Medianews.az
ABŞ-ın AZƏRBAYCANDA “MƏRHƏLƏLİ DEMOKRATİYA” İSRARI
156 baxış

ABŞ-ın AZƏRBAYCANDA “MƏRHƏLƏLİ DEMOKRATİYA” İSRARI

Qərblə iqtidar arasında Türkiyə üzərindən siyasi anlaşma
Bakıdakı diplomatik qaynaqlardan bildirildiyinə görə, bu fəaliyyət planı 2013 seçkiləri ilə işə düşməlidir; iqtidar ilk dəfə islahatlar planına razılaşıb; Qərb inqilabi situasiyanın yaranmasında və vətəndaş cəmiyyətinin prosesə fəal müdaxiləsində maraqlı deyil

Azərbaycan hakimiyyəti ilə Qərb arasında “mərhələli demokratiya” anlaşması əldə edilib. Bu barədə “Yeni Müsavat”a Bakıdakı diplomatik qaynaqlardan məlum olub. Bakıdakı Qərb diplomatının bildirdiyinə görə, söhbət 2013-cü il seçkiləri ilə başlayacaq siyasi dəyişikliklər planından gedir.

Həmin mənbə deyib ki, ABŞ və digər demokratiya paytaxtları Azərbaycan hakimiyyətindən 2013 seçkilərinə qədər ciddi dəyişiklik tələb etmir. “Çünki bilirik ki, bu mümkün olmayacaq” - deyə mənbə bildirib.

 


Xəbərə görə, prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, ABŞ Azərbaycanda “mərhələli demokratiya” konsepsiyasının həyata keçirilməsində israrlıdır. Həmin konsepsiyaya görə, 2013-cü il seçkilərində müxalifətin əsas namizədinin 25-30 faiz səs topladığı etiraf olunacaq. Bu göstəricilər 2014-cü il bələdiyyə seçkilərində və 2015-ci il parlament seçkilərinin nəticələrində də özünü əks etdirəcək. Şübhəsiz ki, seçkilərin bu cür nəticələrinin rəsmi təsdiq edilməsi müəyyən siyasi yumşalma meylləri və seçki qanunvericiliyində islahatlarla da müşayiət oluna bilər.

 


Diplomat onu da deyib ki, hazırda Qərb Azərbaycanda vətəndaş cəmiyyətinin siyasi proseslərə fəal şəkildə cəlb olunmasında maraqlı deyil. Çünki ölkədə narazılıq kifayət qədər yüksəkdir və belə müdaxilə inqilabi situasiyanın yaranmasına, nəticədə proseslərin idarəolunmaz xarakter almasına gətirib çıxara bilər.

Həmçinin ortada İran və Rusiya amili də var. Qərbdə hesablayırlar ki, Azərbaycanda ərəb ölkələrindəki kimi proseslər başlasa, İran və Rusiya bunu asanlıqla öz maraqları istiqamətində yönəldə bilər.

 


Bildirilir ki, Qərb son layihədə, yəni Azərbaycanda “mərhələli demokratiya” konsepsiyası əsasında siyasi islahatların həyata keçirilməsi məsələsində Türkiyə ilə ortaq hərəkət edir. Belə ki, bununla bağlı bütün proses Türkiyə üzərindən aparılır. Bu da təəccüblü deyil. Çünki ABŞ və digər iri Qərb dövlətlərinin Yaxın Şərq regionundakı proseslərə müdaxilədə əsas tərəfdaşları Türkiyədir. Məlumatlarda qeyd olunur ki, Azərbaycanla Türkiyə hakimiyyətləri arasında bir vaxtlar xeyli soyuyan münasibətlər hazırda normallaşıb. Türkiyə rəhbərliyi Azərbaycan rəhbərliyini inandıra bilib ki, dünyada, regionda gedən proseslər nəzərə alınaraq mərhələli islahatların həyata keçirilməsi konsepsiyasını qəbul etmək ən doğru yoldur. Nəticədə Azərbaycan iqtidarı öz tarixində ilk dəfə Qərbin layihəsini qəbul etməyə razılaşıb. Həmin layihə əsasında 2013-2015-ci illər ərzində Azərbaycanda indiki vəziyyətlə müqayisədə ciddi dəyişikliklərin olacağı gözlənilir.

 


Mənbənin bildirdiyinə görə, ortada yeganə mübahisəli məsələ odur ki, hakimiyyət müxalifət olaraq kimləri qəbul edəcək. Qərb bu islahatlarda tərəf kimi müxalifətin yeni formatda birliyinin olmasında maraqlıdır. Söhbət Xalq Cəbhəsi, Müsavat, Ümid, Xalq, Demokrat, Milli İstiqlal və digər partiyaların formalaşdıra biləcəyi yeni koalisiyadan gedir. Maraqlıdır ki, İctimai Palata formatı layihədə öz əksini tapmayıb. Hakimiyyət isə prinsipcə bu varianta qarşı deyil, lakin israrla ona nail olmağa çalışır ki, AXCP və Müsavat həmin formatdan ümumiyyətlə kənarda qalsın.

 


Lakin vəziyyət dəyişə də bilər. Bir şərtlə ki, müxalifət vətəndaş cəmiyyətinin fəallaşmasına nail olsun. Bu zaman vəziyyət və qüvvələr nisbəti Qərbin planları da dəyişəcək.

 


Bu məlumatlar Qərb dairələrinin hakimiyyətlə təmaslarında neçə vaxtdır başlıca müzakirə mövzularından biridir. Ancaq bu da faktdır ki, Qərb dairələri Azərbaycan hakimiyyəti ilə təkcə bu cür yumşaq dildə danışmırlar, ona qarşı təzyiqlərin də artdığı məlumdur. Hakimiyyət düşərgəsinə bağlı qaynaqların fikrincə, bu təzyiqlər, beynəlxalq statuslu media quruluşlarında ifşa xarakterli yazıların getməsi, həmçinin İsraillə gizli sövdələşmələrin bir-birinin ardınca mediaya sızdırılması əsasən ona yönəlib ki, Azərbaycanın İranla, Rusiya ilə əlaqələri daha da korlansın. Nəticədə hakimiyyət Qərbə daha çox sığınmağa məcbur olsun.

 


Digər tərəfdən, Rusiya də bu meylləri sezməmiş deyil və öz planlarını qurur. Çünki Azərbaycan iqtidarına qarşı şimal istiqamətindən də təzyiqlərin başlaması ortadadır. Rəsmi mediada gedən və Prezident Administrasiyasındakı müzakirələri əks etdirən yazılarda isə hətta iddia olunur ki, Azərbaycana qarşı təzyiqlərdə Qərblə Rusiya ortaq hərəkət edir.

 

musavat.com

Bizə qoşulun