. Fikrimcə, vahid namizədlə seçkiyə gedilməsə narazıları birləşdirmək mümkün olmayacaq. Beynəlxalq rəyə də təsir edəcək.

musavat.com

Bizə qoşulun