Medianews.az
İRANLA VİZASIZ GEDİŞ-GƏLİŞİN LƏĞVİNİN SİRRİ
150 baxış

İRANLA VİZASIZ GEDİŞ-GƏLİŞİN LƏĞVİNİN SİRRİ

Tibb mafiyası və məmur-oliqarxlar vətəndaşların ucuz və keyfiyyətli müalicə, ərzaq üçün qonşu ölkəyə getməsinin qarşısını aldılar.

Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclasında xalqa böyük pislik kimi qiymətləndirilən qərar qəbul olunub. Belə ki, parlament “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında” Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında qanununun layihəsini təsdiqləyib.

Həmçinin “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında” Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında qanununun layihəsi də təsdiqlənib.

 


Bu o deməkdir ki, artıq Azərbaycan vətəndaşlarının İrana vizasız gediş-gəlişi mümkün olmayacaq. Vizasız gediş-gəlişin ləğvinin çox ilginc səbəbləri varmış. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, İranla vizasız gediş-gəlişin ləğvində tibb mafiyası və Azərbaycan iqtisadiyyatını iflic edən məmur-oliqarxlar maraqlı olublar: “Onlar uzun zamandır buna çalışırdılar. Səbəb də odur ki, son illərdə Azərbaycan vətəndaşları müalicə üçün əsasən İrana axışırdılar. Hər il müalicə üçün İrana azı 200-300 min nəfər Azərbaycan vətəndaşı gedirdi. Əsasən cənub zonasında, Mərkəzi Aran rayonlarında yaşayan insanlar qonşu ölkəyə üz tutudular. Çünki İranda müayinə və müalicə, habelə dava-dərman Azərbaycandan qat-qat ucuzdur, həmçinin keyfiyyətlidir.

Həmçinin, Bakıda həyata keçirilməsi mümkün olmayan, yaxud fantastik şəkildə baha başa gələn cərrahiyyə əməliyyatlarını İranda münasib qiymətə edirlər. Bundan başqa, Mərkəzi Aran rayonlarında, cənub bölgəsində, Naxçıvanda yaşayan insanların Təbrizə getməsi üçün tələb olunan yolpulu da, məsələn, Gəncədən Bakıya gəlməklə müqayisədə 20-30 faiz ucuzdur. Bir adamı Biləsuvardan Təbrizə Azərbaycan manatı ilə 8 manata aparırlar. Bu səbəblərdən, ən əsası da effektli müalicə üçün Azərbaycan vətəndaşlarını İrana axışırdılar. Bu isə Bakıda və digər yerlərdə özəl klinikalar açan məmur-oliqarxlara, eyni zamanda dərman mafiyasına sərf etmirdi. Təsəvvür edin ki, hər il 200-300 min adam məmur oliqarxların soyğunçu, yanlış diaqnoz qoyan klinikalarına, ondan da geridə qalmayan dövlət xəstəxanalarına deyil, İrana üz tuturdu. Bu isə tibb mafiyasının milyonlarla manat itirməsi demək idi”.

 


Qaynaq qeyd edib ki, İranla vizasız rejimin ləğvində ölkəyə mal idxalı ilə məşğul olan azərbaycanlı monopolist məmurlar, o cümlədən Naxçıvan MR-in Ali Məclisinin sədri xüsusi maraqlı olublar: “Cənub bölgəsinin, Naxçıvanın əhalisi bazarlığı sərhəddi keçib İrandan edirdi. Təxminən ölkənin 200-300 min əhalisi də ərzağı qonşu ölkədən alıb. Çünki Azərbaycanla müqayisədə cəmi 2 kilometr məsafədə - sərhədin o tayındakı İrana aid bazarlarda ərzaq və qeyri-ərzaq malları Azərbaycan bazarlarından 2-3 dəfə ucuzdur. Məsələn, İranda 1-2 manat civarında olan toyuq əti burada 2-4 manat civarındadır, orada 1 manata olan banan burada 2,5 manata, kərə yağı 2-3 manat arasında, düyü bizim pulla 50 qəpik - 1 manat civarındadır. Azərbaycanlılar vizasız gediş-gəlişdən ciddi şəkildə bəhrələnərək, kasıbçılıq üzündən ucuz İran bazarlarına üz tuturdular. Bu isə inhisarçı məmur-oliqarxların marağına uyğun deyildi. Odur ki, məmur-oliqarxlar vizasız rejimi aradan qaldırdılar. Bundan sonra cənub bölgəsində, Naxçıvanda yaşayan onsuz da kasıb əhalinin güzəranı daha da pisləşəcək”.

 

musavat.com

Bizə qoşulun