Biz yazanda ki, bu ölkədə ciddi ədalətsizlik var, biri “düz yazırsınız” deyəndə, ikisi dodaq büzürdü, üçü də “mənə dəxli yoxdur” deyirdi. Hətta olurdu ki, bizi məhkəməyə verirdilər, hakimlərdən biri də götürüb yekə bir cərimə kəsirdi.
İndi məhz o hakimlərdən biri belə deyir: “5 milyon aldılar, Zülfüqarov qardaşlarını mənə tutdurdular, 20 gündən sonra bir də aldılar, bir də buraxdırdılar. Denən ki, 5 qəpik mənə verdilər?”
Əlbəttə, bu böyük haqsızlıqdır. Belə ədalətsizliyin analoqu, bəlkə heç Nigeriyada da yoxdur. Axtarsaq, məlum olar ki, orada hakim Mbutunu əliyə tutulmuş Okoça qardaşlarından alınmış 5 milyondan ən azı 10 faizini qaytarıb yazıq Mbutuya veriblər ki, onun da balaları var, onlar da Avropa ölkələrində oxumaq, cip sürmək, Malyorkada dincəlmək, məşuqə saxlamaq, özəl villa tikdirmək istəyirlər.
Bizdə isə gördüyünüz kimi, 5 milyondan hakimə 5 qəpik pul çatmayıb. Femidaya yaraşan durumdurmu bu? Axı hər şey onun qoluyla, qərarıyla həll olunur. Adama deyərlər, vicdansız, yeri gəlsə, məsuliyyət mənim boynumdadır, sabah dövran dəyişsə, sən qaçıb aradan çıxacaqsan, amma 5 milyonu əllərindən alınmış qardaşlar Avropa İnsan Haqları Məhkəməsinə məni verəcəklər, halbuki o 5 milyondan mənə 5 qəpik də çatmayıb.
Ədalətli bölgü olmayan yerdə xeyir-bərəkət ola bilməz. Əslində Zülfüqarlı qardaşlarının 5 milyonu ədalətli şəkildə bölünməliydi. Söz yox, məbləğin tən yarısı mütləq qardaşları sifariş edənə, dolaşdırana çatmalıdır. Buna heç kim bir söz demir. Ruslar bu bölgüyə “lvinaya dolya”, yəni aslan payı deyirlər. Şikarı kim ovlayırsa, birinci o doymalıdır.
Sonra əlbəttə, şikarın böyür-başını kəsənlərə, torbasını tikənlərə də pay çatmalıdır. Bunlara da “quzğun payı”, “çaqqal payı” adı qoymaq olar. Cəngəllik qanunlarına görə, leşin aslanların, qaplanların ağzından artıq qalan qırıq-qurtuqları məhz onlara çatır və bu, onlara artıqlaması ilə bəs edir. Bu qırım-qırtıqlar çaqqallara öz övladlarını dolandırmağa, qonşu talalarda saxladıqları ikinci arvada pay aparmağa, cəngəlliyin ən yaxşı yerində kaha, zağa düzəltdirməyə və sairə yetir.
Ancaq aslanlar “hamısı mənim” deyib, bütün leşi özlərinə götürəndə, əlbəttə ki, bu, narazılığa səbəb olur. Bunu, yuxarıda dediyimiz kimi, heç Nigeriyadakı Mbutu götürməz, gedib öz dərdini, problemini NBA-nın (Nigeriya Beynəlxalq Akademiyası) professoru Elşuabdeyə danışar. O da səsini səs, görünütüsünü görüntü kimi yazar, saxlayar ki, birdən nə vaxtsa lazım oldu.
Halbuki bölgü ədalətli olsaydı, torba tikən rəislərin, prokurorların, hakimlərin, eləcə də onların əlinin altındakı digər toxucu-tikicilərin pulu vaxtında və artıqlaması ilə çatsaydı, belə xoşagəlməz söhbətlər ortaya çıxmazdı. Başqa işlərdə necə olursa, bu 5 milyon məsələsində də elə olmalıydı. Yoxsa tamahı Zülfüqar qılıncından iti olan kimlərsə Zülfüqarlı qardaşlarının 5 milyonunun 5-ni də alıb qoyub cibinə. Bununla o, çox ağır günah edib, dövlətçiliyə zidd hərəkətə yol verib, onun əsaslarını sarsıdıb.
Klassik bir ifadəyə görə, var-dövlətçilik iki halda sarsılır: 1) adamı 5 milyon qazanmağa qoyursan, amma tutub əlindən almırsan; 2) adamdan 5 milyonu basmarlayıb alırsan, amma heç kimlə bölmürsən.
Media və ictimaiyyət belə hadisələrə biganə qala bilməz. Qeyri-hökumət təşkilatları bir araya gəlib bu məsələni müzakirə etməli, ədalətsizliyin aradan qaldırılması üçün çabalar göstərməlidirlər. Hüquq müdafiə təşkilatları haqsızlığa məruz qalmış, halal haqqı kəsilmiş, 5 milyondan beş qəpik (yəni azı 50 min manat) qabağa düşə bilməmiş hakimin hüquqlarını müdafiə komitəsi yaratmalıdırlar. Lazım gəlsə, bu iş Avropa İnsan Haqları Məhkəməsinə çıxarılmalıdır.
Yetər bunca ədalətsizlik! Hakimlərin halal payları özlərinə çatdırılsın!
İndi gələk Zülfüqarlı qardaşlarının yanına. Əslində bizim onların yanında nə işimiz var? Hərəsi bir tərəfdədir, gah tutulurlar, gah buraxılırlar, gah mühacirət, gah müraciət edirlər. Bizim 5 milyonumuz yoxdur, tutulsaq, əlli-ayaqlı gedərik.
Bizim beş milyonumuz olsa, beş dənə mandat alıb deputat olardıq, Strasburq sənin, Brüssel mənim, London onun, gəzərdik.